AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Solmaz Qaşqay- 90

11.06.2026 10:13

10 iyun 2026-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan tarix elminin görkəmli nümayəndələrindən biri, Manna tarixinin tanınmış tədqiqatçısı Solmaz Qaşqayın anadan olmasının 90 illiyinə həsr edilmiş dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Solmaz Qaşqayın Azərbaycan tarix elminin inkişafında, qədim Azərbaycan dövlətçilik tarixinin öyrənilməsində xüsusi rol oynadığını bildirdi. Solmaz Qaşqayın zəngin elmi irsinin gələcək nəsillər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan İlqar Niftəliyev dedi ki, alimin Manna dövlətinin siyasi, iqtisadi və mədəni tarixinin araşdırılmasına həsr olunan fundamental tədqiqatları bu gün də öz aktuallığını qoruyur və tarixçilər üçün dəyərli mənbə sayılır. 
Tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyev “İzirtu və Şimerrihadir: Manna dövlətinin siyasi və dini mərkəzləri” mövzusunda çıxış edərək Manna dövlətinin əsas şəhərləri və onların tarixi əhəmiyyətindən danışdı.
Elmi işçi Həmid Quliyev “Qılzan: Qərbi Urmiya hövzəsinin son müstəqil siyasi qurumu” adlı məruzəsində regionun qədim siyasi tarixinin mühüm məqamlarına toxundu.
Tədbirdə uzun illər Solmaz Qaşqayla birgə işləmiş alimlər, tədqiqatçılar çıxış etdilər, görkəmli alimin yüksək insani keyfiyyətlərindən, elmə sonsuz bağlılığından və gənc tədqiqatçılara göstərdiyi qayğıdan söhbət açdılar. Çıxışçılar xatirələrini bölüşərək, vurğuladılar ki, Solmaz Qaşqay yalnız dəyərli alim kimi deyil, həm də səmimi, qayğıkeş və prinsipial insan kimi həmkarlarının yaddaşında dərin iz qoyub.
Dəyirmi masada Solmaz Qaşqayın Azərbaycan tarixinin qədim dövrlərinin araşdırılmasına verdiyi töhfələr, Manna dövlətinin tarixinin öyrənilməsi istiqamətində apardığı fundamental tədqiqatlar və elmi məktəbin formalaşmasındakı rolu xüsusi vurğulandı. Çıxışçılar Solmaz Qaşqayın Azərbaycan tarix elminə verdiyi misilsiz töhfələri yüksək qiymətləndirdilər, onun elmi irsinin gələcək nəsillər üçün qiymətli mənbə olduğunu bildirdilər.
__________

Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: