AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutunda Azərbaycan etnologiya elminin inkişafı ilə bağlı elmi seminar keçirildi

18.03.2024

“Azərbaycan etnologiyası: perspektivlər və prioritetlər”

Mart ayının 15-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan etnologiyası: perspektivlər və prioritetlər” mövzusunda elmi seminar keçirildi. Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov tədbiri giriş sözü ilə açaraq, dedi ki, seminarın keçirilməsində məqsəd Azərbaycan etnologiya elminin inkişafı, tədqiqat istiqamətləri, yeniliklər və problemlər barədə müzakirənin aparılmasıdır. AMEA Rəyasət Heyətinin qərarları, institutun baş planı, şöbələrin illik planları, hesabatlar, əmək intizamı və s. məsələlərə toxunan direktor institutda görülən işlər, yeniliklər, etnologiya şöbələrinin uyğunlaşma prosesi haqqında məlumat verdi.

“Tarixi etnologiya” şöbəsinin müdiri, t.e.d., dos. İlhamə Məmmədova “Etnoqrafiyadan etnologiyaya: mövcud problemlər və həlli yolları” mövzusunda çıxış edərək Azərbaycan etnoqrafiya elminin inkişafından danışdı, eyni zamanda son 10 ildə etnoqrafiyada bir durğunluq duyulduğunu, təkrarçı, təsvirçi, eləcə də şair və yazıçıların yaradıcılığının araşdırılmasına həsr olunmuş mövzular üzərində işlənildiyini xatırlatdı. AMEA-da struktur islahatları çərçivəsində institutun Tarix və Etnologiya adlandırılmasını dünya elminə uyğunlaşma baxımdan mühüm addım saydı. Etnologiyanın nəzəri problemləri, dünya xalqlarının etnologiyasının öyrənilməsi, etnoqrafik ekspedisiyaların təşkili və s. məsələlərə toxundu.

“Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri t.e.d., dos. Güllü Məmmədli “Türk xalqlarının milli dəyərlərinin müqayisəli araşdırılması Azərbaycan etnologiyasının prioritetlərindən biri kimi” mövzusunda çıxış edərək sovet dövründə “türkologiya” adı altında yalnız türk dillərinin tədqiqinə diqqət yetirildiyini, türk xalqlarının tarixinin, etnologiyasının öyrənilmədiyini söylədi, müasir dövrdə bu çatışmamazlığı aradan qaldırmaq zərurəti yarandığını bildirdi. G.Məmmədli bütün türk xalqlarının, o cümlədən azsaylı türk xalqlarının tarix və etnologiyasının müqayisəli şəkildə öyrənilməsinin Azərbaycan etnologiyasının qarşısında duran prioritet məsələlərdən olduğunu dedi.

“Müasir dövr etnologiyası” şöbəsinin müdiri t.ü.f.d., dosent Şövqi Həsənov “Azərbaycan etnologiyası müasir dövrün tələbləri müstəvisində” mövzusunda danışarkən bildirdi ki, İkinci Qarabağ müharibəsində parlaq qələbəmizdən sonra yeni siyasi, iqtisadi, sosial reallıqlar yaranıb. Azərbaycan etnologiya elmi tədqiqatlara müasir dövrün reallıqları müstəvisində baxmalıdır və konkret istiqamətlərin müəyyənləşdirilməsi üçün elmi müzakirələr genişləndirilməlidir.

Tarix və Etnologiya İnstitutunun elmi katibi, t.ü.f.d., dos. Bəhmən Əliyev “Azərbaycan və dünya etnologiyasının inkişaf istiqamətləri” mövzusunda çıxış edərək, dedi ki, hələ 1920-ci illərin sonlarında sovet elmində “etnoqrafiya” adından imtina olunub. Bu, 1989-cu ilədək davam etmiş, həmin il Alma-Ata keçirilmiş etnoqraf və antropoloqlarının ümumittifaq konfransında rəsmi şəkildə etnologiya adının seçilməsi qərara alınıb, eyni zamanda etnoqrafiya adı sinonim kimi saxlanılıb. Azərbaycan alimləri həmin tədbirdə iştirak etməyib. Halbuki, termin olaraq etnologiya adının seçilməsi Azərbaycanın elmi təşkilatlarının, etnoloq alimlərinin beynəlxalq əlaqələrinin genişlənməsinə imkan yarada bilərdi. B. Əliyev yaxın gələcəkdə “Azərbaycan etnologiyası” jurnalının nəşrinin elmin inkişafına mühüm töhfə olacağını söylədi.

“Tarixi etnologiya” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Tahir Şahbazov “Müasir etnoloji tədqiqatlarda prioritet mövzular” haqqında danışarkən, tarixdəki dövrləşmə məsələsinin etnologiya üçün də aktual olduğunu açıqladı. Azərbaycan xalqının etnogenezi, etnik tarix, xaricdə yaşayan azərbaycanlılar, qloballaşmanın təsirləri ilə bağlı mövzuların işlənməsini, Azərbaycanın etnoqrafik atlasının, etnoqrafik turizm marşrutlarının yaradılmasını vacib saydı.

“Tarixi etnologiya” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. İsmayıl Umudlu “Azərbaycanda şəcərələrin öyrənilməsinin etnoloji aspektləri” mövzusunda çıxış edərək vurğuladı ki, geneologiya etnologiya elminin daxilində yeni konsepsiya sayılır, xalqın etnogenezi, etnik tarixini öyrənərkən geneoloji mənbə bazası mühüm rol oynayır.

“Müasir dövr etnologiyası” şöbəsinin baş elmi işçisi, t.e.d., prof. Nərgiz Quliyeva “Qarabağ müharibələrinin Azərbaycan ailələrinə təsiri və Böyük Qayıdış Proqramının həyata keçirilməsi prosesinə etnoloji baxış” mövzusunda danışaraq müasir dövrdə aktual olan elmi məsələlərə diqqət yetirilməsini, milli özünüdərk, miqrafiya prosesləri, etnik-dini münaqişələrlə bağlı tədqiqat mövzularının seçilməsini vacib saydı.

Aparıcı elmi işçi, t.ü.f.d., dos. Rafiq Səfərov “Azərbaycanda etnoloji və etnodemoqrafik tədqiqatların inkişafı” “Müasir dövr etnologiyası” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Könül Əsədli “Azərbaycanın milli-mənəvi dəyərləri haqqında” çıxış etdilər.

Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov tədbirə yekun vuraraq, “Azərbaycan etnologiyası” adlı ümumi kitab hazırlanacağını açıqladı, hər bir şöbənin aktual layihələrlə çıxış etmələrini, qrant müsabiqələrində iştirak etmələrini vacib saydı, Etnoqrafiya Muzeyinin, Akademiyada Etnoqrafiya Fondunun, Bakının Etnoqrafik Atlasının yaradılmasının bu günün aktual məsələlərindən olduğunu bildirdi. Elmi durğunluqdan çıxmaq üçün ciddi addımlar atılmasını vacib sayan İnstitut direktoru etnologiya ilə bağlı mövzulara yenidən baxılmasını, etnologiyanı praktiki elm sahəsinə çevrilməsinin əhəmiyyətini vurğuladı. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof Kərim Şükürov “Azərbaycan etnologiyası tarixi, müasir vəziyyəti və perspektivləri” mövzusunda məqalələr toplusunun hazırlanacağını, etnologiyanın populyarlaşdırılması istiqamətində addımlar atılacağını, Etnoloji xidmət yaradılması üçün müvafiq işlər görüləcəyini və müzakirələrin müntəzəm surətdə davam etdiriləcəyini bildirdi.

_____________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: