03.07.2026 15:26
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri t.e.d. Ədalət Qasımovun Danimarkada nəşr olunan "Journal of Law and Political Sciences" jurnalında "HEYDAR ALIYEV AND THE SOVIET POLITICAL
ELITE: AN ANALYSIS OF HIS LEADERSHIP AND
ADMINISTRATIVE INFLUENCE WITHIN THE
POLITBURO AND GOVERNMENT OF THE USSR"adlı məqaləsi dərc olunmuşdur.
Məqalədə zəmanəmizin görkəmli şəxsiyyətlərindən biri, uzun müddət Azərbaycan SSR-ə, sonra isə müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyevin SSRİ ali rəhbərliyində təmsil olduğu dövrdə siyasi fəaliyyəti təhlil olunur. Göstərilir ki, Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSR-ə başçılıq etmiş, bu müddət ərzində onun rəhbərliyi altında respublika sosial-iqtisadi, mədəni-mənəvi inkişaf göstəricilərinə görə SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrilmişdir. Rəhbərlik qabiliyyətinə, təşkilatçılıq bacarığına, şəxsi keyfiyyətlərinə görə Heydər Əliyev 1982-ci ildə Sovet dövlətinin ali kollektiv orqanı olan Siyasi Büroya üzv seçilmiş, SSRİ Hökumətinin – Nazirlər Sovetinin sədrinin I müavini təyin edilmişdir. SSRİ-nin tarixində ən mürəkkəb dövrlərdən biri olmuş 1982-1987-ci illər sovet rəhbərliyində təmsil olunmuş Heydər Əliyev öz fəaliyyəti ilə həm sovet xalqları arasında, həm də dünya ictimaiyyətində görkəmli liderlərdən biri kimi tanınmışdı. Qeyd olunur ki, iflas ərəfəsində olan Sovet dövlətini böhrandan qurtarmaq üçün həyata keçirilmiş bir çox tədbirlərin təşəbbüskarı və təşkilatçısı məhz Heydər Əliyev olmuşdur. Onun təşkilatçılıq bacarığını və işgüzarlığını nəzərə alaraq Sovet dövlətinin bir çox iqtisadi, sosial, mədəni sahələrinə ümumi rəhbərlik ona tapşırılmış, SSRİ-nin ən böyük iqtisadi layihələrindən olan Baykal-Amur dəmir yolunun tikintisi onun rəhbərliyi altında davam etdirilmişdi. Məqalədə həmçinin Heydər Əliyevin SSRİ-nin o zamankı sovet rəhbərləri, xüsusən M.Qorbaçovla qarşılıqlı münasibətlərindən də bəhs edilir.
https://drive.google.com/.../1BqBfokR1QhUjOsrzrO.../view