16.05.2024 09:05
15 may 2024-cü il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
“Məhəmməd Füzuli: dövrü və mühiti” adlanan tədbirdə çıxış edən “Azərbaycanın XV-XVIII əsrlər tarixi”şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli Məhəmməd Füzuli ədəbi irsinin yüzillərdir ki, ədəbiyyatımızda, tariximizdə mühüm yer tutduğunu, bu gün də öz aktuallığı ilə diqqəti cəlb etdiyini söyləyib. Şöbə müdiri Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixində sərəncam imzaladığını diqqətə çatdırıb, bu sərəncamdan irəli gələrək bir çox tədbirlərin, layihələrin həyata keçirildiyini bildirib. T. Nəcəfli Məhəmməd Füzulinin yaradıcılığından nümunələr gətirərək bunların konkret tarixi hadisələrlə, proseslərlə bağlı olduğunu deyib.
“Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, t.e.d., prof. Şahin Fərzəliyev “Füzulinin qəzəllərinə yazdığım təzmin və təxmislər” adlı məruzə ilə çıxış edərək Füzuli yaradıcılığının incəliklərini izah edib, konkret şeir nümünələri misal gətirərək maraqlı izahatlar verib.
Tarix və Etnologiya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent Bəhmən Əliyev çıxış edərək M.Füzulinin həyat və yaradıcılığının Səfəvi-Osmanlı tarixinin ən gərgin, maraqlı dövrünə düşdüyünü, böyük şairin yaradıcılığında öz dövrünün reallıqlarının əks olunduğunu vurğulayıb.
“Azərbaycan ədəbiyyatının Məhəmməd Füzuli zirvəsinə aparan tarixi yoluna baxış” adlı məruzə ilə çıxış edən t.e.d., dosent Xeyirbəy Qasımov bildirib ki, Məhəmməd Füzuli (1494 - 1556) yeniləşmiş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi olub, əsərlərini Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Xeyirbəy Qasımov M.Ə.Rəsulzadənin Məhəmməd Füzulinin sayəsində “Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan oldu”-fikrinə istinad edərək dahi şairimizin Azərbaycan tarixində, ədəbiyyatında, milli dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını söyləyib.
“Füzulinin həyat və yaradıcılığı Qərb tədqiqatçılarının əsərlərində” adlı məruzə ilə çıxış edən t.ü.f.d., dos. Əhməd Quliyev bildirib ki, Şərqin üç böyük dilində – türk, ərəb və fars dillərində sənət nümunələri yaratmış dahi Məhəmməd Füzulinin poetik-fəlsəfi əsərləri dünya ədəbiyyatının misilsiz sərvətidir.
Füzulinin yaradıcılığı Qərb tədqiqatçılarının diqqətini də cəlb edib və onun ədəbi irsinin tədqiqi sahəsində Qərbi Avropa şərqşünaslarının özünəməxsus rolu vardır. Qərbi Avropada ilk dəfə məşhur Avstriya şərqşünası Hammer Purqştal “Osmanlı ədəbiyyatı tarixi” əsərinin ikinci cildində Füzulidən bəhs edib. Əhməd Quliyev bildirib ki, avropalı alim Gibb Füzulinin qəzəl, müxəmməs və rübailərini, “Leyli və Məcnun”, “Bəngü Badə” və “Hədiqətüs-süəda” əsərlərindən bəzi hissələri) ingilis dilinə çevirərək, özünün “Osmanlı ədəbiyyatı tarixi” əsərinə daxil edib və bunlar Füzuli şerinin ingilis dilində ən yaxşı elmi və bədii tərcümələri hesab olunur . Türkiyə yazıçısı Sofi Hurinin “Leyli və Məcnun” poemasının tərcüməsi isə ingilis dilində ilk tam nəşri sayılır. 1987-ci ildə ABŞ-da nəşr olunmuş “Rus və Sovet ədəbiyyatının müasir ensiklopediyası” toplusunda ədəbiyyatşünas Keyt Hitçins Füzulinin yaradıcılığının yüksək qiymətləndirib. Çikaqo Universitetinin professoru Robert Dankoff 2008-ci ildə nəşr edilmiş “Mahmud Kaşğaridən Övliya Çələbiyə qədər” adlı əsərində Füzulinin “Leyli və Məcnun” poemasını “türk məsnəvi ənənəsinin kulminasiya nöqtəsi” kimi səciyyələndirib.
Dəyirmi masada məruzələr ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.
_____________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi