AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq genişlənir

22.04.2024

22 aprel 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu arasında elmi əməkdaşlıq haqqında memorandum imzalandı.

İmzalanma mərasimində çıxış edən Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov rəhbərlik etdiyi elmi müəssisənin tarixi, institutun şöbələri, tədqiqat istiqamətləri haqqında geniş məlumat verdi. Direktor daim beynəlxalq əlaqələrə, xüsusi ilə Türk Dövlət Təşkilatı ölkələrinin elmi təşkilatları ilə əlaqələrə böyük önəm verdiklərini bildirdi, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu ilə imzalanan memorandumun əməkdaşlıq baxımdan geniş imkanlar açacağını vurğuladı.

Prof. K.Şükürov bildirdi ki, memorandumun məqsədi A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu arasında elmi əməkdaşlığı genişləndirməkdir. Bura Azərbaycan - Özbək xalqlarının tarixi əlaqələri, eləcə də dünya tarixi, xüsusən də ümumtürk tarixinin öyrənilməsi üzrə sistemli əməkdaşlıq qurmaq, birgə tədqiqat layihələrinin həyata keçirmək, elmi kadrların hazırlanmasına və mübadiləsinə dəstək göstərmək, müştərək elmi konfranslar, simpoziumlar, seminarlar, toplantılar və işçi görüşlər təşkil etmək, elmi tədqiqat üçün zəruri olan bütün növ mənbələrin axtarışını, elmi dövriyyəyə buraxılmasını və nəşrini həyata keçirmək və s. məsələlər aiddir.

İki ölkə arasındakı tarixi və müasir əlaqələr haqqında danışan Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Ziyo Azamat Azərbaycanın elmi təşkilatları ilə əlaqələrə mühüm önəm verdiklərini, bu baxımdan AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə əlaqələrin vacibliyini vurğuladı, Özbəkistanda son illərdə cəmiyyətin bütün sahələrində, o cümlədə elm sahəsində islahatlar barədə geniş məlumat verdi. Akademik Ziyo Azamat tarixin bir sıra dövrləri və məsələlərinin Özbəkistan və Azərbaycanın tarixçilərinin birgə tədqiq etməsinin vacibliyini bildirdi, bu sırada akademik Ziya Bünyadovun Xarəzmşahlar dövləti haqqında əsərini xatırlatdı, imzalanan momerandumun iki ölkənin elmi əməkdaşlığı baxımdan ciddi addım olduğunu söylədi.

Qeyd edək ki, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Ziyo Azamat Azərbaycana səfəri çərçivəsində aprelin 20-də, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfransda çıxış edib, Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarət edib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Heydər Əliyev Mərkəzində olub.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: