AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti”

09.06.2026 10:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı ildə imzaladığı sərəncama əsasən ölkəmizdə  böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi qeyd olunur. 

8 iyun 2026-cı il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Xaqani Şirvaninin yubileyinə həsr edilmiş “Xaqani Şirvani və onun dövrünün siyasi-mədəni mühiti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki yeri haqqında danışıb, onun zəngin irsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Direktor müavini bildirib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. 
Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri, akademik Nərgiz Axundova çıxış edərək Xaqani Şirvaninin Azərbaycan və Şərq ədəbi-mədəni fikrində tutduğu rolun əhəmiyyətinə diqqəti çəkib, onun yaradıcılığının bu gün də aktuallığını qoruyub saxladığını vurğulayıb. Qeyd edib ki, Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına güclü təsir göstərib, sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşıb, ondan bəhrələniblər.
Tədbirdə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Hürufi mətnlərində Xaqani Şirvaniyə münasibət”, Tarix və Etnologiya İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin böyük elmi işçisi Aydın Əlizadə “Xaqani Şirvaninin dövlət idarəçiliyinə baxışı”, həmin şöbənin doktorantı Xəzər Nəsibli “Xaqani Şirvaninin dövrü və fəaliyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Dəyirmi masa da Xaqani Şirvaninin yaradıcılığı, yaşadığı dövrün ictimai-siyasi və mədəni mühiti ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb. Çıxışçıların fikrincə, Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Müzakirələrdə bildirilib ki, zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası zəngin bədii irs yaradıb. Çıxışçılar qeyd ediblər ki, ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam isə Xaqani Şirvani irsinin səciyyəvi cəhətləridir.
_________________

Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: