14.05.2026 10:32
13 aprel 2026-cı il tarixində Müasir dövr etnologiyası şöbəsinin təşkilatçılığı ilə “Rəqəmsal texnologiyaların Azərbaycanın ənənəvi mədəniyyətinə təsiri: etnoloji baxış” adlı dəyirmi masa keçirilib.
Müasir dövr etnologiyası şöbəsinin müdiri, t.e.d., professor Nərgiz Quliyeva çıxışında rəqəmsal texnologiyaların tarixindən və müasir etnologiya elminin bu sahədəki fəaliyyət istiqamətindən bəhs edib. N.Quliyeva bildirib ki, müzakirəyə çıxarılan məsələ müasir dövrdə etnologiya elminin ən aktual tədqiqat problemlərindən biridir. Etnologiya elmi bu prosesə sadəcə texniki tərəqqi kimi deyil, xalqın məişətinin, adət-ənənələrin və sosial davranış modellərinin transformasiyası kimi yanaşır.
Müasir dövr etnologiyası şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Könül Əsədli “Mənəvi mədəniyyətin rəqəmsallaşdırılması texnologiyası: etnoloji baxış” mövzusunda çıxışında göstərib ki, rəqəmsallaşma texnologiyası maddi və qeyri-maddi mədəni irs sahəsində geniş həcmli məlumat istehsalını həyata keçirir. Bu rəqəmsallaşdırma etnoloji tədqiqatların intensivliyini artırmaqla yanaşı, ənənəvi maddi və qeyri-maddi mədəni irsin təbliğinə, tanıdılmasına müsbət təsir göstərir.
Tarixi etnologiya şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Nigar Coşkunsu “Regional nümunələr və rəqəmsal təsir” mövzusunda çıxış edərək bildirib ki, son illərdə ənənəvi peşə ustaları öz sənət əsərlərini sosial şəbəkələr və onlayn platformalar vasitəsilə sərgiləyirlər. Bu fəaliyyət ənənəvi sənət sahələrinin tanıdılmasına və iqtisadi baxımdan dəstəklənməsinə kömək edir.
Müasir dövr etnologiyası şöbəsinin əməkdaşı Vüsalə Əliyeva “Zaqatala mətbəx mədəniyyətinin rəqəmsal texnologiya ilə əlaqələndirilməsi” mövzusunda çıxışında deyib ki, rəqəmsal texnologiyadan istifadə etməklə Zaqatalaya aid yeməklərin reseptləri veb saytlar, mobil tətbiqlər, sosial platformaları vasitəsi ilə paylaşılır.
Dəyirmi masada maraq doğuran bir sıra suallar cavablandırılıb, rəqəmsallaşdırmanın etnologiya elminə təsiri, gələcək perspektivlərlə bağlı müzakirələr aparılıb.
_______________________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir