AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutunda müsabiqə komissiyasının iclası keçirilib

28.11.2025

28 noyabr 2025-ci il tarixində Tarix və Etnologiya İnstitutunun Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. Müsabiqə Komissiyasının sədri, institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bildirib ki, müsabiqənin elanı, sənədlərin qəbulu müvafiq qaydalara uyğun həyata keçirilib. Qeyd edib ki, Müsabiqə komissiyası öz fəaliyyətini qanunçuluq, obyektivlik, şəffaflıq və bərabərlik prinsipləri əsasında həyata keçirir, namizədləri müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir.

Müsabiqə Komissiyasının sədri xatırladıb kı, Elmi şuranın qərarı ilə (protokol №5) “Azərbaycanın XV-XVII əsrlər tarixi” şöbəsində baş elmi işçi vəzifəsi tutmaq üçün elan verilib, elanda müsabiqə üçün tələb olunan sənədlər, müsabiqə şərtləri əksini tapıb.

Həmin elana əsasən “Azərbaycanın XV-XVII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli sənədlərini komissiyaya təqdim edib.

Güntəkin Cəmil qızı Nəcəfli (Quliyeva) 1968-ci ildə anadan olub, 1993-cü ildə Bakı Dövlət Unversitetinin tarix fakültəsini bitirib,1993-1996-cı illərdə Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb, “XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək 1999-cü ildə tarix üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə dosent diplomunu alıb. 2007-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışır. 2024-cü il martın 28-də “Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq fəaliyyəti (XVIII-XIX əsrin əvvəli)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru diplomunu alıb. Müxtəlif dillərdə çap olunan 31 kitab və broşürun müəllifi, həmmüəlif olduğu 11 monoqrafiyanın və 100-dən artıq elmi məqalənin müəllifidir. “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kollektiv monoqrafiyaların yazılmasında iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı” fəxri adına layiq görülüb.

Komissiya üzvləri gündəlikdə duran məsələ haqqında fikirlərini bildiriblər, Güntəkin Nəcəflinin baş elmi işçisi vəzifəsinə seçilməsi haqqında Tarix və Etnologiya İnstitutunun Elmi şurası qarşısında məsələ qaldırılmasına qərar veriblər.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: