

28.11.2025
Bu günlərdə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda bir sıra elmi əsərlər nəşr olunub. Yeni monoqrafiyalar Azərbaycan tarixi, etno-demoqrafik vəziyyət və beynəlxalq münasibətlər kontekstində aparılmış geniş tədqiqatların nəticələrini özündə əks etdirir.
“Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Güntəkin Nəcəflinin “Rusiya imperiyası və ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq fəaliyyəti (XVIII–XIX əsrin əvvəllərində)” adlı monoqrafiyasında Çar Rusiyasının Qafqazda yürütdüyü siyasət və ermənilərin Azərbaycan ərazilərində dövlət qurmaq istiqamətində atdıqları addımlar araşdırılıb.
“Qərbi Azərbaycan tarixi” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Elçin Qarayevin “Azərbaycanlılarla ermənilərin arasında keçirilən “Barışdırıcı Qurultay” (Qafqaz Canişinliyi, 20 fevral – 6 mart 1906-cı il)” adlı elmi əsərində 1906-cı ildə Qafqaz Canişinliyində keçirilən qurultayın mahiyyətini, məqsədlərini, tərəflər arasında aparılan müzakirələrin məzmununu və nəticələrini ətraflı şəkildə tədqiq edilib.
“Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Solmaz Məhərrəmovanın “Qarabağ və Zəngəzurda etno-demoqrafik vəziyyət (XIX–XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında Qarabağ və Zəngəzur bölgələrində etnodemoqrafik dəyişikliklər, sosial-iqtisadi proseslər və etnosiyasi vəziyyət çoxsaylı arxiv sənədləri və mənbələr əsasında müqayisəli təhlil olunub.
“Dünya tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadənin “Azərbaycan–Gürcüstan münasibətləri tarixindən: XIX–XX əsrin 30-cu illərinin əvvəlləri” adlı əsərində Azərbaycanın tarixi torpaqlarına qarşı iddialar, regiondakı siyasi proseslər və münasibətlərin dinamikası araşdırılıb.
“Qərbi Azərbaycan tarixi” şöbəsinin hazırladığı (redaktor şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, tərtibçilər aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov) “Депортация Азербайджанцев из Армянской ССР (Западного Азербайджана) в 1948–1953 гг.” adlı sənədli mənbələr toplusu da çapdan çıxıb.
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir