
08.05.2025
7 may 2025-ci il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş dəyirmi masa keçirilib. “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.
Tədbiri açıq elan edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin ən mühüm əsaslarından birini gənclər siyasəti təşkil etmişdir və bu gün torpaqlarımızın işğaldan azad edilməsində, ölkəmizin inkişaf yolu irəliləməsində həmin gənclər siyasətinin mühüm əhəmiyyəti vardır.
Dəyirmi Masada Ümummilli Lider haqqında videoçarx nümayiş edilib.
“Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Heydər Əliyev: Azərbaycan gəncliyinin himayədarı” mövzusunda çıxış edərək deyib ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biri gənclərlə bağlı idi. Gənc nəslin mənəvi tərbiyəsi, ictimai tərəqqidə gəncliyin rolu kimi məsələlər Heydər Əliyevin siyasi-ideoloji dəyərlər sistemində və dövlətçilik fəaliyyətində həmişə mühüm yer tutmuşdur.
Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Milli ruhdan modern dövlətə: Heydər Əliyev və Atatürkün gənclər siyasətinə müqayisəli baxış” mövzusunda çıxış edərək vurğulayıb ki, Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasında, iqtisadi, siyasi və mədəni dirçəlişində gənclərin aparıcı qüvvəyə çevrilməsinə əsaslanırdı. Ümummilli liderin “Gənclər bizim gələcəyimizdir” tezisi bu siyasətin ideoloji bazasını təşkil edirdi.
Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Heydər Əliyevin idman və gənclər siyasəti davamlı inkişafın təməli kimi” mövzusunda çıxış edərək deyib ki, Heydər Əliyevin gənclər siyasətinin əsas qayəsi gəncləri bu günün və gələcəyin çağırışlarına cavab verən, milli dəyərlərə həssas yanaşan, vətənpərvər ruhda yetişdirmək idi. Ulu öndər gənclərə xüsusi dəyər verərək belə deyirdi: “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.
Elmi işçi Vüsalə Əlləzova “Heydər Əliyev və gənclərin milli mənəvi tərbiyəsi” adlı məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib, çoxistiqamətli konsepsiya irəli sürüb. Bu konsepsiya bir-biri ilə bağlı mənəvi dəyərlər kompleksini əhatə edir. Bu kompleksə daxil olan komponentlər mükəmməl təhsil, fəal həyat mövqeyi, vətənpərvərlik, azərbaycançılıq məfkurəsinin təbliği, tarixi irsə hörmət, milli mənsubiyyət və vətəndaş şərəfi, dil və din sevgisi və müstəqilliyimizə sədaqətdir.
____________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir