AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib

24.04.2024

Aprelin 23-də Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib. Tədbir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.

İclasda AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov geniş məruzə ilə çıxış edib.

Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası sistemində Qərbi Azərbaycanın dərindən öyrənilməsi ilə bağlı institutlaşma prosesi həyata keçirildi və bu davam edir. Akademiyanın Tarix və Etnologiya İnstitutunun tərkibində Qərbi Azərbaycan tarixi şöbəsi yaradılıb, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. Qərbi Azərbaycanın kompleks şəkildə öyrənilməsi üçün tədbirlər həyata keçirilir. Qərbi Azərbaycan Ensiklopediyasının sözlüyü hazırlanıb, tezliklə mətnlərin yazılmasına başlanacaqdır.

Bütün bu işlərin görülməsi üçün müəyyən baza da yaradılmışdır. Tarix və Enologiya İnstitutunun təşkilatçılığı ilə ölkənin aparıcı alimlərinin iştirakı ilə fundamental "İrəvan necə varsa: keçmişdən bu günə" adlı kollektiv monoqrfaiya çap edilib. Kitabda İrəvan tarixi Qərbi Azərbaycan tarixi və Azərbaycan tarixi kontekstində araşdırılır. Hazırda Tarix və Etnologiya İnstitutunda bircildlik Azərbaycan tarixi hazırlanır, bu kitabda da Qərbi Azərb aycan tarixi öz əksini tapacaqdır.

Kərim Şükürov çıxışında Qərbi Azərbaycan tarixinin az öyrənilmiş və müasir dövrdə mühüm aktuallıq kəsb edən problemləri üzərində də dayandı. Bunların içərisində Qərbi Azərbaycanın tarixi coğrafiyasını əks etdirən atlasın hazırlanması qeyd edilə bilər. 1918-ci ilədək olan dövrdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasının, yalnız Qərbi Azərbaycan əhalisinin müqavimət hərəkatı nəticəsində mümkün olmadığı da tarixi faktlar ilə təsdiq edilmişdir. İrəvan xanlığının yaradılması Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə kimi qeyd edilmişdir. Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının torpaqları əsasında 1828-ci ildə yaradılan “Erməni vilayəti”nin cəmi on iki il sonra süqut etməsində azərbaycanlı əhalinin tarixi rolu olmuşdur.

Kərim Şükürov çıxışının sonunda Qərbi azərbaycanlıların tarixi torpaqlarının qayıtmasının həyata keçirilməsinə dərin inamını ifadə etmişdir.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: