AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirildi

11.02.2026 15:01

11 fevral 2026-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda görkəmli tarixçi alim və şair Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirilib.

Tədbiri elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq Şahin Fazilin zəngin elmi və ədəbi fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Şahin Fazil Azərbaycan tarixşünaslığında özünəməxsus dəst-xətti ilə seçilən alimdir. Onun tədqiqatları faktlara söykənməklə yanaşı, milli düşüncə və vətənpərvərlik ruhu ilə yoğrulub. İlqar Niftəliyev deyib ki, “Qubanamə” xalqın yaddaşını, keçmişini və mənəvi dəyərlərini yaşadan ədəbi salnamədir. Onun sözlərinə görə, müəllif tarixlə poeziyanı ustalıqla birləşdirərək oxucunu həm düşündürür, həm də duyğulandırır.

Tədbir zamanı Şahin Fazilin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx nümayiş olunub. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb, alimin keçdiyi ömür yolu və yaradıcılıq mərhələləri duyğusal anlar yaradıb.

Daha sonra Ülviyyə Şahin qızı “Quba sözlə yazıldı – Qubanamə” mövzusunda çıxış edərək atasının yaradıcılığı haqqında fikirlərini bölüşüb. O bildirib ki, “Qubanamə” yalnız ədəbi əsər deyil, həm də mənəvi borcun, torpağa bağlılığın ifadəsidir. Ülviyyə Şahin qızı atasının elmi və ədəbi irsinin gələcək nəsillər üçün dəyərli bir xəzinə olduğunu vurğulayıb. Çıxışının sonunda o, tədbirin təşkilinə görə Tarix və Etnologiya İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

Təqdimatda şair Ramiz Qusarçaylı “Min illərin Şahin Fazili” mövzusunda çıxış edərək müəllifin poeziyasındakı dərinlikdən və zamanlararası körpü yaradan yaradıcılıq gücündən danışıb. O deyib ki, Şahin Fazilin sözü keçmişlə bu günü birləşdirən mənəvi bağdır.

Tarix elmləri doktoru, professor Eynulla Mədətli “Şahin Fazilin şeirlərində Ramiz Qusarçaylı fenomeni” mövzusunda maraqlı təhlillər apararaq poeziyada qarşılıqlı təsir və ədəbi mühitin rolundan bəhs edib.

Tarix elmləri doktoru, dosent Vaqif Abışov “Şahin Fazilin tədqiqatlarında tarixi mövzular” adlı çıxışında müəllifin elmi araşdırmalarının əhəmiyyətini vurğulayıb, onun tarixi mənbələrə yanaşma üslubunu yüksək qiymətləndirib.

Şahin Fazilin yaradıcılığındakı “Tarix yalnız keçmiş deyil – o, sözlə yaşadılan yaddaşdır”-sözlərinə istinad edən tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn isə “Vətənə vurğun Şahin Fazil” mövzusunda çıxış edərək müəllifin yaradıcılığında vətən sevgisinin aparıcı xətt olduğunu bildirib.

Tədbir institutun dəhlizində təşkil olunan çay süfrəsi arxasında səmimi fikir mübadiləsi ilə davam edib.

 

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: