AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Elmmetrik bazalar və Süni intellekt

20.05.2026

20 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda “Elmmetrik bazalar və Süni intellekt” mövzusunda hibrid formatlı seminar keçirilib.

Seminarın əsas məqsədi elmi fəaliyyətin rəqəmsallaşması prosesində elmmetrik bazaların rolu, beynəlxalq elmi platformalarda tədqiqatçı profillərinin düzgün formalaşdırılması, elmi əsərlərin indeksləşdirilməsi və süni intellekt texnologiyalarının müasir elmi mühitə inteqrasiyası məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması olub.

Tədbiri giriş sözü ilə İnstitutun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq institut əməkdaşlarının elmmetrik bazalarda mövcud profillərinin cari vəziyyəti, ən çox rast gəlinən texniki və metodoloji problemlər, eləcə də bu sahədə qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. O bildirib ki, müasir elmi fəaliyyət artıq yalnız tədqiqat aparmaqla məhdudlaşmır, eyni zamanda həmin elmi fəaliyyətin beynəlxalq rəqəmsal platformalarda düzgün təqdim olunması da mühüm əhəmiyyət daşıyır.

İlqar Niftəliyev çıxışında elmmetrik bazaların elmi fəaliyyətin görünürlüğünün artırılması, beynəlxalq akademik əlaqələrin genişləndirilməsi və elmi nəticələrin daha geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. O, belə seminarların həm institut əməkdaşları, həm də elmi ictimaiyyət üçün faydalı olduğunu qeyd edərək tədbirlərin gələcəkdə silsilə şəklində davam etdiriləcəyini diqqətə çatdırıb.

Seminarın məruzəçisi İnstitutun “Rəqəmsal tarix-etnologiya və süni intellekt” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Camalova “Elmmetrik bazalar: rəqəmsallaşma və Süni intellekt (ORCID, Google Scholar, ResearchGate)” mövzusunda geniş təqdimatla çıxış edərək ilk növbədə elmmetrik bazaların mahiyyəti, funksiyaları və müasir elmi sistemdə tutduğu yer haqqında ümumi məlumat verib. Məruzədə süni intellekt texnologiyalarının elmi platformalara inteqrasiyası, məlumatların avtomatik emalı, müəllif identifikasiyası və elmi fəaliyyətin rəqəmsal idarə olunması istiqamətində yeni yanaşmalar ətraflı şəkildə izah olunub.

Seminar çərçivəsində institutun müxtəlif şöbələrinin əməkdaşları, eləcə də rəqəmsallaşma istiqamətində təyin edilmiş koordinatorlar həm əyani, həm də onlayn formatda fəal iştirak edərək qarşılaşdıqları praktiki çətinliklər, profil idarəçiliyi, indeksləşmə problemləri və beynəlxalq platformalarda görünürlük məsələləri ilə bağlı suallar ünvanlayıblar. Suallar ətrafında geniş elmi diskussiya və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbirin elmi fəaliyyətin rəqəmsal transformasiyası istiqamətində mühüm addımlardan biri olduğu qeyd edilib.

 


Paylaş: