AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri”

08.05.2024

Ümummilli liderin anadan olmasının 101 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

May ayının 8-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə “Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Ulu Öndər Heydər Əliyevin həyatından və çoxşaxəli fəaliyyətindən geniş danışaraq bildirib ki, istər sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi mürəkkəb geosiyasi dövürdə çoxsaylı təhdid və çağırışlarla üzləşməsinə baxmayaraq Ulu Öndər məqsədyönlü, milli dövlətçiliyə əsaslanan prinsipial mövqe tutub, daim ölkəmizin problemlərinin həllinə, inkişafına, yüksəlişinə çalışıb.

Ömrünü Vətəninə həsr etmiş Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini təhlil edən prof. K.Şükürov müasir dövrdə Azərbaycan tarixçilərinin qarşısında duran bir sıra vəzifələrdən danışıb. İnstitutun direktoru qeyd edib ki, bu gün Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti ilə bağlı yeni arxiv sənədlərinin elmi və ictimai dövrüyəyə gətirilməsinə ehtiyac var və bu istiqamətdə tədqiqatların genişlənməsi zəruridir. Professor vurğulayıb ki, Heydər Əliyevin siyasi-dövlətçilik irsi onun fəaliyyəti ilə yanaşı, müsahibələrindən, çıxışlarından, görüşlərindən ibarət coxcildlik əsərlərində əksini tapır və tarixçilər öz tədqiqatlarında daim Heydər Əliyev irsinə müraciət etməlidirlər.

Tarix və Etnologiya İnstitutunun direktoru bildirib ki, Ulu Öndər Heydər Əliyev tarixdə və yaddaşlarda əbədi olaraq qalacaq, Ümummilli liderin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini , tarix elmləri doktoru İlqar Niftəliyev xatırladıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixini ümumdünya tarixi kontekstində tədqiq edilməsini, aparılan tədqiqatlarda ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəniyyət tarixinin öz əksini tapmasını vacib sayıb: “Ümummilli lider tarixçilərə müraciət edərək deyirdi: “Bizim tariximiz – həm qədim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin, yəni XVIII, XIX və XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb... Tarixin hər bir dövrünü olduğu kimi yazmaq lazımdır. Bu, tarixçilərimizin əsas vəzifəsidir”.

İlqar Niftəliyev bildirib ki, Azərbaycan tarixinin bir sıra dövrlərinin və problemlərinin obyektiv tədqiqinə Heydər Əliyev xüsusi diqqət yetirib və tarixçilər qarşısında bunu bir vəzifə olaraq qoyub. Ulu Öndər Heydər Əliyev xüsusilə Azərbaycanın XX əsr tarixinin yenidən yazılmasını, yeni təfəkkür tərzində tədqiqinin zəruriliyini dəfələrlə bəyan edib. Heydər Əliyevin Azərbaycan tarixi konsepsiyasında sovet dövrü xüsusi yer tuturdu. Ümummilli lider 1993-ci il sentyabrın 21-də Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə Azərbaycanın sovet dövrü tarixinə belə qiymət verib: “1920-ci ildən başlayaraq müstəqillik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçib. Bu dövrdə xalqımız inkişaf edib, onun mentaliteti, təhsil səviyyəsi yüksəlib, Azərbaycanda böyük elmi potensial, mədəniyyət yaranıb.

Ulu Öndərin ermənilərin Azərbaycana qarşı ərazi iddiaları haqqında həm tarixçi kimi, həm də uzun illər respublikaya rəhbərlik etmiş dövlət başçısı kimi hərtərəfli məlumatı var idi. Heydər Əliyev 1999-cu il fevralın 4-də “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd olunması haqqında” imzaladığı fərmanda Ermənistanın Naxçıvan və Zəngəzur bölgələrinə olan iddialarına diqqəti çəkib, Naxçıvana muxtariyyətin verilməsini Zəngəzurun bir hissəsinin Ermənistana birləşdirilməsinin nəticəsi kimi qiymətləndirib. Heydər Əliyev tarixi keçmişimizə layiqli qiymət verməyi ən vacib vəzifə sayıb. Onun Azərbaycan tarixi konsepsiyasında tarixi hadisələrə, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinə qiymət verilməsi, ən vacib tarixi məqamların təhlili kimi məsələlər əsas götürülüb.

Dəyirmi masa xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan tarixində rolu haqqında çıxışlarla davam edib, müasir dövrdə Azərbaycan tarixçiləri qarşısında qoyulan elmi tələblər, Heydər Əliyev irsinin dərindən araşdırılması ilə bağlı müzakirələr aparılıb.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: