AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun saytının E-kitablar bölməsi zənginləşdirilir

09.08.2019 23:03

İNSTİTUT SOSİAL ŞƏBƏKƏLƏRDƏ AKTİVDİR, MÜƏSSİSƏNİN FEYSBUK SƏHİFƏSİ VƏ “YOUTUBE” KANALI MÖVCUDDUR

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının elektron oxu zalı fəaliyyət göstərir. Elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb. Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”. - bunu TED.az-ın sorğusuna cavabında Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov bildirib.

N.Xəlilov qeyd edib ki, son illərdə Tarix İnstitutunda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb: “Bu elm müəssisəsinə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər şəhərlərdən 100 mindən çox arxiv sənədi gətirilib. İnstitutun Elmi Arxivi və Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı, elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr və s. var”.

İnstitutun sözçüsü bildirib ki, kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır:“Bunların sırasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar var”.

N.Xəlilovun sözlərinə görə, Tarix İnstitutunun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları da var: “İnstitutda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilir”.

 

“Tarix İnstitutu Rusiyanın “Sovremennaya nauçnaya mısl” və “Voprosı İstorii”, Türkiyənin “Akademik Tarix və Düşüncə” jurnalları ilə əməkdaşlıq edir. Yaxınlarda institutun “Azərbaycan tarixşünaslığı” adlı beynəlxalq jurnalı çap olunacaq. Bu jurnalların elektron versiyası elmi müəssisənin saytında yerləşdiriləcək. Saytımızda institutun “Elmi Əsərləri” adlı jurnalının cildlərinin pdf versiyası var. 2018-ci ildə institutumuzun saytı (tarixinstitutu.az) yenilənib və 3 dildə fəaliyyət göstərir. Saytın ana səhifəsi “İnstitut haqqında”, “Xəbərlər”, “Tarixçilər”, “Dövlətçilik tarixi”, “E-kitablar”, “Xəritələr”, “Qalereya”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarətdir. “E-kitablar” bölməsində oxuculara institutun nəşrləri təqdim olunur. Bu bölmədə institutun 150 nəşrinin pdf versiyası var. Hazırda “E-kitablar” bölməsi zənginləşdirilir”, - deyə institutun mətbuat katibi qeyd edib.

N.Xəlilov əlavə edib ki, institut sosial şəbəkələrdə aktivdir, müəssisənin Feysbuk səhifəsi və Yutub kanalı mövcuddur.

MənbəTarix İnstitutunun saytının E-kitablar bölməsi zənginləşdirilir

Paylaş: