28.04.2026 11:16
27 aprel 2026-cı il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanın qədim tarix konsepsiyası: suveren dövlətin süni intellekt kontekstində dezinformasiya və kibertəhlükəsizliklə bağlı hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycanın qədim dövr tarixi şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə çıxış edərək qədim tarix konsepsiyasının dövlətçilik ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulayıb və bildirib ki, müasir dövrdə bu konsepsiyaya yeni baxışın formalaşlması ilə yanaşı, rəqəmsal məkanda onun qorunması üçün innovativ yanaşmalara ehtiyac var.
R.Əlizadənin fikrincə, süni intellekt texnologiyaları həm tarixi faktların manipulyasiyası (deepfake, bot şəbəkələri), həm də tarixi yaddaşın qorunması baxımından mühüm alətə çevrilib. Bu müstəvidə Azərbaycanın qədim tarixinin rəqəmsal mühitdə təhrif edilməsinə qarşı süni intellekt əsaslı kibertəhlükəsizlik strategiyalarının rolu önə çıxır.
Məruzəçi diqqətə çatdırıb ki, müasir dünyada suverenlik anlayışı artıq yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda “rəqəmsal suverenlik” amili ilə də ölçülür. Azərbaycanın qədim dövlətləri – Manna, Atropatena və Albaniya tez-tez dezinformasiya kampaniyalarının hədəfinə çevrilir. Bu baxımdan süni intellekt alqoritmlərinin tarixi mənbələrdəki zaman uyğunsuzluqlarını aşkar etmək imkanları xüsusi əhəmiyyət daşıyır.
R.Əlizadə bildirib ki, milli tarix konsepsiyasının kiberməkanda qorunması üçün “deep learning” modelləri əsasında “milli narrativ filtri”nin yaradılması zəruridir. Bu yanaşma xarici bot şəbəkələrinin sosial media və açıq platformalarda apardığı tarixi saxtalaşdırma cəhdlərinin qarşısını almağa xidmət edə bilər.
Məruzəçi mixi yazılı mənbələrin Azərbaycanın qədim dövlətçilik tarixinin öyrənilməsində fundamental rol oynadığı, lakin bu mənbələrin interpretasiyasında obyektivlik və tarixilik prinsipinin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Süni intellektin bu sahədə linqvistik maneələri aradan qaldırmaq və məlumatların daha dəqiq təhlilini təmin etmək baxımından geniş imkanlar yaradır.
Dəyirmi masada tarixi proseslərin düzgün təhlili və keçmişdən çıxarılan nəticələrin müasir təhlükəsizlik strategiyalarına inteqrasiyası ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
________________
İctimaiyyətlə əlaqələr şöbəsi
????070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir