AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutunun əməkdaşı beynəlxalq iştirakçıların təmsilçiliyi ilə keçirilən IV Ümumrusiya elmi-praktik konfransında məruzə ilə çıxış edib və sertifikatla təltif olunub

29.03.2024

27 mart 2024-cü ildə Moskva şəhər Pedaqoji Universitetinin Humanitar Elmlər İnstitutunun təşkilatçılığı ilə görkəmli rus tarixçisi Kiril Vladimiroviç Qusevin (1922-2001) xatirəsinə həsr olunmuş “Qusev qiraətləri – 2024” IV Ümumrusiya elmi-praktik konfransı keçirilib.

Konfransda Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil P.Əhmədov “Müasir dünyada miqrasiya prosesləri” («Миграционные процессы в современном мире») mövzusunda geniş məruzə ilə çıxış edib.

“Tarixdə siyasi institutlar və proseslər” adlı seksiyada məruzə edən A.Əhmədov təbii proses olan miqrasiyanın müasir dövrdə təzahür edən tendensiyalarından bəhs etmişdir. Tarixin gətirdiyi reallıqlar sırasında miqrasiyanın xüsusi yeri və rolunu qeyd edən müəllif, miqrasiyaların hazırda tədqiqatçılar tərəfindən öyrənilməyə davam etdiyini və yeni elmi baxışları əks etdirən əsərlər meydana gəldiyini qeyd etmişdir.

Həmçinin A.Əhmədov öz çıxışında vurğulamışdır ki, – mövzunun tarixi, sosial, iqtisadi, demoqrafik, siyasi, hüquqi, hərbi, intellektual və digər aspektləri müasir dünyada miqrasiya proseslərinin hələ də aktual səsləndiyini deməyə əsas verir. Bu baxımdan, miqrasiyanın çoxaspektli tədqiqat sahəsi kimi, mövzunun tarixi olduğu qədər də müasir yanaşmalar və çağırışlar tələb etdiyi diqqətə çatdırılmışdır. Məruzə çərçivəsində qeyd olunan məqamlar, miqrasiyanın geniş tədqiqat sahəsi kimi beynəlxalq münasibətlər tarixi üçün aktual səsləndiyini göstərir. Çıxışının davamında müəllif qeyd etmişdir ki, tədqiqat aparmaqda məqsəd müasir dünyada miqrasiya proseslərinə kompleks yanaşmanın nəzəri məsələlərini təhlil etməkdir. Bununla əlaqədar, məruzədə mövzudan irəli gələn məqsəd və vəzifələr səsləndirilmişdir.

Tədqiqat işində XXI əsrin miqrasiya proseslərinin xarakteri və yuxarıda sadalanan aktual sahələri öyrənilmişdir. Aparılan təhlillər göstərir ki, təbii proses olan miqrasiyanın qarşısını emosional üsullarla almaq əvəzinə, dövlətlərin mütərəqqi qanunvericiliyi ilə tənzimlənməsi sülh, dialoq və əməkdaşlığa daha çox töhfə verə bilər. Məruzənin sonunda müəllif alınan elmi nəticəni konkret müddəalarla sadalamış və problemə aydınlıq gətirmişdir.

____________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: