AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Qara Yusif (1355 - 1420)

Qara Yusif (1355 - 1420)

Qaraqoyunlu sülaləsinin üçüncü hökmdarı və Azərbaycan Qaraqoyunlu dövlətinin yaradıcısı.

XV yüzilliyin başlarında Azərbaycanda Teymuri ağalığına son qoyulması və dövlətçiliyimizin bərpa olunmasında Qara­qoyunlu Qara Yusifin tarixi xidmətləri əvəzsizdir. Məhz bu dövr­də ölkəmizdə qədim milli ənənələrə söykənən Azərbaycan Qaraqoyunlu dövləti yaradılmış oldu. Şübhəsiz ki, bu dövlətin yara­dılması və möhkəmləndirilməsi Qara Yusifin adı ilə bağ­lıdır.

Cəma­ləddin Qara Yusif Barani Azərbaycan tarixində bö­yük iz qoymuş tarixi simalardan biridir. O, Qaraqoyunlu sülaləsinin üçüncü hökmdarı və Azərbaycan Qaraqoyunlu dövlətinin yaradıcısıdır. 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra mərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə rəhbərlik edən Qara Yusif, bu birliyi daha da gücləndirdi. Möhkəm iradə sahibi olan Qara Yusif rəqiblərinin müqavimətini qıraraq qaraqoyunluların nüfuzunu daha da artırdı və bölgədə yaranmış əlverişli vəziyyətdən faydalanaraq 1391-ci ildə Təbriz şəhərini ələ keçirdi. Qara Yusif Şənbi-Qazanda yerləşdi və bir neçə gündən sonra əmirlərindən Satılmış və Xəlili şəhərin mühafizəsində qoyaraq, yayı keçirmək üçün Aladağa çəkildi. Bir müddət sonra Qara Yusifin yenidən Təbrizi tutduğunu görürük. O, bir ay şəhərdə qaldıqdan sonra Təbrizi yenə tərk etdi. Əmir Teymurun yeni yürüş xəbərini alan qaraqoyunlular da Təbriz şəhərini tərk etdilər.

Əmir Teymurun Azərbaycana yürüşü zamanı Cəlairi hökm­darı Sultan Əhmədlə Qara Yusif arasında düşmənə qarşı ittifaq yarandı. Əmir Teymur ordusu Azərbaycanı fəth edən za­man (Əlincə qalasından savayı-T.H.N.) ona itaətsizlik göstərən başlıca qüvvə məhz qaraqoyunlular oldu. Bu zaman Cəlairi hökmdarı Bağdada çəkildi. Qara Yusif isə Əmir Teymurun Qızıl Orda xanı Tox­tamışa qarşı yürüşə başlamasından istifadə edərək doğma yurdunu düşməndən azad etmək üçün mübarizə apardı. O, öncə Ərciş qalasını azad etdi, az sonra isə Avnik qalasında Teymuri qüvvələrini məğlub edərək əmir Atlamışı əsir aldı. Dövrün mənbələri Əmir Teymurun Hindistan səfərində olmasından faydalanan Qara Yusif və Sultan Əhmədin itirilmiş torpaqlarını geri almağa səy göstərdiklərini yazırlar. Lakin 1399-cu ildə Əmir Teymurun «yeddi- illik» səfərə çıxması on­ların bu cəhdini boşa çıxardı. Azərbaycana gələn Əmir Teymurun Bağdad üzərinə qoşun göndərməsi Qara Yusiflə Sultan Əhmədin vəziyyətini daha da pisləşdirdi. 1400-cü ilin ortalarında onlar Bağdadı tərk etməyə məcbur qaldılar. Onlar Məmlük Sultanı Fərəcə elçi göndərərək sığnacaq verməsini xahiş etdilər. Lakin 1400-cü il iyunun 19-da Hələb yaxınlığında baş verən döyüşdə Hələb naibi Dəmirtaşın məğlub edilməsi onların Suriyaya keçməsinə və Misir sultanına sığınmasına imkan vermədi. Belə bir vəziyyətdə, Qara Yusif və Sultan Əhməd Osmanlı sultanı Bayəzidə sığınmağa qərar verdilər. Əmir Teymurun Suriyaya hücum etməsi Qara Yusifin Osmanlı sultanına sığınmasını qətiləşdirdi. Osmanlı sultanı İldırım Bayəzid onu Ağsaray bölgəsində yerləşdirdi. Osmanlı tarixçilərinin yazdığına görə, Qara Yusif 8 ay Osmanlı sultanına qonaq olmuşdur.

Qara Yusifin Türkiyəyə sığınması Osmanlı-Teymuri münasibətlərini daha da kəskinləşdirdi. Əmir Teymurun Qarabağdan Osmanlı sultanınıa göndərmiş olduğu məktublarda «yol kəsən quldur» adlandırdığı Qara Yusifin öldürülməsi, təslim edilməsi, yaxud da ölkədən çıxarılması tələb edilirdi. Osmanlı sultanı İldırım Bayəzid cavab məktubunda Teymurun bu tələblərini rədd edərək ona sığınmış bir qonağın qovulmasını amansızlıq və imansızlıq kimi qiymətləndirmişdi. Sultan Əmir Teymurun «qovğa yaratmaq üçün» bəhanə axtardığını açıqca bildirmişdi.

1402-ci ilin əvvəllərində Qara Yusif Türkiyəni tərk edərək Ərəb İraqına gəlmiş və sadiq silahdaşlarını ətrafına toplamışdı. O, Sultan Əhmədin Bağdadı ələ keçirməsinə yardım etmiş və Hillədə möhkəmlənmişdi. 1403-cü il iyulun sonunda Qara Yusif Hillə yaxınlığında teymuri Əbu Bəkrlə döyüşdə böyük qəhrə­manlıq göstərməsinə baxmayaraq məğlub oldu və Suriyaya çəkildi. Qara Yusif bu döyüşdə qardaşı Yar Əlini itirdi. F.Sümer yazır ki, dövrün ərəb tarixçiləri İbn Hacər və Makrizi Qara Yusifin Əmir Teymurun göndərdiyi birinci orduya qalib gəldiyini, lakin 100 minlik ikinci orduya məğlub olduğunu qeyd edirlər. Qara Yusif Dəməşqə gələrkən şəhərin naibi Şeyx Mahmudi tərəfindən yaxşı qarşılandı. Az sonra Sultan Əhməd də Dəməşqə sığındı. Bir müddət sonra Əmir Teymurun tələbi ilə Misir sultanı Fərəc Şam naibindən onların həbsə alınmasını tələb etdi. Qara Yusif Dəməşq qalasının Burcul-Ham­mam hissəsində həbsə alındı. Fevral ayında Qahirədən gələn yeni bir fərmanda Qara Yusifin öldürülməsi tələb edilsə də, Şeyx Mahmudi bu əmri yerinə yetirmədi. Qara Yusif və Sultan Əh­məd Dəməşqdə bir il həbsdə qaldılar. Həbs həyatı onlar arasındakı dostluğu daha da möhkəmləndirdi. Bu zaman Qara Yusifin yeni doğulan oğlu PirbudaqSultan Əhməd tərəfindən mənəvi oğulluğa götürüldü. Məhbuslar azad olunduqdan sonra bir-birinə daim dost olacaqlarına and içdilər. Onlar arasındakı anlaşmaya görə, Sultan Əhməd Ərəb İraqında, Qara Yusif isə doğma yurdu Azərbaycanda möhkəmlənməyə qərar verdilər.

F.Sümer Məmlük tarixçilərinə əsaslanaraq yazır ki, Qara Yusif Şeyx Mahmudi tərəfindən 1405-ci ilin yanvarında həbs­dən azad edilərək Misir sultanı Fərəcə qarşı təşkil olunan yürüşə qatıldı. Qara Yusif və Şeyx Mahmudi ilk döyüşdə qalib gəlsə də, Qahirə yaxınlığında baş verən növbəti döyüşdə məğlub olaraq geri döndülər. 1405-ci ilin iyulunda Qara Yusif ətra­fındakı silahdaşları ilə doğma yurduna doğru hərəkət etdi. Döv­rün farsdilli qaynaqlarına görə, Qara Yusif Dəməşqdən Mardinə gələnə kimi ayrı-ayrı əmirlərlə 180 dəfə döyüşə girmiş və qalib gəlmişdi.

 Qışı Mosulda keçirən Qara Yusif 1406-cı ilin yzında Mardinlə Hısn-Keyfə arasındakı Təqi adlı yerdə Ağqoyunlu Qara Osmanla qarşılaşdı. Əbubəkr Tehraninin yazdığına görə, Qara Yusif ağqoyunlularla döyüşə girməyə tələsmədi və Qara Yülük Osmana məktub göndərərək sülh bağlamağı təklif etdi. Bu müraciətin ən önəmli tərəfi ondan ibarətdir ki, Qara Yusif barışın zərurətini məhz onların ortaq etnik mənsubiyyəti – türkmanlığı ilə əsaslandırırdı: «Biz hər ikimiz türkman xalqındanıq. Bundan sonra bir-birimizə qarşı vuruşmamalıyıq, bundan artıq bir-birimizi əzməməliyik. Bizlərdən hər birimiz düşmənlərimiz olan Rum və Cığataylarla vuruşmalıyıq. Sənin Şam və Ruma hücum etməyin, mənim də Cığatayların üstünə getməyim daha düzgün və daha məqsədəuyğundur». Qara Yusifin bu çağırışı daha çox deklarativ xarakter daşısa da, iki cəhətdən önəmlidir. Bir tərəfdən, bu fakt Şərqi Anadolu və Azərbaycan türklərinin vahid türkman şüuruna sahib olub özlərini Osmanlı və Orta Asiya türklərindən fərqləndirdiklərini göstərir. Digər tərəfdən, Qara Yülük Osmana Şam və Ruma hücum etməyi, yəni genişlənmə istiqamətini qərbə doğru yönəltməyi tövsiyə edən Qara Yusif gələcəkdə Ağqoyunlu tarixinin ana xəttini təşkil edən və Ağqoyunlu-Osmanlı və Ağqoyunlu-Məmlük qarşıdurması və müharibələri ilə nəticələnən inkişaf meylini sanki öncədən sezmişdir.

 Qara Yusifin bu xəbərdarlığına baxmayaraq, tərəflər ara­sında döyüş baş vermiş, lakin bir nəticə əldə olunmadığı üçün barışıq imzalanmışdır. Bu hadisədən sonra Qara Yusif Bidlisə gəlmiş və Avnik hakimi Doladayı məğlub edərək qalanı ələ keçir­mişdir. Bununla da o, Şərqi Anadoludakı qədim mülklərinə sahib olmuşdur.

1406-cı ilin yazında Teymur sarayından vətəninə dönən İspaniya elçisi Klavixo Qara Yusifin 10 minlik qüvvə ilə Xoy ətrafını talan etdiyini və Ərzincan şəhərini mühasirəyə aldığını yazır. Qara Yusif Azərbaycana hakim olmaq üçün Əmir Teymurun nəvəsi Əbu Bəkrin qüvvələrini məğlub edərək teymurilərin Azərbaycandakı ağalığına son qoymalı idi. Qara Yusif Qaraqoyunlu əmirlərinin mövqeyini öyrənmək üçün yayı Aladağda, qışı isə Diyarbəkr və Fərat sahillərində keçirməyi, Cığataylarla münasibətləri gərginləşdirməməyi təklif etmişdi. Qaraqoyunlu əmirləri onun bu təklifinə belə cavab vermişdi: «Əgər Teymu­run Azərbaycana təyin etdiyi əmirlər olsaydı savaşmazdıq, lakin Əbu Bəkr onları öldürərək yerlərinə cahil və rəzil adamları təyin etmişdir. Bunlardan isə qorxulacaq bir şey yoxdur». Qara Yusif əmirlərin bu cavabından razı qalmışdır.

1406-cı ilin oktyabrın 14-də Naxçıvanın qərbində Araz çayı sahilində Qaraqoyunlu və Teymuri qoşunları qarşı-qarşıya gəldi. Qara Yusiflə Əbu Bəkr arasındakı döyüşün birinci günü tərəflərin bir-birinə ox atması ilə başa çatdı. Döyüşün ikinci gü­nü Əbu Bəkr Araz çayını keçərək Qaraqoyunlular üzərinə hücum etsə də, geri qovulmuşdu. Bu zaman Qara Yusif: «Bizim şəxsi düşmənçiliyimiz üzündən bu qədər adam tələf olur, igidlik və bahadırlıq ikimizin qarşı-qarşıya gələrək vuruşmasındadır» - deyərək Əbu Bəkri açıq döyüşə çağırmışdı. Lakin o, bu döyüşdən imtina etmişdi. Döyüşün sonunda Teymuri ordusu məğlub olmuş və Əbu Bəkr döyüş meydanından qaçmışdır. Qara Yusif qazandığı bu qələbəsilə Hillə məğlubiyyətinin əvəzini çıxmışdır. Qazanılan bu zəfər onun nüfuzunu və şöhrətini daha da artırdı. Qaraqo­yunlular külli miqdarda qənimətə sahib olduqları üçün Əbu Bəkri təqib etməkdən imtina etdilər. Qara Yusif öz qüvvələri ilə Naxçıvana gəldi. Bu zaman Təbrizdən Xoca Seyyid Məhəmməd Keçəçi onun hüzuruna gələrək Əbu Bəkrin Təbrizdə törətdiyi talanlarla bağlı məlumat verdi və ondan Təbriz üzərinə yürüş etməyi xahiş etdi. Qışı Mərənddə keçirən Qara Yusif 1407-ci ilin yazında Təbrizə gəldi. O, az sonra Sultaniyyəni də ələ keçir­diyi üçün Əbu Bəkr Dəmavənd dağına qaçmağa məcbur oldu.

Həsən bəy Rumlunun verdiyi məlumata görə, 1408-ci il aprelin 15-də Qara Yusif Təbrizdə Şənbi-Qazanda yerləşdi və ordugahın ətrafına xəndək qazdıraraq müdafiə tədbirləri gördü. Iraq əmirlərini çağıraraq “Mən türkman qəbiləsindənəm. Mənim yaylağım Aladağ, qışlağım isə Diyarbəkr və Fərat sahilləridir. Səltənət işləri məni maraqlandırmır. İndi Mirzə Əbu Bəkr ər meydanına gəlməkdədir. Əgər onun tərəfinə getsəniz mən əsla sizə qızmaram” dedi. İraq əmirləri onun önündə başlarını yerə qoyaraq: “Bu xanədanın düşmənlərini yox etmək üçün sadiqlik kəmərini canımızın belinə bağladıq. Bu dövlətin düşmənlərini iti qılıncımızla məhv edəcəyik dedilər”. Qara Yusif İraq əmirlərinin mövqeyini öyrəndikdən sonra 20 minlik süvarisi ilə Əbu Bəkri qarşılamaq üçün Sərdruda yaxınlaşdı. Azərbaycan tarixçisi Həsən bəy Rumlunun dövrün aslanı adlandırdığı Qara Yusif 1408-ci ilin aprelin 21-də Təbriz yaxınlığında Sərdrud döyüşündə Teymuri Əbu Bəkri ikinci dəfə ağır məğlub edərək onun atası Miranşahı öldürdü.

Qara Yusifin qazandığı bu zəfərin mühüm tarixi əhəmiyyəti vardı. Bununla da Teymurilərin Azərbaycandakı ağalığına son qoyuldu. Bu zaman Azərbaycandakı real hakimiyyət tamamilə qaraqoyunluların əlinə keçdi. F.Sümer Qara Yusifin əldə etdiyi bu qələbə münasibətilə bağlı yazır: «Qara Yusifin Əbu Bəkrə qarşı qazandığı bu ikinci zəfər mühüm tarixi hadisədir. Bununla da, Teymurun qurmuş olduğu imperiyanın əhəmiyyətli bir parçası ilk dəfə kəskin şəkildə əldən çıxmış və burada Qaraqoyunlu dövləti qurulmuşdur. Bunu Qara Yusifin oğlu Pirbudağın adından zərb olunmuş sikkələr də təsdiq edir. Dövrün qaynaqlarının verdiyi məlumata görə, Qara Yusif Əbu Bəkri ikinci dəfə məğlub etdikdən sonra (1408-ci ildə) oğlu Pir Budağı padşahlıq taxtına oturtmuş və elçi göndərərək Sultan Əhmədi xəbardar etmişdir. O, bu xəbəri müsbət qarşılamış və Pirbudaq üçün hakimiyyət simvolu olan taxt-rəvan göndərmişdi. F.Sümer Pirbudağın adından zərb edilmiş pulların 1411-ci ildən bəlli olduğunu əsas gətirərək Mirxondun verdiyi bu məlumatı qəbul etməmişdir. Lakin yuxarıda qeyd etdiyimiz kimi belə pullar hələ 1408-ci ildən zərb edilmişdir.

Qara Yusif 1409-cu ilin əvvəllərində Əlincə qalasını ələ keçirdi və həmin ilin payızında Pir Ömərin başçılığı altında Qa­ra­qoyunlu ordusunu Şəki hakimi Seydi Əhməd üzərinə gön­dər­di. Qaraqoyunlular Şirvanın xeyli hissəsini talan edərək Təbrizə döndülər. Bu zaman Sultan Əhmədin elçisi Təbrizə gə­lərək Həmadan yaylağını Qara Yusifdən istədi. Lakin, Qara Yu­sif rədd cavabı verərək elçini geri qaytarmışdı. Bu zaman Van haki­mi İzzəddin Şir Qara Yusifi Şirvana növbəti yürüşdən çəkin­dirdi və onu Şirvanşah İbrahimlə barışdırdı.

Qara Yusif 1410-cu ilin yayını keçirmək üçün yenə də Aladağa getdi və yerli əha­linin Ərzincan hakimindən şikayətləri onu Ərzincan şəhərini mühasirəyə almağa vadar etdi. 45 günlük müqavimətdən sonra şəhər ələ keçirildi. Bu zaman Həmadan yaylağının verilməməsindən qəzəblənən və Azərbaycan Qaraqo­yunlu dövlətinin getdikcə güclənməsindən narahat olan Sultan Əhməd Qara Yusifin Ərzincan şəhərini mühasirəyə almasından istifadə edərək vaxtı ilə bağladığı əhdi pozaraq Təbriz üzərinə hücum etdi. Qara Yusif bu xəbəri alaraq Azərbaycana hərəkət etdi. Vaxtı ilə acı günlər keçirmiş olan iki əski dost son dəfə qar­şı-qarşıya gəldi. Şübhəsiz ki, qəbahət Sultan Əhməddə olmuşdu. O, nəinki Qara Yusiflə bağladığı əhdi pozmuş, həmçinin onun Ərəb İraqında möhkəmlənməsində də dostu Qara Yusifin gös­tərmiş olduğu yardımı lazımi səviyyədə qiy­mətləndirməyi bacarmamışdı.

1410-cu il avqustun 30-da Təbrizin 2 fərsəxliyində Əsəd kəndində tərəflər arasında baş verən döyüşdə Qara Yusif tam qələbə qazanaraq Sultan Əhmədi əsir aldı. Qara Yusif Sultan Əhməddən Azərbaycanı oğlu Pir Budağa, Ərəb İraqını isə digər oğlu Şah Məhəmmədə verilməsi haqda yarlıq aldıqdan sonra Cəlairi əmirlərinin təkidi ilə onun öldürülməsinə razılıq verdi. Həsən bəy Rumlu bununla bağlı yazır ki, Qara Yusif Sultan Əhmədə “sözündə durmadığına və məni öldürməyə gəlməyinə baxmayaraq, səni öldürməyəcəyəm” söylədi. Əmir Bəstam Sultana “Sultan Üveysin xanədanını yıxdın. Ondan qalanları və dövlət ərkanını öldürdün. Səndən dövlətə yararlı heç bir şey olmadı və olmayacaqdır” dedikdən sonra qılıncını qınından çıxarıb Qara Yusifin önünə atdı: “Bu kişinin həyatı şər və pislik ehtiva etməklə, fitnə və fəsada səbəb olmaqdadır. Əgər o, ölümün pəncəsindən xilas olarsa, ondan böyük bir fitnə gözləmək olur” dedi. İraq əmirləri hamılıqla “Sultan Əhmədi bağışlamaq doğru olmaz” deyincə, Qara Yusif “ordumda onun kimi min kişi daha olsa, yenə də heç bir əndişəm olmaz. Mən onu öldürməməyə and içdim”. İraq əmirlərinin təkidli tələblərindən sonra Qara Yusif onun öldürülməsinə razılıq verdi. Beləliklə, 1410-cu ildə mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qara­qo­yunlu dövlətinin yaradılması rəsmiləşdirilmiş oldu.

Qara Yusif Təbrizdə Azərbaycanın tanınmış adamlarından və əmirlərindən topladığı məclisdə oğlu Pir Budağı qızıl taxtda oturdaraq başına qızıl tac qoydu, belinə qızıl kəmər bağlatdı. Qara Yusif özünü oğlunun vəkili elan etdi və Qaraqoyunlu əmirləri ilə birlikdə onun qarşısında təzimdə dayandı. Qaraqoyunlu dövlətinin rəsmi məktublarında və zərb olunmuş sikkələrində «Sultan Pirbudaq xan yarlığından! Əbunəsr Yusif noyan sözümüz!» ifadəsi yazılmağa başlandı.

1412-ci il dekabrın 19-da Qara Yusif Kür çayı sahilində Şirvanşah İbrahimin və müttəfiqləri olan Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələri ilə döyüşə girdi. Vuruşma zamanı müttəfiq qüvvələrinin mərdliklə vuruşmasına baxmayaraq, üstünlük Qara Yusifin tərəfində oldu. Şirvanşahın qoşunları məğlubiyyətə uğrayıb qaçdı. Gürcü hökmdarı öz aznaurları ilə döyüşü davam etdirirdi. Tezliklə müttəfiqlərin birləşmiş qoşunu Qara Yusifin qoşunları tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. Bu zaman Şirvanşah İbrahim atla xəndəyin üstündən sıçrayıb keçməyə cəhd göstərdi, lakin duruş gətirə bilməyərək yıxıldı və qolu sındı. Qaraqoyunlu döyüşçüsü onun paltarını çıxarıb atını əlindən alaraq öldürmək istəyirdi. İbrahim özünü nişan verməli oldu. Onda döyüşçü onun böynunu qurşaqla bağlayıb Qara Yusifin yanına gətirdi. Gürcü hökmdarı Konstantin, İbrahimin oğlanları Qəzənfər, Əsədullah, Xəlilüllah, Mənuçöhr, Əbdürrəhman, Nəsrətullah və Haşım, qardaşı Şeyx Bəhlul, Şirvanın adlı-sanlı adamları – qazı Bayəzid, əmir Hüşəng və oğulları, qazı Mövlana Zahirəddin və digər əyanlar əsir alındılar. Onların hamısı qandallarda Qara Yusifin hüzuruna gətirildi. Qara Yusif siravi Şirvan döyüşçülərini azad etdi, gürcü əsirlərinin edam olunmasını əmr etdi. Üç yüz aznaur, eləcə də gürcü hökmdarının qardaşı qılıncdan keçirildi. Özünü məğrur aparan Konstantin də edam edildi. Şirvanşah İbrahimi və onun oğlanlarını məiyyəti ilə birlikdə zəncirlənmiş halda Təbrizə göndərib zindana saldılar. Qara Yusif Şamaxını və Şirvanın digər yerlərini talan edib Təbrizə yollandı. O, əsirlərin bac ödəyərək azad olunmasına razılıq verdi. Şirvanşah İbrahimin qardaşı Şeyx Bəhlul 200 tümən, Şirvan qazisi Mövlanə Zahirəddin 100 tümən pul ödəyərək martın 30-da azad oldular. Qara Yusif Şirvanşah İbrahimdən 1200 tümən bac ödəməyi tələb etdi. Şirvanşah İbrahimin Təbriz sənətkarları arasında böyük nüfuzu oldu­ğundan Şeyx Qəssab Əxinin başçılığı altında Təbrizin tacir və sənət­karları həmin pulun dəyərində mal ödəyərək Şirvanşahın azad edilməsinə nail oldular. 1413-cü ilin aprelində Şirvanşah İbrahim Qara Yusifə itaət etmək şərti ilə Şirvanı idarə etmək hüququnu alaraq Şirvana qayıtdı. Beləliklə, Şirvanşahlar dövləti Qara Yusifin asılılığına düşdü.

Qara Yusifin əldə etdiyi qələbələr içərisində 1418-ci ildə Ağqoyunlu Qa­ra Osmanı üçüncü dəfə məğlub etməsi mühüm yer tutur. Qara Yusifin mövqeyinin getdikcə güclənməsi və Əcəm İraqının onun nəzarətinə keçməsi Teymuri hökmdarı Sultan Şahruxu narahat edirdi. 1420-ci ilin avqustun 25-də Sultan Şahrux Azərbaycanı, Ərəb İraqını və Əcəm İraqını Qara Yusifin əlindən almaq və onu asılı bir hökmdar halına salmaq məqsədi ilə 200 minlik ordu ilə Heratdan Azərbaycana yürüşə başladı. Sultan Şahruxun qaraqoyunlularla qarşıdakı döyüşdə qələbə naminə Quranın Fəth surəsini 12 min dəfə hafizlərinə oxutdurması faktı Qara Yusifin təhlükəli, daha ciddi bir rəqib olduğunu təsdiq edir. Təsadüfi deyil ki, Sultan Şahruxun əmirləri və saray adamları «Azərbaycan qoşununun tüğyanını yalnız bahadırların həmləsi yatıra bilər» demişdilər.

Teymuri hökmdarı Şahruxla savaşa qərar verən Qara Yusif xəstə olmasına baxmayaraq ordusunu Təbrizdə toplamışdı. Hafiz Əbruya görə, düşmənə qarşı mümkün olduğu qədər qüvvə çıxarmaq üçün Qara Yusif Təbriz əhalisindən piyada qoşun da topladı. F.Sümerin fikrincə, o zamana qədər ölkədə belə bir ənənə olmadığı və bu bidət hesab edildiyi üçün ona uğur gətirmədi. Lakin bu fakt Qara Yusifin hərbi təşkilatçılıq qabiliyyətini öyrənmək üçün daha mühümdür. Dövrün mənbələri bu piyada qoşunun hansı məqsədlə toplanması barədə lazımi məlumat verməsə də, Qara Yusifin gözlənilən döyüşdə müəyyən hərbi taktiki planları olması haqda düşünməyə imkan yaradır. Qara Yusif Təbrizdən ayrılarkən xəzinəsindəki bütün qızıllarını əsgərlərinə payladı. Qaraqoyunlu qoşunu Təbrizdən cənubda Ucanın şimal-qərbində yerləşən Saidabad kəndinə gələn zaman Qara Yusifin xəstəliyi daha da ağırlaşdı. O, burada 1420-ci il noyabrın 13-də 65 yaşında vəfat etdi. Beləliklə, Sultan Şahruxla gözlənilən döyüş baş tutmadı. Qara Yusifin cəsədi oğlu Cahanşah tərəfindən Ərcişə aparılaraq atasının yanında dəfn olundu.

Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu olan Qara Yusif tarixdə az rast gəlinən bir mübarizə həyatı yaşamışdır. O, dövrünün görkəmli sərkərdələrindən və tanınmış simalarından biri olmuşdur. Onun mükəmməl bir hərb adamı olmasını, igidliyini yalnız öz əsgərləri deyil, başda teymurilər olmaqla bütün düşmənləri də etiraf etməli olmuşdu. Qara Yusif düşmən ordu­su­nun zəif tərəflərini diqqətlə öyrənər və bundan döyüş zamanı məharətlə istifadə edərdi. O, 200 minlik ordunun başın­da üzərinə gələn Teymuri hökmdarı Şahruxa qarşı döyüşə gedərkən oğlanlarına yazdığı məktublarda Teymuri ordusundan çəkinilə­cək bir şeyin olmadığını göstərmişdir. Şübhəsiz ki, onun qədər teymurilərin hərb üsullarını, döyüş qaydalarını, güclü və zəif tərəflərini bilən olmamışdır. O, döyüş zamanı xəndək qazdıraraq ordusunu daim qorumağa çalışmışdır. Son döyüşə təbrizlilərdən piyada qoşun toplaması onun Şahruxa qarşı yeni bir döyüş üsulunu tətbiq etmək istədiyini söyləməyə imkan verir.

Şübhəsiz ki, dövrünün şücaətli sərkərdəsi olan Qara Yusif ordusunu daha yaxşı təşkil və təchiz etmişdir. Zəmanəsinin heç bir hökmdarının qoşunu Qara Yusifin ordusu qədər yaxşı silahlanmamış və ərzaqla təmin olunmamışdır. Hafiz Əbruya görə, dövrünün heç bir sərkərdəsi Qara Yusif qədər əsgərinə hərbi tə­lim keçməmiş və onu silahla, ərzaqla təmin etməmişdir. Onun əsgərləri at çapmaqda və ox atmaqda ad-san qazanmışdılar.

Qara Yusif hərbi təşkilatçılıq bacarığını və orduya qayğı göstərmək keyfiyyətlərini atası Qara Məhəmməddən öyrənmişdir. Qaraqoyunlu hökmdarları, o cümlədən Qara Yusif mükəmməl hərbiçi idilər və qazandıqları qələbələrdə bu keyfiyyət mühüm əhəmiyyət daşıyırdı. Əmir Teymurun ərazilərini fəth etdiyi hökmdarlar içərisində yalnız Qara Yusifin qələbə qazanması və torpaqlarını teymurilərdən azad etməsi onun həqiqətən böyük bir sərkərdə və tarixi şəxsiyyət olduğunu söyləməyə imkan verir.

Qara Yusif gerçəkdən dövrünün qabiliyyətli və şərafətli bir hökmdarı olmuşdur. Qara Yusif hərbdən savayı ölkəsində quruculuq işlərinə xüsusi diqqət yetirmiş, kəndliyə xoş münasibət göstərərək onları daim diqqətdə saxlamışdır. O, seçdiyi təcrübəli vali və məmurlarla xalqı idarəsindən razı salmağa çalışmışdır. Hətta zülmə meyilli olan oğlanları atalarından qorxduqları üçün daim xalqa yaxşı görünməyə, onlarla xoş münasibət saxlamağa məcbur olmuşdular.

F.Sümerin fikrincə, Qara Yusif savadsız olsa da, ləyaqətli insanları lazımi səviyyədə qiymətləndirməyi bacarmış və onlara xidmətlərinə görə etibar etmişdir. O, döyüşlərdə ələ keçirilən qənimətlərdən heç nə götürməz, onları əmirləri və əsgərləri arasında paylayardı. Məhz bu comərdliyinə görə xəzinəsində pul olmazdı.

XV əsr Məmlük tarixçilərindən Ayni Qara Yusifin qan tökməyə və zülm etməyə meyilli bir insan olmadığını göstərir. O, qətiyyəti, inadkarlığı və təmkinliliyi ilə dövrünün digər hökmdarlarından fərqlənmişdi. Konkret hadisələrlə bağlı hökmdara xas olan qəddarlıq göstərsə də, həmişə öz rəhm və mərhəmətini qoruyub saxlamışdır. Hətta o, əhdinə əməl etməyərək onu arxadan vurmağa çalışan Sultan Əhmədi də bağışlamaq istəmişdir. O, həmçinin inadkarlıq göstərən Şirvanşah İbrahimi də öldürməyərək azad etmişdir.

Dövrün qaynaqları Qara Yusifin əxlaq və din barəsində bilikli bir şəxsiyyət oldu­ğunu göstərir. İ.Aka H.Rittenin əsərində Qara Yusifin Quranı türkcə rəvan oxutması barədə verdiyi məlumata əsaslanaraq Uzun Həsəndən əlli il öncə Qara Yusifin belə bir təşəbbüsdə olmasını, onun da Quranı türkcəyə tərcümə etdirərək hüzurunda oxutması fikrini söyləmişdir. İ.Akanın bu fikrini S.Şıxıyevanın araşdırmaları da təsdiq edir. O, yazır: “Hürufi mənbələrində bu təriqətin müttəfiqi kimi mədh olunan Qaraqoyunlu Qara Yusifin hürufiliyə bağlılığı yalnız onun siyasi və hərbi fəaliyyətində deyil, Quranı tərcümə etməsində də özünü göstərir. Qara Yusif Əliyul-Əlanın “Kürsinamə”sində hərbi uğurları ilə yanaşı, hürufi təliminə ” uyğun olaraq, Quranı türkcəyə çevirməsinə görə də öyülür: Vəfalı Yusif, uğurlu şah / Quranı türkcədə axıcı (bir dillə) oxudu. Quranın türkcəyə tərcüməsi din tarixi baxımından da əhəmiyyət kəsb edir.

Azərbaycan tarixçisi Həsən bəy Rumlu onun haqqında yazırdı: «Qara Yusif müharibə meydanında qaniçən bir aslan, əyləncə məclisində isə cövhər saçan bir bulud idi. Ədalət və mər­həməti ilə tanınmış, əxlaq yolunda hər kəsdən üstün idi. Zalımları cəzalandırmış, məzlumların rifahına çalışmış, təsərrüfatın inkişafına fikir vermiş, ölkənin qüdrətinin artmasına yar­dım göstərmiş, əsgərlərinin maaş və ərzağını müntəzəm olaraq ödəmişdir. Onun üzüyünün qaşında yazılmışdı: Ədalətlə iş gö­rən hökmdar, zülm edən isə həlak olur».

XV yüzilliyin əvvəllərində Azərbaycanda siyasi vəziyyətin mürəkkəb və gərgin olma­sına baxmayaraq, rəqiblərini bir-birinin ardınca məğləb edən və ölkəni yadelli əsarətindən azad edərək dövlətçilik ənənəsini bərpa edən Qara Yusifin tanınmış bir hərbçi, böyük sərkərdə və dövlət adamı olduğunu bir daha sübut edir.

Qara Yusifin bədən quruluşu igidliyi ilə tam bir ahəng təşkil etmişdi. Hafiz Əbrunun verdiyi məlumata görə, Ərcişə gələn Cığatay əsgərləri maraq göstərərək Qara Yusifin məzarını açmış və onun həqiqətən uzunboylu və iri cüssəli bir insan olduğunu görmüşdülər.

XV yüzilliyin əvvəllərində Azərbaycanın yadelli əsarətin­dən azad edilməsində və yerli dövlətçiliyimizin bərpa edilməsində böyük əzmkarlıq və hünər göstərmiş Qara Yusifin fəaliyyəti hərb işimiz üçün mühüm bir örnəkdir.

Mənbə və ədəbiyyat

  1. Mustafayev Ş. Əbubəkr Tehraninin «Kitabi –Diyarbəkriyyə» əsərinin Azərbaycan dilində  nəşri haqqında,- Azərbaycan EA-nın Xəbərləri, TFHS, 1998, №1.
  2. Qəzvini Zeynəddin bin Həmdullah. Zeyl-e tarix-e qozide. Fars dilindən tərcümə, müqəddimə, qeydlər və göstəricilər M.D. Kazımov və V. Piriyevindir. – Bakı, 1990
  3. Sümer F. Kara Koyunlular (Başlanğıcdan Cihan – Şaha kadar). I cilt, - Ankara, 1967
  4. Mehmed Neşri. Cihannüma, Neşre hazırlayanlar, M.A.Köymen ve F.N.Unat, Ankara, 1949
  5. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası(XV-XVI əsrlərdə).-Bakı, 1999
  6. Nəcəfli T.Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.-Bakı, 2000
  7. Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə.  Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova. – Bakı, 1998
  8. Дневник путешествия в Самарканд ко двору Тимура. (1403—1406). Пер. со староиспанского, предисл. и коммент. И.С. Мироковой. М.: Наука. Главная редакция восточной литературы, 1990.
  9. Хавафи Фасих. Муджмали Фасихи. (Перевод, предисловие и указатели Д.Ю.Юсуповой). Ташкент: 1980.
  10. Azərbaycan tarixi, yeddi cilddə, üçüncü cild, Bakı, 1999.
  11. Aka İ.Timurun ölümünden sonra Doğu anadolu, Azerbaycan ve İrak-i Acemde hakimiyet mücadileleri, -Türk kültürü Araştırmaları, Y.I, XXII/1-2, Ankara,1984
  12. Mirxond. Rövzət əs-səfa. c. VI. Tehran, 1338, h.ş, 
  13. Петрушевский И. П., Государства Азербайджана в XV в., Сб. ст. по истории Азербайджана, в. 1, Баку, 1949
  14.  Aka İ. Timur ve devleti, Ankara, 1991
  15. Fərzəliyev Ş. Azərbayсan XV-XVI əsrlərdə, Bakı, 1983
  16. Uzunçarşılı İ.H. Anadolu beylikleri ve Akkoyunlu, karakoyunlu devletleri, Ankara, 1969
  17. Aka İ. İranda Türkmen hakimiyyeti (Kara Koyunlular devri), Ankara, 2001
  18. Hamnei A.A. Akkoyunlu Karakoyunlu ilişkileri ve Safevi hükümetinin kuruluşu, Ankara, 1974 (Basılmamış doktora tezi).
  19. Uzunçarşılı İ.H. Anadolu beylikləri və Akkoyunlu, Karakoyunlu Devletleri, Ankara, 1967
Paylaş: