AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Faiq İsmayılov: “Eksponatlarımızın, xalçalarımızın qaytarılmasına nail olmağın yeganə yolu…”

29.11.2021

Ermənistan ərazilərimizi işğalda saxladığı dövrdə Azərbaycanın bütün daşınan sərvətini oğurlayıb, muzeylərimizi qarət edib, muzeylərdən, evlərdən, qalereyalardan saysız eksponatlar, əsərlər, xalçalar və digər qiymətli əşyalar aparıb.

img

Torpaqlarımız işğaldan azad ediləndən sonra qarşımızda duran ən böyük vəzifələrdən biri Ermənistanın oğurladığı xalqçalarımızı, eksponatlarımızı, bütün mədəniyyət sərvətlərimizi beynəlxalq təşkilatlar vasitəsilə geri qaytarmağa nail olmaqdır. Lakin indiyə qədər dövlətin rəsmi qurumlarının aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər etməsinə baxmayaraq, hələ də Ermənistanın oğurladığı varidatımızı geri qaytara bilməmişik. Heç bu istiqamətdə kiçik bir nəticə belə yoxdur.

Mədəniyyət naziri Anar Kərimov mətbuata açıqlamasında bildirib ki, beynəlxalq konvensiyalarda ciddi boşluq var və bu səbəbdən də beynəlxalq təşkilatlar Ermənistanı Azərbaycana aid xalçaları, eksponatları geri qaytarmağa məcbur edə bilmir: Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur”.

A.Kərimov deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: “Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik”.

O qeyd edib ki, buna cavabdeh olan ən önəmli təşkilat UNESCO-dur: “Orada da hər hansı bir ölkədən mədəni sərvətlərin qeyri-qanuni olaraq çıxarılmasını, mənimsənilməsini və s. halları qadağan edən konvensiya var. Biz də, Ermənistan da bu konvensiyanın üzvüyük. Bu konvensiyaya qoşulan ölkə kimi UNESCO-da iddialarımızı ortaya qoymuşuq, həmin irsin Azərbaycana aid olduğunu qeyd etmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.

Nazirin sözündən belə çıxmırmı ki, biz Ermənistan tərəfindən oğurlanan, mənimsənilən xalqçaları, eksponatları geri qaytara bilməyəcəyik? İndiyə qədər qəsb edilən əşyaların geri qaytarılması üçün hər hansı bir nümunə, presedent olmayıbmı? Belə çıxır ki, beynəlxalq təşkilatların məcburetmə mexanimizi yoxdursa, biz sərvətlərimizi qaytarmağa ümid edə bilmərik?

  • “Beynəlxalq təşkilatların məcburetmə mexanizmi yoxdursa, beynəlxalq məhkəmələrə müraciət etmək lazımdır”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, nazir haqlıdır, çünki beynəlxalq konvensiyalar və BMT-nin qərarları ümumilikdə götürdükdə tövsiyəedici xarakter daşıyır. “Yəni qərarlar var, amma bu qərarların icrası üçün təzyiq mexanizmləri yoxdur. Amma muzey eskponatlarının, xalçaların ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi təkcə Şuşa ilə məhdudlaşdırılmamalıdır. Deyək ki, Xankəndi tarix diyarşünaslıq muzeyində 22 min 591 eksponat olub. Ümumilikdə götürəndə, 102 min 757 eskponatımız ermənilər tərəfindən qarət olunub, oğurlanıb. Bütün bunları yalnız xalça üzərində qurmaq və yalnız xalçaları tələb etmək olmaz, bütün eksponatlarımızı tələb etməliyik. Niyə məhz yalnız Şuşa xalçalarının tələb olunduğunu anlaya bilmirəm. Şuşa Tarix Muzeyində 5 min, Üzeyir Hacıbəyovun Şuşadakı evində 300 eskponat, Bülbülün ev muzeyində 369 eksponat, Azərbaycan Xalçaçılıq Tətbiqi Sənət Dövlət Muzeyinin Şuşa filialında 163 eksponat olub, Qarabağ Dövlət Tarix Muzeyində 500 (Şuşa şəhərində), Qarabağ Ədəbiyyat Muzeyində 5 min (Şuşa şəhərində), Mir Möhsün Nəvvabın evində 100, Ağdam Tarix Diyarşünaslıq  muzeyində 2 min, Ağdam Çörək Muzeyində 694, Qurban Pirimovun Xatirə Muzeyində 700 (Ağdam), Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 500 (Ağdam), Ağdərə şəhərində Tarix Diyarşünaslıq Muzeyində 2290, Füzuli Tarix Diyarşünaslıq Muzeyində 5 min, Füzuli Xalq Tətbiqi Muzeyində 800, Hadrut şəhəri Tarix Diyarşünaslıq Muzeyində 3 min 200, Qubadlı şəhərinin Tarix Diyarşünaslıq Muzeyində 3 min, Laçın Tarix Diyarşünaslıq Muzeyində 5 min, Laçının Güləbird kəndində Sarı Aşığın Xatirə Muzeyində 500, Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyində 32 min, Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyində 2 min, Zəngilan şəhər Tarix Diyarşünaslıq Muzeyində 6 min, Zəngilanın Daş Muzeyində 50 eksponat vardı”.

F.İsmayılov qeyd etdi ki, bütün bunlardan başqa, ermənilər bizim şəkil qalereyalarımızdan da 369 ədəd  əsər oğurlayıb. F.İsmayılovun sözlərinə görə, ermənilər bizdən mənimsədikləri nə varsa hamısını qeyd-şərtsiz geri qaytarmalıdır. Ekspertin sözlərinə görə, ermənilər bu eksponatları, xalçaları İkinci Qarabağ müharibəsi dövründə oğurlayıb aparmayıblar, onları Birinci Qarabağ müharibəsi zamanı oğurlayıblar. “Onlar Birinci Qarabağ müharibəsi dövründə ərazilərimizi işğal edərkən bütün eksponatlarımızı, xalçalarımızı və sair oğurlayıb apardılar. Eksponatlarımızın, xalçalarımızın qaytarılmasına nail olmağın yeganə yolu bu eksponatların saylı siyahılarının tərtib olunması, onların qiymətləndirilməsi və bununla da beynəlxalq məhkəmələrə müraciət etməkdir. Beynəlxalq təşkilatların məcburetmə mexanizmi yoxdursa, beynəlxalq məhkəmələrə müraciət etmək lazımdır ki, bu eksponatlar ya geri qaytarılsın, ya da onların dəyəri Azərbaycan dövlətinə ödənilsin”. 

F.İsmayılovun sözlərinə görə, vaxtilə işğal altında olan muzeylərimizdə insanlar işləyib, illərlə oradan maaş alıblar, həmin eksponatlara dövlət vəsaiti xərclənib, amma o muzeylərin bununla bağlı siyahılarını Mədəniyyət Nazirliyindən əldə edə bilməyib. “Nazirlikdə bu siyahı yox idi. Onu həmin dövrdə hansı “əl” yoxsa çıxarıb, itirib, bilinmir. Kod nömrələri ilə həmin eksponatların hər birinin ayrıca qeydiyyat kitabları olmalıdır. Amma həmin qeydiyyat kitabları da, o eksponatlar haqqında məlumatın əks olunduğu sənədlər də Mədəniyyət Nazirliyindən hansısa “əl” tərəfindən yoxa çıxarılıb. İlk növbədə həmin sənədləri əldə etmək lazımdır. Deyək ki, o dövrdə həmin muzeylərdə işləyən işçilərin vasitəçiliyiilə o sənədləri əldə etmək vacibdir. Belə bir qəribə hal yaranıb. Mədəniyyət Nazirliyinin illərlə əməkhaqqı verdiyi dövlət müəssisəsinin heç bir məlumatı nazirliyin özündə tapılmır”- deyə F.İsmayılov qeyd etdi.

Paylaş: