AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 140 illinə həsr olunmuş dəyirmi masa keçirilib

01.02.2024 12:22

29 yanvar 2024-cü il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya institutunda “Rəsulzadənin Azərbaycan tarixində yeri” mövzusunda  M.Ə.Rəsulzadə   140 illiyinə həsr olunmuş  dəyirmi masa keçirilib.

İclası giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini,tarix elmləri doktoru İlqar Niftəliyev  Azərbaycan Respublikası Prezidentinin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən, Tarix və Etnologiya institutunda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri  Məhəmməd Əmin Rəsulzadənin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş  tədbirlərin təşkil edildiyini bildirdi.İ.Niftəliyev M.Ə.Rəsulzadənin keşməkeşli həyatından və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışdı.

Daha sonra tarix elmləri doktoru, professor, “Dünya tarixi” şöbəsinin müdiri İradə Bağırova “M.Ə.Rəsulzadənin Avropada mühacirət həyatı”adlı məruzə ilə çıxış edib.İ.Bağırova qeyd edib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin həyatının ən parlaq dövrlərindən birini 1922-1955-ci illəri əhatə edən mühacirət dövrü hesab etmək olar. 1922-ci ildə Türkiyəyə mühacirət etməyə məcbur olan Rəsulzadə özünəməxsus enerjisi ilə bu ölkədə aktiv fəaliyyət göstərirdi. Burada o, “Azəri-Türk”, “Odlu Yurd”, “Bildiriş” jurnallar  nəşr etməyə başladı. 1923-cü ildə İzmirdə xüsusi mükafata layiq görülən “Azərbaycan Cümhuriyyəti” kitabı nəşr olundu. Eyni zamanda M.E.Rəsulzadə və onun tərəfdarları Müsavat partiyasının xarici bürosunu, eləcə də vəzifəsi bütün daxili mühacirəti birləşdirmək olan Azərbaycan Milli Mərkəzini yaratmağa müvəffəq oddular. Hər iki təşkilatın əsas çap orqanı “Yeni Kavkaziya” jurnalı idi.
     1925-ci ildə Türkiyə ilə SSRİ arasında dostluq və netralitet barədə müqavilə imzalandı. Bundan sonra Moskvanın təzyiqi ilə Türkiyə hökuməti bütün rus mühacirətinin, o cümlədən azərbaycanlıların fəaliyyətinə qadağa qoymağa  məcbur oldu. Bu şəraitdə, M.Ə.Rəsulzadə də bir çox siyasi mühacir kimi Qərbdə, xüsusən də Polşada sığınacaq tapır.
1935-ci ilin fevralında Polşanın paytaxtı   Varşava şəhərində  keçirilən konfransda “Qafqaz məsələsi və Rusiya” adlı qəbul edilən sənəddə Qafqaz xalqlarının Konfederasiyaya birləşərək Qafqazda müstəqil respublikaların  yaradılması əsas fəaliyyət istiqaməti kimi müəyyən edilir. Bu işə rəhbərlik etmək üçün  M.Ə. Rəsulzadə, N. Jordaniya və M.Q. Sunjevdən ibarət rəyasət heyəti təşkil edildi.
    İkinci Dünya müharibəsi illərini Rəsulzadə əsasən Rumıniyada keçirdi. 1947-ci ildə  o, yenidən  Türkiyəyə qayıdır və 1949-cu ildə burda Azərbaycan Kültür dərnəyini təşkil edir. 1952-ci ildən «Azərbaycan» jurnalını nəşr etməyə başlayır. Ömrünün sonuna qədər M.Ə.Rəsulzadə Azərbaycan Milli Mərkəzinin rəhbəri kimi çalışır və ölkəsinin istiqlaliyyəti uğrunda mübarizəsini dayandırmır.

Azərbaycan Cumhuriyyəti şöbəsinin böyük elmi işçisi Aygün Əzimova “M.Ə.Rəsulzadənin Cümhuriyyətə qədərki ictimai-siyasi fəaliyyəti (fevral 1917- may 1918)” adlı məruzə ilə çıxış edib. A.Əzimova məruzəsində Azərbaycan üçün taleyüklü bir dövrdə Rəsulzadənin fəaliyyətinin mühüm məqamlarını təhlil etdi. Məruzəçi bildirdi ki, Rəsulzadə bu dövrdə xalqın siyasi cəhətdən maariflənməsi, təşkilatlanması məqsədi ilə geniş fəaliyyət göstərmişdir. Azərbaycanlıların Fevral inqilabından sonrakı demokratikləşmə prosesində iştirakı məqsədi ilə onların mütəşəkilliklə  seçkilərdə iştirakını təşviq etmişdi.
 Daha sonra A.Əzimova Rəsulzadənin  1917-ci il Qafqaz Müsəlmanları  və Ümum-Rusiya müsəlmanları qurultaylarında, eləcə də Bakının ictimai siyasi həyatında olan mühüm hadisələrdə iştirakına diqqət çəkdi və bir siyasi xadim kimi onun güclü təşkilatlandırma və kütlələrə rəhbərlik bacarığını vurğuladı. Məruzəci həmçinin Rəsulzadənin Azərbaycanın muxtariyyəti ilə bağlı baxışlarınındakı dəyişikliklər barədə də danışdı və milli istiqlal mübarizəsində onun mühüm rolunu qeyd etdi.

Sonda tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə “M.Ə.Rəsulzadənin sosial-iqtisadi görüşləri”adlı məruzə ilə çıxış etmişdir. O, bildirdi ki, M.Ə.Rəsulzadənin dünyagörüşünün formalaşmasında sosial-demokratiya ideyaları mühüm rol oynamışdır. Zəhmətkeş xalqın, fəhlə və kəndlilərin azad olunması, onların maddi vəziyyətinin yaxşılaşdırılmasının tərəfdarı olmaqla yanaşı Rəsulzadənin baxışlarında milli təsanüd (həmrəylik, solidarizm) prinsipi başlıca yer tutur. Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət başçısı, Milli Şuranın sədri və daha sonra Parlamentin ən nüfuzlu fraksiyası olan Müsavat fraksiyasının lideri olaraq Rəsulzadə bu prinsipi dövlət səviyyəsinə qaldırmağa çalışdı. Rəsulzadənin və, ümumiyyətlə, Cümhuriyyət rəhbərlərinin  Azərbaycanın iqtisadi inkişafı ilə bağlı baxışlarında  - azad yoxsa dövlət tərəfindən nəzarət olunan iqtisadi modelin seçilməsinə dair münasibəti AXC-nin iqtisadi siyasətində dövlət inhisarçılığı, liberal iqtisadiyyat və sosialist tənzimləmənin elementlərinin birləşməsində öz əksini tapdı. Məruzəçi Rəsulzadənin sosial-iqtisadi baxışlarına görə etatist olduğunu, o milli dövlətçiliyin inkişafını  sosial ədalət və iqtisadi rifahla şərtləndirdiyini vurğuladı.

Tarix elmləri doktoru, dosent Vasif Qafarov “M.Ə.Rəsulzadənin İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti (iyun – oktyabr 1918-ci il)”adlı məruzəsində M.Ə.Rəsulzadənin Azərbaycan milli hərəkatındakı rolunu çox yüksək qiymətləndirməklə yanaşı, Rəsulzadənin Trabzon, Batum və İstanbul konfranslarındakı fəaliyyətini geniş şərh etdi və qeyd etdi ki, Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyətinin müşaviri və tərcüməçi, Batum konfransında isə nümayəndə kimi iştirak edən M.Ə.Rəsulzadənin Osmanlı hərbi yardımının Azerbaycana təmin edilməsində və Azərbaycanın istiqlaliyyətinin təmin edilməsindəki xidmətləri əvəzsizdir. Azərbaycan Cümhuriyəti hökumətinin bağladığı ilk beynəlxalq müqavilə olan Batum müqavilələrini imzalayanlardan da biri məhz Rəsulzadə olub. Vasif Qafarov həmçinin qeyd etdi ki, M.Ə.Rəsulzadə gördüyü bütün digər böyük işlərlə yanaşı, həmçinin Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə göndərdiyi ilk diplomatik missiyanın - İstanbul konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Bu heyət 4 aya yaxın bir müddət ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda gərgin iş aparıb və Azerbaycanın maraqlarını qoruyub. Bütün ömrünü Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə həsr edən M.Ə.Rəsulzadənin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri böyükdür və əvəzsizdir. Bütün bu xidmətlərinə görə də Rəsulzadə xalqımız və dövlətimiz tərəfindən böyük hörmət və ehtiramla anılır.

Tarix elmləri doktoru, professor Mais Əmrahov konfransda söz alaraq, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın 2024-cü il yanvarın 26-da keçirdiyi brifinqi xatırlatdı. Bildirdi ki,  brifinqdə erməni jurnalist Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sual ünvanlayıb. Erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, ADR qurucusu Böyük Vətən Müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib”.
M.Əmrahov xatırlatdı ki, 1941-1945-ci illər müharibəsi zamanı Berlində təsis edilən və fəaliyyət göstərən Mühacir Azərbaycan Komitəsi və azərbaycanlı legionların müharibədə iştirakı Azərbaycan sovet tarixşünaslığında tədqiq edilməyən mövzulardandır. Doğrudur, Sovet dövrünün sərt inzibati amirlik sistemi və Kommunist Partiyasının siyasi ideoloji konsepsiyasından kənara çıxa bilməyən tədqiqatçılar bu mövzunu ətraflı araşdırmamış, A.Hitler ordusu tərəfində SSRİ-yə qarşı vuruşan azərbaycanlılardan təşkil olunmuş legionerlərin döyüş yolu və hərbi fəaliyyəti araşdırmadan kənarda qalmış, yalnız müstəqillik illərində yenidən geniş araşdırılmağa başlanılmışdır. Təəssüf hissi ilə bildirməliyik ki, son tədqiqatlarda da problemə münasibətdə ikili standartlar hiss olunmaqdadır. Belə ki, İkinci dünya müharibəsi illərində Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti birtərəfli araşdırıldığından bəzi müəlliflər onu hitlerçilərlə əməkdaşlıqda ittiham edir, “sosializmin düşməni” kimi göstərirlər.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparıldı.
_______
İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: