

29.10.2025
29 oktyabr 2025-cil tarixində Tarix və Etnologiya İnstitutunda görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini vəzifəsində çalışmış, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Mahmud Əliabbas oğlu İsmayılovun 105 illiyi qeyd olunub. Tədbirdə institutun əməkdaşları ilə yanaşı, alimin oğlu İlham İsmayılzadə və nəvəsi Xavər İsmayılzadə iştirak ediblər.
Tədbiri institutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq, Mahmud İsmayılovun Azərbaycan tarix elminin inkişafında oynadığı roldan, zəngin elmi fəaliyyətindən və pedaqoji irsindən bəhs edib. Qeyd edib ki, Mahmud İsmayılov ömrünü xalqımızın keçmişinin araşdırılmasına, milli tariximizin elmi əsaslarla tədqiqinə həsr etmiş görkəmli alimlərdən biridir.
Akademik Nərgiz Axundova, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov, tarix elmləri doktoru, professor İradə Bağırova, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova alimlə bağlı xatirələrin bölüşüblər. Çıxış edənlər bildiriblər ki, professor Mahmud İsmayılov Azərbaycan tarix elmində özünəməxsus məktəb formalaşdırıb. Onun tədqiqatlarında orta əsrlər tarixi, sosial-siyasi proseslər, mənbəşünaslıq məsələləri geniş yer tutub. Çıxışçılar alimin elmi fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətini də xüsusi qeyd ediblər. Bildirilib ki, Mahmud İsmayılov illərlə gənc tarixçilərin yetişməsində, yeni elmi düşüncənin formalaşmasında mühüm rol oynayıb. Çıxışçılar Mahmud İsmayılovu elmə bağlı, səmimi və xeyirxah insan kimi xatırladıqlarını söyləyiblər. Qeyd olunub ki, onun dürüstlüyü, işgüzarlığı və elmi prinsipiallığı bu gün də institutun əməkdaşları üçün örnəkdir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova “Şimali Azərbaycan XIX – XX əsrin əvvəlləri iqtisadiyyatı Mahmud İsmayılovun elmi yaradıcılığında”, tarix üzrə fəlsəfə doktoru, dosent Eldar Əliyev “Qarabağ problemi Mahmud İsmayılovun əsərlərində”, tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev “Mahmud müəllim və XIX – XX əsrin əvvəlləri Şimali Azərbaycan azadlıq hərəkatının tarixi problemləri” adlı məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Mahmud İsmayılovun oğlu, fəlsəfə üzrə fəlsəfə doktoru İlham İsmayılov çıxış edib, atasının xatirəsinə göstərilən yüksək ehtirama görə institut rəhbərliyinə təşəkkürünü bildirib.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir