AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Türklərin xalq təbabəti”

23.04.2026 17:46

23 aprel 2026-cı il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin təşkilatçılığı ilə “Türklərin xalq təbabəti” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev tədbirin əhəmiyyətindən danışaraq, türk xalqlarının zəngin xalq təbabəti ənənələrinin müqayisəli və kompleks şəkildə araşdırılmasının vacibliyini vurğuladı.

Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu türk xalqlarının etnoloji irsi və bu irsdə xalq təbabətinin yeri barədə fikirlərini bölüşdü. Güllü xanım türk xalqlarının mənəvi aləmində, məişətində xalq təbabəti ilə bağlı oxşarlıqların olduğunu vurğuladı və maraqlı bir faktı xatırlatdı: “ Hələ 1998-ci ilin yayında Tıvaya səfərimiz zamanı kəklikotunun yandırılaraq tüstüsünün ətrafa verildiyinin, bunun şər qüvvələrin, xəstəliyin, gözdəymənin qarşısını almaq məqsədilə edildiyinin şahidi olmuşduq. Tıva xamlarına (şamanlara) deyəndə ki, Azərbaycanda kəklikotunu xörəyə tökür, çayını dəmləyib içirlər, onlar həm təəccüblənmiş, həm də bunun daha doğru, daha yaxşı olduğunu, içəridən, daxildən insanı qoruduğunu söylədilər”.
Tədbirdə iştirak edən qazaxıstanlı mütəxəssis, etno-psıxoloq, “Atamın Əmanəti” ictimai birliyinin həmtəsisçisi Aliyə Saqımbayeva “Türk xalqlarının xalq təbabəti etnokultural və psixoterapevtik perspektivdə: ənənələr, mənalar və müasir tətbiq” mövzusunda məruzə ilə çıxış etdi. O, ənənəvi müalicə üsullarının müasir dövrdə tətbiq perspektivi haqqında, Qazaxıstanda geniş yayılmış xalq müalicə üsulları haqqında məlumat verdi, Qazaxıstan və Azərbaycanın ənənəvi xalq təbabəti müstəvisində maraqlı müqayisələr apardı.

Manual-terapiya üzrə mütəxəssis Sara Şərifova “Azərbaycan türklərinin xalq təbabəti” mövzusunda çıxış edərək, qədim müalicə metodlarının bu gün də aktuallığını qoruduğunu bildirdi.
Dəyirmi masa çərçivəsində iştirakçılar arasında türk xalqlarının xalq təbabəti ilə bağlı fikir mübadiləsi aparıldı, mövzu ətrafında müzakirələr təşkil olundu.

________________

İctimaiyyətlə əlaqələr şöbəsi
????070-253-75-93 
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: