05.06.2018 23:06
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ilk magistrantları dissertasiya işlərini müdafiə ediblər.
Magistrantların dissertasiya işləri Azərbaycan xalqının təşəkkülü tarixinə həsr olunub.
Tarix İnstitutunun magistrantları Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə ixtisaslaşıb, o cümlədən qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrəniblər. Onlar qədim mixi yazılar əsasında araşdırmalar edərək, dissertasiya işlərini yazıblar.
İnstitutun ilk magistrantları Əsmər Göyüşova, Selcan Məmmədzadə və Zərövşən Hüseynlidir.
Ə.Göyüşova “İrandilli tayfaların Azərbaycana miqrasiyasının ölkənin etno-siyasi mənzərəsinə təsiri (e.ə. XII-VI əsrlər)” adlı tədqiqatında irandillilərin miqrasiyasını, arxeoloji izlərini və ölkəmizin ictimai-siyasi həyatına təsirlərini, S.Məmmədzadə “Qədim skif-sak tayfalarının Azərbaycana miqrasiyasının ölkənin etno-siyasi mənzərəsinə təsiri (e.ə.VIII-VII əsrlər)” adlı tədqiqatında skiflərin dilini və etnik mənsubiyyətini, Z.Hüseynli isə “Qədim türk etnoslarının Azərbaycanın etno-siyasi tarixində rolu və yeri (III –VII əsrlər)” adlı tədqiqatında erkən orta əsrlərdə türk xalqlarının ölkəmizdəki etno-siyasi proseslərə təsirini araşdırıblar.
Tarix İnstitutunda magistr dissertasiyalarının müdafiəsini keçirən ixtisaslaşdırılmış elmi şuranın sədri AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik-katibi, akademik Nərgiz Axundovadır və Elmi Şuranın üzvləri dissertasiya işlərini yüksək dəyərləndiriblər.
Akademik Yaqub Mahmudov bildirib ki, sovet dönəmində regionun ən qədim etnosu kimi xalqımızın ulu babaları deyil, irandilli tayfalar təqdim olunurdu. Saxtakarlığa yol verilərək ermənilər aborigen əhali kimi göstərilir, xalqımıza saxta tarix təqdim edilirdi. O, bu baxımdan dissertasiya işlərinin əhəmiyyətini xüsusi vurğulayaraq, tədqiqatların kitab şəklində çap olunacağını bildirib.
Elmi Şuranın üzvləri dissertasiya işlərini maraqla qarşılayaraq, magistrantlara çoxsaylı suallar vermişlər.
Xatırladaq ki, 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.