17.06.2026 21:28
17 iyun 2026-cı ildə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” adlı Beynəlxalq elmi konfrans keçirildi.
Konfransın açılışında Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dos. İlqar Niftəliyev, Dünya tarixi şöbəsinin müdiri, t.e.d., prof. İradə Bağırova, Qazaxıstan Elmlər Akademiyasının Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun Astana filialının Dövlət Komissiyasının fəaliyyətinə dəstək layihəsi ofisinin rəhbəri, “Qəhrəmanlar” Respublika İctimai Fondunun prezidenti, h.ü.f.d. Sabir Qasımov çıxış edərək Azərbaycan və Qazaxıstan arasında tarixi əlaqələrin, eləcə də milli dövlətçilik ənənələrinin araşdırılmasının əhəmiyyətindən danışdılar. Çıxışlarda beynəlxalq elmi konfrans Azərbaycan və Qazaxıstan arasında elmi-humanitar əməkdaşlığın daha da inkişafına xidmət edən mühüm platforma kimi dəyərləndirildi. O da vurğulandı ki, bu elmi forum Azərbaycan-Qazaxıstan akademik əməkdaşlığının inkişafında mühüm hadisə olmaqla yanaşı, hər iki ölkənin alimlərinin zəngin tarixi irsin birgə tədqiqinə və ortaq tarixi yaddaşın qorunmasına yönəlmiş səylərin parlaq nümunəsidir.
Kondransda Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “Azərbaycan və Qazaxıstanda milli dövlətlərin yaranması: ortaq və fərqli xüsusiyyətlər”. Qazaxıstanın Siyasi Repressiya Qurbanlarının Tam Reabilitasiyası üzrə Dövlət Komissiyasının fəaliyyətinə dəstək üzrə layihə ofisinin rəhbəri h.ü.f.d. Sabir Əhmədcanoviç Kasımov “Qazaxıstan milli dövlətçiliyinin dirçəlişi: Alaş muxtariyyətinin və Alaş-Orda hökumətinin yaradılması”, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, t.e.d., prof. Kamran İsmayılov “Azərbaycan Respublikasında parlamentarizmin yaranması (1918-1920), Lev Nikolayev Qumilyov adına Elmi-Tədqiqat Universitetinin “Alaş” Tədqiqat İnstitutunun direktoru, t.ü.f.d. Sultan Xan Akkululı “Alaş Orda (Alaş Respublikası): Ulus Cuçi ərazisində unitar dünyəvi parlament respublikasının qurulması təcrübəsi”, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Natiq Məmmədzadə “Azərbaycan Xalq Cümhuriyyəti və Alaş Ordada siyasi liderlik: müqayisəli təhlil”, C.H. Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun Astana filialının aparıcı elmi işçisi, t.ü.f.d, prof. Mukanova Gülnar Kayrolinovna “Alaş lideri Mustafa Şokayın Transxəzər Odisseyası: Bakıya səfər (fevral 1919) və Paris Sülh Konfransında türk xalqlarının inteqrasiyasının çətinlikləri”, L.N.Qumilyyev adına Universitetin nəzdində “El Tarix” tədqiqat mərkəzinin direktoru, t.ü.f.d. Sailaubay Yerlan Yernazaroviç Saylaubay “Alaş-Orda hökumətinin rus hərbi-siyasi qüvvələri ilə münasibətləri: tarixi təhlil”, C.H. Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun Astana filialının direktoru, t.ü.f.d. Sarsembina Kuralai Kuandıkkızı “Alaş Orda və Azərbaycan Demokratik Respublikası liderlərinin azadlıq yolundakı birgə mübarizəsi (1917–1920 -ci illər)”, Qazaxıstanın Tarix və Dövlət İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dos. Süleymenova Dametken Dosmuxanqızı “Alaş Ordanın Qərb bölməsinin yaradılmasında A. Bükeyxanovun fəaliyyəti”, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin böyük elmi işçisi, t.ü.d.f., dos. Aygün Əzimova “Türküstan Azərbaycanın dövri mətbuatında (1917-1920-ci illər)” mövzusunda çıxış etdilər, dövrü xarakterizə edən maraqlı faktlar açıqlandı, təhlillər aparıldı. Məruzələrdə Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda hökumətinin yaranması, parlamentarizmin təşəkkülü, siyasi liderlik, dövlətlərarası münasibətlər, Türküstan məsələsi və ortaq tarixi irs məsələləri geniş şəkildə müzakirə edildi. Çıxışlarda qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda XX əsrin əvvəllərində milli dirçəliş, demokratik inkişaf və dövlət müstəqilliyi ideyalarının təcəssümü kimi Azərbaycan və Qazaxıstanın tarixində xüsusi yer tutur. Bu dövlət qurumlarının tarixi təcrübəsi, görkəmli siyasi xadimlərinin fəaliyyəti, parlament institutlarının formalaşması və modernləşmə istiqamətində atdıqları addımlar bu gün də elmi aktuallığını qoruyub saxlayır.
Konfrans çərçivəsində Azərbaycan və Qazaxıstanın tarixçiləri milli dövlət quruculuğu tarixi, siyasi liderlik, dövlətlərarası əlaqələr və intellektual elitaların qarşılıqlı münasibətləri ilə bağlı geniş məsələlər dairəsini müzakirə etmək imkanı əldə etdilər. Ortaq tarixi irsin öyrənilməsinin xalqlarımız arasında humanitar və elmi əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı. Eyni zamanda, konfrans materiallarının çapının və əldə olunan nəticələrin tarix elminin inkişafına, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Alaş hərəkatının tarixinin daha dərindən araşdırılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.
__________________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir