30.06.2026 11:32
29 iyun 2026-cı il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Amerika Birləşmiş Ştatlarının yaranmasının 250 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə Tarix və Etnologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq ABŞ-ın yaranmasının təkcə Amerika tarixində deyil, dünya siyasi tarixində də dönüş nöqtəsi olduğunu bildirdi. O dedi ki, ABŞ-ın müstəqillik uğrunda mübarizəsi beynəlxalq münasibətlər sisteminin formalaşmasına mühüm təsir göstərib və bu gün də dünya siyasətində xüsusi yer tutur. Direktor müavini İlqar Niftəliyev belə elmi tədbirlərin tarixi hadisələrin obyektiv öyrənilməsi, eləcə də beynəlxalq münasibətlər tarixinin araşdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.
Konfransda müxtəlif mövzularda elmi məruzələr dinlənildi. Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “Amerika Birləşmiş Ştatları və dünya nizamı: müstəqillikdən qlobal liderliyə qədər” mövzusunda çıxış etdi. Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Əhmədov “Azərbaycanlıların ABŞ-a emiqrasiyası tarixindən”, Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin elmi işçisi Yaqut Məmmədova “Azərbaycan Respublikası ilə ABŞ arasında münasibətlərin yaranma tarixindən”, Dünya tarixi şöbəsinin elmi işçisi Səidə Kazımova “ABŞ-da lobbi təşkilatının yeri və rolu” mövzusunda məruzə ilə çıxış etdilər.
Konfrans iştirakçıları mövzular ətrafında geniş fikir mübadiləsi apardılar, ABŞ-ın dünya tarixindəki rolu, Azərbaycan–ABŞ münasibətlərinin inkişaf mərhələləri və bu sahədə perspektivdə duran elmi tədqiqatlar istiqamətləri müzakirə olundu.
___________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir