AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Azərbaycanın orta əsrlər tarixinin aktual problemləri” Respublika elmi konfransı keçirilib

16.10.2025

15 oktyabr 2025-ci il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitunda “Azərbaycan orta əsrlər tarixinin aktual problemləri” adlı respublika elmi konfransı keçirilib. Tarixi yaddaşın qorunması və elmi tədqiqatların təşviqi məqsədilə keçirilən tədbirdə orta əsrlər dövründə Azərbaycanın dövlətçilik ənənələri, siyasi və iqtisadi proseslər, mədəni irs, eləcə də beynəlxalq əlaqələri müasir elmi yanaşmalar müstəvisində müzakirə və təhlil olunub.

İclası giriş sözü ilə açan elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bildirib ki, elmi konfransının əsas məqsədi Azərbaycanın orta əsrlər tarixinə dair yeni yanaşmalar ortaya qoymaq, elmi diskussiyalar apararaq bu sahədə mövcud boşluqları müəyyənləşdirmək, gənc tədqiqatçıları tarix elminə geniş şəkildə cəlb etməkdir: “Orta əsrlər dövrü Azərbaycan tarixində çox mühüm mərhələdir, bu dövrdə ölkəmizin ərazisində bir sıra dövlətlər yaranıb və mühüm siyasi, iqtisadi, mədəni hadisələr baş verib. Təxminən III əsrdən XVIII əsrin sonlarına kimi Azərbaycan ərazisində Qafqaz Albaniyası, Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Atabəylər (Eldənizlər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları kimi dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycan xalqının formalaşması və dövlətçiliyinin inkişafında böyük rol oynayıb”.

“Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin müdiri, akademik Nərgiz Axundova bildirib ki, konfransda orta əsrlər tarixinin bəzi aktual problemləri haqqında müzakirələr aparılacaqdır: “Orta əsrlər dövrünə dair bir çox məlumatlar əsasən ərəb və fars dillərində yazılıb. Eləcə də bir sıra Avropa səyyahlarının, diplomatlarının yazılarında, rus, erməni, gürcü mənbələrində orta əsr Azərbaycan dövlətlərinin siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı zəngin məlumatlar var. Orta əsrlər tariximiz bizim kimliyimizin bir hissəsidir. Bu tarixə sahib çıxmaq, onu araşdırmaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaq tarixçilərin borcudur”.

Konfransda Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Şahlar Şərifov “Raşidi xəlifələri dövründə xilafətin Azərbaycan siyasəti”, aparıcı elmi işçi, t.ü.f.d., dosent Mübariz Ağalarlı “Azərbaycanın mili-demokratik və mühacir ziyalılarının elmi irsində orta əsrlər tarixinin aktual problemləri”, aparıcı elmi işçi, t.ü.f.d. İsmayıl Umudlu “Qərb bölgəsinin ənənəvi yaylaqları mənbələrdə”, kiçik elmi işçi Şölə Məmmədova “Azərbaycanda islamın yayılması”, doktorant Turan Babayeva “Azərbaycan orta əsrlər tarixinin mənbələri və tarixşünaslığı”, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov “Nemətullah Naxçivaninin təsəvvüf və dini maarifçilik görüşlərinə dair”, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı t.ü.f.d., dosent Aygün Məmmədova “X-XIII əsrlərin Azərbaycan sikkələri və Nailə Vəlixanlının tədqiqatları”, Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Nəzrin Allahverdiyeva “Şirvanşahlar dövlətinin mədəni irsi və Azərbaycan mədəniyyətində rolu”, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Dmitriy Kriçenko “Orta əsr Qəbələ qazıntı yerindən tapılan qadın kəlləsi haqqında”, t.ü.f.d., dosent Bəhlul İbrahimli “İlxanilər dövrünə aid yeni aşkar edilmiş memorial abidələr haqqında”, doktorant Vüsalə Bedullazadə “Orta əsrlərin maddi mədəniyyətində dekorativ bişmiş kərpiclərin yeri”, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin tarix müəllimi Odər Əlizadə “V əsrə aid Qrabarca qaynaqların Azərbaycan tarixinin öyrənilməsində önəmi” adlı məruzələrlə çıxış ediblər.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: