AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu  2023-cü il üzrə hesabatını təqdim etdi

07.12.2023 19:44

6 dekabr 2023-cü il tarixində Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının hesabat iclası keçirilmişdir.

İclası institutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq Elmi şura üzvlərini və qonaqları salamlamışdır. O, bildirmişdir ki, Tarix və Etnologiya İnstitutu üçün 2023-cü il çox məsuliyyətli il olsa da, institut əməkdaşlarının gərgin əməyi ilə qarşıya qoyulan məqsədlərin bir çoxuna nail olunmuşdur. Cari ildə institutun həyatında baş verən ən mühüm işlərə diqqət çəkən Kərim Şükürov bildirmişdir ki, bunların içərisində etnoqrafiya şöbələrinin Tarix İnstitutuna birləşdirilməsi xüsusi yer tutur və institutun fəaliyyət istiqamətini genişləndirir, qarşısına yeni öhdəliklər qoyur. O, hesabat ilində institutda aparılan təşkilati işlər barədə məlumat verdikdən sonra institutun 2024-cü il üçün planları və perspektivlər barədə də danışmış, gələcək fəaliyyət planında müasir elmi çağırışlara cavab verən, eyni zamanda, ölkə əhəmiyyətli elmi-tədqiqatların aparılmasının vacibliyini vurğulamışdır.

 Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova 2023-cü il üçün müəssisənin elmi-tədqiqat işləri barədə yekun hesabatı təqdim etmişdir. O, ilk növbədə hesabat ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamın icrası ilə bağlı görülən işlərdən danışmış, institutda keçirilən “Heydər Əliyevin regionun inkişaf etdirilməsi siyasəti və müasir mərhələdə Azərbaycanın regional inkişafı” adlı respublika elmi konfransı, “Heydər Əliyev-100” və “Heydər Əliyev və türk dünyası” adlı dəyirmi masalar, “Heydər Əliyev irsi dünya arenasında” və (Heydər Əliyev: müasir Azərbaycan dövlətinin banisi( adlı respublika elmi konfransları barədə məlumat vermişdir. Hesabat ilində institutda Ulu Öndərə həsr olunmuş 3 kitabın  («Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi», Bakı:Nəşriyyat, 2023, 410 s.; Nazim Məmmədov. «Qarabağın inkişaf konsepsiyası (1960-cı illərin sonları-1980-ci illərin əvvəlləri), Bakı: Optimis, 2023, 304 s., Нифталиев Ильгар. Роль Гейдара Алиева в обеспечении территориальной целостности Азербайджана (1960-1991). От-дел «Издательство», Баку, 2023,  442 стр.) nəşr olunduğunu da diqqətə çatdırmışdır. 
O, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında” 2022-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Tarix və Etnologiya İnstitutunda keçirilən tədbirlər barədə məlumat vermiş, hesabat ilində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa”nın maddi-mədəniyyət abidələri erməni vandallarının hədəfində”, “Şuşada bərpa və quruculuq işləri: nailiyyətlər və perspektivlər” mövzusunda dəyirmi masaların və (Şuşa türk dünyası tarixində( mövzusunda elmi konfransın keçirildiyini bildirmişdir. 
Ellada Bəkirova bildirmişdir ki, İnstitutunun əməkdaşları elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycan tarixinin tədqiqi” və “Ümumi tarix” elmi istiqamətləri üzrə araşdırma aparmış, “Azərbaycan tarixinə dair ümumiləşdirici tədqiqatlar”, “Tarixşünaslıq və mənbəşünaslıq tədqiqatları”,  Əliyevşünaslıq tədqiqatları”, “Azərbaycanın ictimai-siyasi tarixi”, “Sosial-dini tarix”, “Azərbaycanın tarixi bölgələrinin tədqiqi”, “Beynəlxalq münasibətlər tarixi”, “Cənubi Qafqazın siyasi tarixi” adlı 9 problemlərini tədqiq etmişlər. İnstitut 2023-cü il ərzində 3 beynəlxalq elmi konfrans, 10 respublika konfransı, 13 dəyirmi masa, 2 elmi sessiya, 6 elmi seminar, 1 elmi forum keçirmişdir. Bunların içərisində 14 aprel 2023-cü il tarixində keçirilən “Qafqaz Albaniyası: Dini və sosial həyatı” X Beynəlxalq konfransı vurğulayaraq qeyd etdi ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə, Cənubi Koreya, Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Böyük Britaniya, Norveç və Litvanı təmsil edən tədqiqatçı alimlər, mütəxəssislər Albaniya tarixinin müxtəlif məsələləri ilə bağlı məruzə etmişlər. Həmçinin, institutun noyabrın 29-da Türk Tarix Qurumu ilə birgə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans keçirilmiş, Türkiyədən 16 nüfuzlu alimin qatıldığı konfransda İrəvan və bütövlükdə Qərbi Azərbaycan tarixi ilə bağlı müxtəlif mövzularda məruzələr dinlənilmişdir. 
Hesabatda bildirildi ki, 2023-cü ildə institutun əməkdaşları tərəfindən 400-dən çox əsər, o cümlədən 34 kitab, 200-dən çox məqalə, 180 məruzə və tezis çap olunmuşdur ki, kitablardan ikisi, məqalələrdən isə 46-sı impakt faktorlu jurnallarda olmaqla 90-ı xaricdə nəşr olunmuşdur. İnstitut nəşr etdiyi əsərlərin əlçatanlığını artırmaq məqsədilə bu il ilk dəfə olaraq elektron kitab fəaliyyətinə başlamış və il ərzində 10-dan çox əsər bu formata uyğun hazırlanaraq rəsmi veb-saytda yerləşdirilmişdir. 
Tarix İnstitutunun əməkdaşları dövriyyəyə yeni sənəd və materialların gətirilməsi işini də diqqətdə saxlamış, institut əməkdaşları Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Ankara Dövlət Universitetinin “Eski çağ mədəniyyətlər və dillər” bölməsi – İnstitutun elmi işçisi Ramin Əlizadə qədim dillərin öyrənilməsi sahəsində nailiyyətlərlə tanış olmaq və mövzusu üzrə material toplamaq üçün (21 may – 1 iyun 2023-cüil tarixləri), institutun kiçik elmi işçisi Selcan Həşimova isə 5-15 noyabr tarixlərində eyni universitetdə ezamiyyətdə olmuşdur. Bundan başqa, Rusiya Federasiyası Moskva şəhərinin Rusiya Dövlət Arxivi, Rusiya Dövlət Sosial-Siyasi Tarix arxivi və Rusiya Dövlət Kino-foto sənədlər arxivində “Heydər Əliyevin Vyetnama səfərinin 40 illiyinə həsr olunmuş sənədlər toplusuna material toplamaq üçün institutun aparıcı elmi işçisi Aypara Rüstəmova və elmi işçi Cəmilə Məmmədova (19-29 aprel 2023), Rusiya Federasiyası Moskva şəhərinin Rusiya Dövlət Arxivi 1948-1953 və 1988-1991-ci illərdə Ermənistan SSR ərazisindən azərbaycanlıların Azərbaycan SSR ərazisinə köçürülməsi mövzusunda tədqiqat aparmaq üçün institutun aparıcı elmi işçisi Ziyad Əmrahov və Bəxtiyar Həsənov (15-30 iyun 2023), Böyük Britaniyanın London şəhərində Britaniya kitabxanasında Səfəvilər dövlətinin tarixinə dair mənbələri araşdırmaq məqsədi ilə institutun aparıcı elmi işçisi Əhməd Quliyev (17-24 iyun 2023), Rusiya Federasiyasının Moskva şəhərindəki Rusiya Dövlət Hərbi Tarix Arxivindən “Azərbaycan əhalisi XVIII-XX əsrlərdə” mövzusu üzrə etnodemoqrafik, etnostatistik və etnoqrafik materiallar toplamaq üçün institutun aparıcı elmi işçisi Rafiq Səfərov(07-17 noyabr 2023) elmi ezamiyyətdə olmuşlar.

Tarix İnstitutunun portalı mütəmadi olaraq yenilənir, institutda görülən işlər, keçirilən beynəlxalq və respublika səviyyəli konfranslar, sessiyalar, dissertasiya müdafiələri haqqında məlumatlar, institutun təhsil fəaliyyəti ilə bağlı məlumatlar və sənədlər davamlı olaraq portalda, həmçinin institutun rəsmi feysbuk, instaqram, tvitter səhifələrində paylaşılır. İnstitutun rəsmi Youtube səhifəsində hesabat ilində “Tarixi şəxsiyyətlər” adlı layihə üzrə institutun əməkdaşlarının çıxışları yerləşdirilmişdir.

 Hesabatda bildirildi ki, cari il ərzində institutda elmi kadrların hazırlanması prosesi davam etdirilmiş, yeni doktorant və dissertantlar qəbul edilmiş, onlara Azərbaycan tarixinin prioritet istiqamətləri üzrə mövzular təklif edilmişdir. Hazırda institutda 24 nəfər doktorant (fəlsəfə doktorluğu üzrə),12 nəfər dissertant (fəlsəfə doktorluğu üzrə), 4 nəfər doktorant (elmlər doktorluğu üzrə), 30 nəfər dissertant (elmlər doktorluğu üzrə) təhsil alır. Hesabat ili ərzində ED.1.30 saylı Dissertasiya Şurasında 4 nəfərin (2 nəfər Tarix İnstitutunun əməkdaşı, 1 nəfər dissertantı olmaqla) elmlər doktoru və 12 nəfərin (5 nəfər Tarix İnstitutundan olmaqla) fəlsəfə doktoru dissertasiyasının da müdafiələri keçirilmişdir.
İclasda iştirak edən AMEA-nın müxbir üzvləri Şahbaz Muradov və Könül Bünyadzadə sonda çıxış edərək hesabata münasibətlərini bildirmiş, təklif və tövsiyələrini səsləndirmişlər.

____________

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: