AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-da 2 Fevral – Azərbaycan Gəncləri Gününə  həsr olunmuş tədbir keçirilib

01.02.2024 13:41

Yanvarın 31-də AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, , AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və üzvləri, eləcə də respublikanın elm və ali təhsil müəssisələrinin müəllimləri, gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətinin güclənməsi, möhkəmlənməsi və inkişafında gəncliyin rolunun daha da artırılması, onların ölkəmizin ictimai-siyasi həyatında daha da yaxından iştirakının təmin edilməsi məqsədilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumunun keçirildiyini və bundan irəli gələrək 1997-ci ildən etibarən həmin tarixin Ümummilli Liderin Sərəncamı ilə Gənclər Günü kimi qeyd olunduğunu söyləyib. Qeyd edib ki, həmin dövrdən etibarən gənclər ölkəmizin həyatında və beynəlxalq arenadakı tədbirlərdə yaxından iştirak etməyə başladılar, dövlət idarəetməsində yuxarı vəzifələrə çəkildilər, Azərbaycanda müstəqil gənclər təşkilatları formalaşdı.
Akademik İsa Həbibbəyli, həmçinin elmi məktəblər ənənəsinin davam etdirilməsi və yeni elmi nəsillərin formalaşdırılması məqsədilə doktorant və dissertantlara göstərilən diqqət və qayğının artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan elminin, gəncliyinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı uğrunda atdıqları bütün addımları dəstəklədiklərini, dövlətimizin tapşırıqlarını həyata keçirmək üçün var qüvvələri ilə bundan sonra da çalışmağa davam edəcəklərini söyləyib.

  Sonra tədbirdə ölkəmizdə elm sahəsində fəaliyyətinə görə fərqlənən Milli Aviasiya Akademiyasının müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədova “İlin qalib gənc alimi” və Akademiyanın ictimai həyatında fərqlənən bir sıra gənclərə isə “İlin gənc alimi” mükafatları təqdim olunub.

Mükafat alanlar sırasında Tarix və Etnologiya İnstitutunun " Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin elmi işçisi Orucova Aynur da var.

Tədbirdə çıxış edən Aynur Orucova bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində istər siyasi, istər iqtisadi, mədəni, istərsə də elmi sahələrdə aktiv fəaliyyəti ilə seçilir. Gənclərin fəaliyyəti üçün dövlətin yaratmış olduğu geniş imkanlar isə onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə və ölkəmizin gələcəyi uğrunda inamlı addmlar atmağına dəstək olur. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Təsadüfi deyil ki, Azərbaycanın gələcəyinin gənclərlə bağlı olduğunu bilən Ulu Öndərimiz gənclər siyasəti ilə bağlı, gənc nəslin yetişdirilməsi üçün böyük işlər görmüşdü. Ulu Öndərimizin Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırması onun üçün gənclərin bir ölkənin inkişafı üçün nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu göstərirdi.

 Ümummilli Liderin məhz gənclərin təşəbbüsünə göstərdiyi dəstək əsasında ölkəmizdə 1996-cı ildən Azərbaycan gənclərinin forumları keçirilmişdir. “Gənclər gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. O, bu məsələlərə daim böyük diqqət göstərmişdir. 1997-ci ildə sərəncam imzalayaraq, 2 fevralı “Gənclər Günü” elan etdi. Artıq 20 ildən çoxdur ki, ölkəmizdə bu gün böyük təntənə ilə qeyd edilir.

Akademiyanın Bakıxanov adına Tarix və Etnologya İnstitutunda yaradılmış olan elmi mühit həm gənc kadrların sayının artırılmasına diqqət yetirilir, həm də biz gənclərin inkişafına, elmi fəaliyyətimizin aparılmasına şərait yaradılır.

Keçən ildən Akademiya rəhbərliyi tərəfindən “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafat təsis olunmuşdur. Bu kimi qərarların verilməsi və mükafatların təsis edilməsi, həvəsləndirici tədbirlərin görülməsi gənclərin elmlə məşğul olmasına, bu sahəyə yönəlməsinə sövq edə bilər, həmçinin gənclərin ölkədaxili və xarici ezamiyyətlərə göndərilməsi, xüsusi layihələrin, xarici proqramların təşkil olunması bu prosesdə təşviqedici amillərdir.

2023-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə hər institutdan bir gənc alimin elmi ezamiyyətə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərar bizim institutda da tətbiq edilmişdi. Biz çox istəyirik ki, bu təcrübə bu il də tətbiq olunsun.

Bu il bu mükafata layiq görülənlərdən biri də mənəm. Gənc tədqiqatçı olaraq bu mükafata layiq görülməm mənim üçün böyük bir motivasiyadır. Bunun üçün başda akademiyanın prezidenti İsa müəllim Həbibbəyliyə, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasına və əməkdaşı olduğum Tarix və Etnologiya İnstitutunun rəhbəri professor Kərim Şükürova öz təşəkkürümü bildirirəm.

Mənim elmi araşdırmam “İtaliya səyyah və diplomatlarının əsərlərində Azərbaycan tarixi məsələləri” adlanır...

Çıxışımı prezidentimizin sitatı ilə bitirmək istəyirəm. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir.”

İclasın sonunda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirə yekun vurmuşdur

_________

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: