17.05.2018 12:01
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr-XX əsrin 20-ci illəri)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.
Dissertasiya işinin müəllifi Hacı Abdulla, elmi rəhbər isə institut direktoru, akademik Yaqub Mahmudovdur.
Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. “Virtual Qarabağ” İKT Mərkəzi ilə birgə “İrəvan - gizlədilmiş həqiqətlər” və “Zəngəzur” sənədli filmlərini hazırlamışıq. Tarix İnstitutunda “Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır”.
Bildirilib ki, dissertasiyada Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XIX-XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur bölgəsində əhalinin demoqrafik durumu sistemli şəkildə, arxiv materialları əsasında tədqiq olunub.
Dissertant Hacı Abdulla çıxışında qeyd edib ki, 1917-ci ildə erməni təcavüzü nəticəsində Zəngəzur qəzasının 109 kəndi dağıdılmış və müsəlman əhalisinin sayı xeyli azalmışdı: “Arxiv sənədləri sübut edir ki, 1918-1920-ci illərdə ermənilər Zəngəzurda on minlərlə dinc türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının materiallarının 2 cildi Zəngəzur qəzasındakı soyqırımları əks etdirir”.
Qeyd edək ki, Xalq Cümhuriyyəti hökumətinin xarici işlər naziri Fətəli xan Xoyski Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə göndərdiyi notada bildirirdi ki, Ermənistan ordusu üzərinə götürdüyü öhdəlikləri pozaraq qısa vaxt ərzində Zəngəzurda 40-a yaxın Azərbaycan kəndini dağıdıb.
Hacı Abdulladan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “Çar Rusiyasının işğalından sonra Şimali Azərbaycanın tarixi ərazi sistemində aparılan dəyişikliklər (XIX-XX əsrin əvvəlləri)” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Elmir Əliyev, elmi rəhbər isə akademik Yaqub Mahmudovdur. Məlumat üçün bildirək ki, dissertasiyanın başlıca mənbə bazasını Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin və xarici ölkələrin arxiv sənəd və materialları təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.