AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutunda Akademik İqrar Əliyevin 100 İlliyinə həsr olunmuş konfrans keçirilib

07.03.2024

6 mart 2024-cü il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Akademik İqrar Əliyev –Azərbaycan Atropatenaşünaslığının banisi” adlı konfrans keçirilib.

İlk öncə tədbiri açan institutun direktoru tarix elmləri doktoru Kərim Şükürov İ.Əliyevdən danışaraq bildirib ki, qədim yunan və latın dillərini mükəmməl bilən alim 14 mart 1924-cü ildə Bakıda anadan olmuşdur. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur. İqrar Əliyev 1957- 1978-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Daha sonra 1978-ci ildən 11 iyun 2004-cü ilədək həmin institutun direktoru olmuşdur. İ.Əliyev Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq etməyə başlamışdır. 1949-cu ildə ”Midiya tarixinə giriş” mövzusunda namizədlik dissertasiyasında Midiya cәmiyyәtinin tarixinin ilkin konsepsiyasının müəyyənləşdirilmәsinә, dövlәtin yarandığı dövrdәki tarixi şәraitin mənzərəsinin yaradılmasına cәһd ermişdir. 1961-ci il oktyabr ayının 9-da SSRİ EA-nın Asiya Xalqları İnstitutunun Elmi Şurasının iclasında İ.H.Əliyev “Midiya tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan xalqının tarixinin ən mübahisəli hesab edilən qədim dövrünün araşdırılması ilə məşğul olan İqrar Əliyevin Azərbaycanın qədim dövlətlərindən biri olan Atropatenanın tarixinin tədqiqinə həsr etdiyi “Atropatenanın tarixi oçerki” monoqrafiyası alimin yaradıcılığında mühüm mərhələ təşkil etmişdir. İ.Əliyevin elmi uğurları arasında 3 cildlik “Azərbaycan tarixi”nin hazırlanması xüsusi yer tutur.

İ.Əliyev çoxcildliyin baş redaksiya şurasının sədri, I cildin aparıcı müəlliflərindən biri və baş redaktoru olmuşdur. Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biri kimi İ.Əliyev ilk dəfə Qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrini elmi dövriyyəyə cəlb etmişdir. Azərbaycan tarixinin qədim dövrünün mürəkkəb ictimai-siyasi, iqtisadi, etnik məsələlərinə həsr olunmuş 6 monoqrafiyanın, 200-dən çox dəyərli və mühüm elmi məqalənin müəllifi olan İ.Əliyevin elmi əsərlərinin bir hissəsi xarici dillərə tərcümə edilmişdir. İ.Əliyevin milli tarix elmi qarşısındakı xidmətləri yüksək qiymətləndirildi. 1979-cuildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verildi, Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin 1999-cu il 14 mart tarixli fərmanı ilə İ.Əliyev “Şöhrət” ordeni ilə təltif olundu, tarix elmində əldə etdiyi mühüm nailiyyətlərə və dünya tarix elmində tutduğu mövqeyə görə 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçildi.

Sonra Tarix elmləri doktoru, “Atropatena və Alabaniya tarixi” şöbəsinin müdiri Ramin Ağayev “Cənubi Azərbaycan III – IX əsrlərdə (Suriya mənbələri əsasında)”adlı məruzə çıxış edərək qeyd etmişdir ki, Suriyalı müəlliflərin əsərləri Cənubi Azərbaycanın qədim və erkən orta əsrlər tarixini öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. Həmin mənbələrin dövrün digər sinxron qaynaqları, xüsusilə, ərəbdilli mənbələrlə müqayisəli tədqiqi III–IX əsrlər Azərbaycan tarixinin daha ətraflı şəkildə öyrənilməsinə və yeni faktların ortaya çıxarılmasına imkan verə bilər.

Tarix üzrə fəlsəfə doktoru, dosent, “Qədim dövr tarixi” şöbəsinin müdiri Allahverdi Əlimirzəyev “Karibtu-Kerefto: Atropatenada Heraklın kult mərkəzi”adlı məruzə ilə çıxış edib. O bildirmişdi ki, Kerefto mağara kompleksi (Takab şəhərinin 20 kilometrliyində) Hellinizm dövrü mədəniyyətin bariz nümunəsidir. Qayada oyulmuş bu sakral kompleks e.ə. III - b.e. I əsrlərində tanrı Herakla kultun ibadət mətkəzi olmuşdur. Kompleksin otaqlarından birinin divarına həkk olunmuş kiçik həcmli yunandilli mətndə ibadətgaha daxil olanların tanrı Heraklın himayəsi altına alındığı bildirilir.

Tarix üzrə fəlsəfə doktoru Rauf Məlikov “Atropatena onomastikası”adlı məruzə ilə çıxış edərək qeyd edib ki, təqribən e.ə. IV əsrin son rübündə formalaşmış, Parfiya və Orta Fars dillərinin uzunmüddətli təsirinə məruz qalmış Mada-Atropatena dilinin özünəməxsus inkişafı eramızın VII əsrinin sonunadək davam etmişdir. Mada-Atropatena dilində yazılı abidələr hələ də aşkarlanmamışdır. Mada-Atropatena onomastikası əsasən antik müəlliflərin əsərlərində və Atropatenanın qonşularına məxsus arami yazılı kitabələrdə saxlanılmışdır.

Arxeologiya və Antropoklogiya İnstitutunun “Etnoarxeologiya” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Anar Ağalarzadə “Atropatenada sarmat-alan izləri (Əminli küp qəbrinin materialları əsasında)”adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirmişdi ki, Azərbaycanın antik dövr tarixinin öyrənilməsində küp qəbirlərin tədqiqi xüsusi əhəmiyyətə malikdir. Əminli küp qəbrinin dəfn avadanlığı içərisindən də tapılan sarmat mənşəli əşyalar sübut edir ki, bizim eranın I-III əsrlərində sarmat-alan tayfaları Dağıstanın Xəzər sahili ərazilərindən keçməklə Albaniyaya daxil olmuş və oradan yenə də Xəzər sahili ərazilərlə hərəkət edərək Atropatena ərazisinə hərbi yürüş etmişlər. Bu nekropoldan tapılan qəbir materialları içərisində sarmat mənşəli silahlar üstünlük təşkil edir. Əminli küp qəbrindən aşkarlanan arxeoloji materiallar Atropatenanın siyasi və mədəni əlaqələri haqqında müəyyən informasiyalar verir. Qəbiridən əldə olunan materiallar sarmat-alan tayfalarının eramızın I əsrində Atropatenaya etdiyi ilk yürüşlərindən birinin sübutudur.

“Qədim dövr tarixi” şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə Atropatena dövləti – Azərbaycanın siyasi coğrafiyasının təşəkkülü” adlı məruzə ilə çıxış edib. Məruzəçi qeyd etmişdir ki, e.ə. I minilliyin ikinci yarısında Azərbaycanın siyasi coğrafiyasının formalaşmasında yeni mərhələ başlandı. E.ə. IX-VI əsrlərdə Azərbaycanın siyasi coğrafi hüdudlarını müəyyən edən başlıca amil burada yaranmış dövlətlərin sərhədləri olmuşdur. E.ə. VI əsrin ortalarında Qafqaz dağlarının cənub ətəklərindən Mesopotamiyaya və Anadoluyadək uzanan Midiya torpaqları Əhəməni fars sülaləsinin hakimiyyəti altına keçmişdi. E.ə. IV əsrin ikinci yarısında Yaxın Şərqdə hərbi-siyasi dəyişikliklər – Makedoniyalı İsgəndərin fəthləri, daha sonra onun ölümündən sonra diodoxları arasında mübarizə, yerli hakimlərin müstəqillik meyillərinin güclənməsi və digər amillər bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da dövlətçilk ənənəsinin yenidən bərpa olunmasına şərait yaratdı. E.ə. IV əsrin sonuncu rübündə Azərbaycanın siyasi coğrafiyasının təşəkkülü dövrünün tanınmış hərbi-siyasi xadimi olan Atropatın fəaliyyəti ilə bağlıdır. Qeyd edək ki, onun qurduğu dövlət də öz adı ilə Atropatena adlanırdı.

“Qədim dövr tarixi” şöbəsinin kiçik elmi işçisi – Selcan Həşimova Atropatenanın beş şəhərinə dair qeydlər (Aşşur kitabələri və antik mənbələr əsasında)” adlı məruzələrlə çıxış edərək qeyd edib ki, Atropatenanın 5 şəhəri (Andarpatian, Fraata, Qazaka, Fraaspa, Vera) Aşşur dövlətinin e.ə. 714-670-ci ilərə aid mixi yazılı mətnlərində xatırlanır. Antarpatian şəhəri Aşşur hökmdarı II Sarqona xərac verən şəhərlərin siyahısında qeydə alınıb. Fraata “Parda” adı ilə Mannanın Zigirtu vilyətinin inzibati mərkəzi kimi e.ə. 714-cü il yürüşündə dağıdılmışdır. Qazaka “Kanzabakanu” adı ilə II Sarqonun Əsədabad stelasında e.ə. 716-cı il yürüşü ilə əlaqədar xatırlanır. Həmin dövrə aid mətnlərdə Qazaka şəhəri “Aqazi” formasında qeydə alınıb və Zəncanla eyniləşdirilir.

Sonda tarix elimləri doktoru,professor İradə Bağırova, tarix elimləri doktoru,professor Tofiq Mustafazadə, tarix elimləri doktoru,professor Əsədulla Cəfərov, tarix elimləri doktoru,professor Nərgiz Quliyeva və AMEA müxbir üzvü Şahbaz Muradov İqrar Əliyevlə bağlı öz xatirələrini bölüşüblər.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Paylaş: