AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutunda yeni elmi nəşrlər işıq üzü gördü

05.11.2025

Bu günlərdə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda bir sıra yeni elmi nəşrlər nəşr olunub. Yeni çap olunan monoqrafiyalar müasir elmi yanaşmalar, geniş mənbə bazası və aktual mövzuların təhlili ilə seçilir.

Tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin “Qarabağ müharibəsi: geosiyası və tarixi kontekst” adlı monoqrafiyasında XX əsrin sonlarında dünyada baş verən geosiyasi proseslərin keçmiş SSRİ məkanına təsiri, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, o dövrdəki Sovet rəhbərlərinin ikili siyasəti və erməni silahlı dəstələrinin Qarabağda yerli əhaliyə qarşı törətdiyi qətliamlar elmi əsaslarla təhlil olunur.

Tarix elmləri doktoru Allahverdi Əlimirzəyevin “Qədim Azərbaycan: Din–Cəmiyyət münasibətləri tarixinə dair oçerklər” adlı monoqrafiyasında isə xalqımızın formalaşmasında mühüm rol oynamış etnik qrupların dini təsəvvürləri narrativ mənbələr əsasında araşdırılır.

tarix üzrə fəlsəfə doktoru,dosent Əzizə Nəzərlinin “Очерки истории большого террора и азербайджанской и российской историографии” adlı tədqiqat əsərində XX əsrin 30-cu illərində baş vermiş qanlı repressiyalara həsr olunmuş geniş elmi ədəbiyyatın təhlili aparılır, Azərbaycan və Rusiya tarixşünaslığında bu problemin əksi yenidən qurulur.

Tarix və Etnologiya institutunun direktoru,tarix elmləri doktoru ,professor Kərim Şükürov və institutunun elmi işlər üzrə direktor müavini,tarix elmləri doktoru İlqar Niftəliyevin həmmüəllifliyi ilə hazırlanan “Узеир Гаджибейли: музыкальный гений на фоне сталинской эпохи” kitabı dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığını və onun Stalinizm dövrü kontekstindəki mənəvi irsini araşdırır.

“Atropatena Azərbaycan tarixçilərinin tədqiqatlarında” adlı topluda isə Atropatenaşünaslığın görkəmli nümayəndəsi, akademik İqrar Həbib oğlu Əliyevin 100 illiyinə həsr olunmuş elmi məqalələr toplanıb. Topluda Azərbaycanın antik dövr dövləti – Atropatenanın tarixinə və mədəniyyətinə dair araşdırmalar yer alır.

Bundan əlavə, “Azərbaycan Sovet dövrü tarixinin tarixşünaslığının bəzi məsələləri” adlı kollektiv monoqrafiyada Azərbaycanın 1920–1953-cü illər tarixinin müxtəlif aspektləri elmi şəkildə təhlil olunur.

Eyni zamanda, “Əsrin müqaviləsi – 30 və I Dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı: Osmanlı dövlətinin savaşa qatılmasının 110 illiyi” adlı Beynəlxalq Elmi Konfransın materialları da çap olunaraq elmi ictimaiyyətin ixtiyarına verilib.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: