25.06.2026 10:47
24 iyun 2026 - cı il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Milli Ordusunun yaranmasının 108-ci ildönümünə həsr olunmuş “Azərbaycan Milli Ordusu-108: İstiqlalın və dövlətçiliyin dayağı” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev qədim və orta əsr Azərbaycan dövlətlərinin ordu quruculuğundan, Çar Rusiyası, keçmiş sovetlər dönəmində azərbaycanlıların hərbi xidmət keçməsi, İkinci dünya müharibəsi illərində azərbaycanlıların iştirakı, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Qarabağ müharibəsinin gedişində ordu quruculuğu, 44 günlük Vətən müharibəsinin nəticələri, əsgər və zabitlərimizin qəhrəmanlığından danışdı. Direktor müavini bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz müasir hərb tarixini döyüş meydanında yazdı. Tarix elmləri doktoru İlqar Niftəliyev Azərbaycan ordusunun ərazi bütövlüyümüzün bərpa olunmasında, milli dövlətçiliyimizin qorunub saxlanılmasında rolundan danışdı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən hərbi əməliyyatlar ilə 44 günlük Vətən müharibəsinin, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatının gedişi ilə müqayisələr apardı.
Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov “Milli Ordunun yaradılması – Azərbaycan dövlətçiliyinin mühüm amili kimi” mövzusunda çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun formalaşdırılması istiqamətində görülən işlərdən danışdı, Cümhuriyyət ordusunun 1918-ci ilin iyun ayından 1920-ci ilin aprel ayınadək apardığı hərbi əməliyyatlar, Qafqaz İslam Ordusunun Bakının azad edilməsində rolu və s. haqqında fikirlərini çatdırdı.
Aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Azərbaycan Cümhuriyyəti ordusunda ideoloji işin təşkili” mövzusunda məruzə ilə çıxış edərək milli hərbi düşüncənin və vətənpərvərlik ruhunun orduda formalaşdırılması məsələlərinə toxundu.
Böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Şəmkir hadisələri Azərbaycan Milli Ordu hissələrinin təşəkkül tapması prosesində mühüm mərhələ kimi” mövzusunda məruzə ilə çıxış etdi, bu hadisələrin milli hərbi hissələrin yaradılmasında əhəmiyyətini diqqətə çatdırdı.
Tədbirdə Qafqaz tarixi şöbəsinin müdiri,tarix elmləri doktoru, professor Qasım Hacıyev, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Vaqif Abışov, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev çıxış edərək 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə təbriklərini çatdırdılar, bu günün Azərbaycan tarixində əhəmiyyəti, milli ordu quruculuğu, 44 günlük Vətən müharibəsi haqqında fikirlərini bölüşdülər.
____________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir