15.04.2026 15:18
1920-ci illərin əvvəllərində Cənubi Qafqazın sovet respublikalarının federativ şəkildə birləşdirilməsi problemi regionun dövlət quruculuğu tarixində mühüm yer tutur. Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının (ZSFSR) yaradılması təkcə inzibati-siyasi tədbir olmayıb, eyni zamanda iqtisadi maraqların uzlaşdırılması, milli xüsusiyyətlərin nəzərə alınması və Moskvanın mərkəzləşdirici siyasətinin həyata keçirilməsi ilə müşayiət olunan mürəkkəb və ziddiyyətli bir proses idi. Bu kontekstdə 1920-1922-ci illərdə Azərbaycan SSR Xalq Komissarlar Şurasının sədri olmuş Nəriman Nərimanovun mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Onun çıxışları və məktubları federasiya ideyasına prinsipial etirazdan daha çox, onun həyata keçirilmə üsullarına qarşı yönəlmiş əsaslandırılmış tənqidi əks etdirirdi.
1920-1921-ci illərdə Cənubi Qafqazın sovetləşdirilməsi başa çatdıqdan sonra rəsmi bolşevik təbliğatı israrla bildirirdi ki, hər üç respublika öz suverenliyini qoruyub saxlamışdır və yeni sosialist inkişaf modeli xalq kütlələrinin arzularının həyata keçirilməsindən başqa bir şey deyil. Məhz bu dövrdə Kreml rəhbərliyi sovet respublikaları arasında yeni siyasi və iqtisadi birliyin yaradılması üzərində düşünürdü. Moskva dərk edirdi ki, milli ucqarlarla yeni münasibətlər çar Rusiyası dövründə mövcud olmuş münasibətlərdən köklü şəkildə fərqlənməli, lakin siyasi, iqtisadi və mənəvi inkişafın bütün əsas məsələlərinin həllində mərkəzin hegemonluğunu təmin etməli və eyni zamanda yeni birliyin hər üzvünün suverenliyi görüntüsünü qoruyub saxlamalı idi. Nəticədə, 1921-ci ilin əvvəllərinə doğru bolşevik rəhbərliyi Cənubi Qafqazın üç respublikasını federasiya şəklində birləşdirilməsi ideyasını irəli sürdü. Lakin bu yolda bolşeviklər dolayısı yollarla hərəkət etməli oldular. Respublikaların müstəqilliyinin qorunması ideyasını fəal şəkildə təbliğ edən Moskva onların siyasi birləşdirilməsi məsələsini son mərhələyə saxlamışdılar. İlk mərhələdə təsərrüfat məsələləri həll edilirdi: vahid dəmir yolları sistemi və xarici ticarət. Daha sonra xarici siyasətin və silahlı qüvvələrin birləşdirilməsi məsələsi gündəmə gəlməli idi. Yalnız sonda mərkəz ( söhbət burda Cənubi Qafqazın federal mərkəzindən gedir) ilə respublikalar arasında səlahiyyətlərin bölüşdürülməsi əsasında federativ dövlətin yaradılması məsələsi həllin tapmalı idi. Bu mərhələlərin hər biri müəyyən çətinliklər və mərkəzi hakimiyyətlə milli ucqarlar arasında fikir ayrılıqları ilə müşayiət olunurdu.
9 aprel 1921-ci il tarixində RK(b)P Mərkəzi Komitəsinin Qafqaz bürosunun katibi Q.Orconikidzeyə yazdığı teleqramda Sovet Rusiyasının Xalq Komissarları Şurasının sədri V. Lenin israrla “bütün Zaqafqaziya üçün vilayət təsərrüfat mərkəzi yaradılmasını” tələb edirdi. 11 apreldə o, Ümumrusiya Həmkarlar İttifaqları Mərkəzi Şurasının iclasında yenidən bu məsələyə qayıtdı. Kommunist fraksiyasının iclasında çıxış edən Lenin belə deyirdi: “Burada söhbət Qafqaz respublikalarının vahid təsərrüfat mərkəzində birləşdirilməsindən gedir: Gürcüstan, Azərbaycan və Ermənistan. Neft Azərbaycanda istehsal olunur, o Batum vasitəsilə, gürcü ərazisindən keçirməklə daşınmalıdır, buna görə də vahid təsərrüfat mərkəzi olacaq.”
16 aprel 1921-ci il tarixində Tiflisdə Gürcüstan, Ermənistan və Azərbaycanın dəmir yollarının birləşdirilməsi və onların Sovet Rusiyasının ümumi dəmir yolu şəbəkəsinə daxil edilməsi haqqında saziş imzalandı. 2 iyun 1921-ci il tarixində Azərbaycan, Gürcüstan və Ermənistan Xarici ticarət üzrə ittifaq sazişi imzaladılar. Bu saziş faktiki olaraq Gürcüstan və Ermənistanı Azərbaycanın Bakı neftinin və digər sərvətlərinin xarici bazarlarda satışından əldə olunan gəlirlərin bir hissəsinin sahibi vəziyyətinə gətirirdi. Maraqlıdır ki, hətta İosif Stalin 6 iyul 1921-ci il tarixində Gürcüstan Kommunist partiyasının Tiflis təşkilatının iclasında çıxış edərkən bu fakt barədə təəccübünü gizlətməmişdir: “Mən öyrəndim ki, Gürcüstan və Ermənistan Azərbaycandan neft məhsullarını pulsuz alırlar – bu isə təsəvvürə sığmayan bir haldır.” Sonralar, 1923-cü ildə Nərimanov Stalina yazdığı məktubunda belə qeyd edirdi: “Azərbaycan ilk ildə yalnız neft verməklə kifayətlənmədi, həm də öz dövlət xəzinəsindən fəhlələrin maaşlarını ödəyirdi. Bundan daha beynəlmiləlçi nə ola bilər?”
Nərimanovun federasiya məsələsinə münasibətində iqtisadi faktorlar həlledici yer tuturdu. 3 oktyabr 1921-ci il tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin iclasında etdiyi çıxışında o, mərkəzləşdirilmiş xarici ticarət sisteminin səmərəsizliyini xüsusi olaraq vurğulamışdı. Onun fikrincə, Azərbaycan neft, ipək, kürü kimi strateji ixrac məhsullarına malik olmaqla iqtisadi müstəqilliyini təmin edə biləcək potensiala sahibdir. Lakin vahid xarici ticarət orqanı – “Oblvneştorq”un yaradılması bu üstünlükləri faktiki olaraq zəiflədirdi. Nərimanov bu sistemi “ümumi qazan” metaforası ilə xarakterizə edir və qeyd edirdi ki, nəzəri olaraq bütün respublikalar bu sistemə bərabər şəkildə töhfə verməli olsa da, təcrübədə Ermənistan və Gürcüstan üzərlərinə götürdükləri öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün iqtisadi balans pozulurdu. Bu isə Azərbaycanın resurslarının qeyri-bərabər şəkildə istifadə olunmasına gətirib çıxardırdı.
1922-ci ildə Nərimanovun Moskvaya göndərdiyi məktublarında Zaqafqaziya Federasiyasının yaradılması prosesinə siyasi baxışları və federasiya modelinə yanaşması əks olunurdu. Bu məktublar həm nəzəri , həm də praktiki idarəetmə mexanizmlərinə dair konkret təkliflər baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Nərimanovun Leninə 9 yanvar 1922-ci il tarixli məktubu Zaqafqaziya respublikalarının birləşdirilməsi məsələsinə münasibətini əks etdirən mühüm siyasi sənəddir. Nərimanov məktubda açıq şəkildə bildirirdi ki, o, Zaqafqaziya respublikalarının birləşdirilməsini prinsip etibarilə dəstəkləyir. Lakin onun əsas mövqeyi bundan ibarət idi ki, birləşmə zəruri olsa da, bu prosesdə tələskənliyə yol vermək olmaz. Bu yanaşma onu göstərirdi ki, Nərimanov Cənubi Qafqaz respublikalarının federasiya şəklində birləşməsi məsələsinə ideoloji deyil, daha çox praqmatik mövqedən yanaşırdı. O, federasiyanı məqsəd yox, vasitə kimi qiymətləndirirdi. Məktubda Nərimanovun mühüm tənqidlərindən biri formal bəyanatlarla real vəziyyət arasındakı uyğunsuzluqdur. Nərimanov yazırdı ki. yaradılmış birləşmiş strukturlar (məsələn, xarici ticarət və dəmir yolları sahəsində) gözlənilən nəticəni vermir, əksinə, problemlər yaradır. Nərimanov məktubunda Azərbaycanın federasiya daxilində rolunu xüsusilə vurğulayırdı. Onun fikrincə Azərbaycan öz resurslarını digər respublikalarla bölüşür, hətta ərazi güzəştlərinə gedir, lakin adekvat qarşılıq almır. Bununla Nərimanov federasiya daxilində qeyri-bərabər münasibətlərin mövcud olduğunu, Azərbaycanın “donor” rolunda çıxış etdiyini, digər respublikaların isə eyni səviyyədə öhdəlik götürmədiyini qeyd edirdi. Məktubda xüsusi olaraq vurğulanırdı ki, qəbul olunmuş qərarlar (Qafqaz bürosu səviyyəsində) Ermənistan və Gürcüstan tərəfindən tez-tez pozulurdu. Bu fakt Nərimanovun federasiya daxilində intizamın zəif olduğunu, ümumi qərarların icra olunmadığını, qarşılıqlı etimadın aşağı səviyyədə olduğunu göstərmək cəhdi idi. Nərimanov məktubda RK(b) P Qafqaz bürosonun katibi Q. Orconikidzenin birləşmə məsələsində həddindən artıq tələskənlik siyasətini tənqid edirdi. Məktubun mühüm məqamlarından biri federasiyanın mərkəzinin harada yerləşməsi məsələsi idi. Nərimanov təklif edir ki, gələcək federasiyanın Ali İcraedici orqanı olacaq İttifaq Şurasının mərkəzi Tiflis deyil, Bakı olsun. Bu təklif yalnız inzibati deyil, həm də siyasi və iqtisadi məna daşıyırdı. Bakı regionun əsas iqtisadi mərkəzi kimi federasiya daxilində Azərbaycanın rolunun gücləndirilməsini və idarəetmənin daha effektiv olması təmin edilə bilərdi. Məktubda eyni zamanda Azərbaycanın real vəziyyəti də əks olunurdu: 8 qəzada aclıq, rublun dəyərdən düşməsi və Gürcüstan tərəfindən malların saxlanılması. Bu faktlar göstərirdi ki, Nərimanov üçün federasiya məsələsi yalnız siyasi deyil, həm də kəskin sosial-iqtisadi problem idi. Beləliklə Nərimanov xəbərdarlıq edir ki, mövcud vəziyyət dəyişməzsə, gələcəkdə birləşmə prosesi ciddi münaqişələrə gətirib çıxara bilər. Bu fikir onun uzaqgörən siyasi təhlil qabiliyyətini göstərirdi. Ümumiyyətlə Nəriman Nərimanovun Leninə ünvanladığı məktub onun federasiya məsələsində dərin, realist və tənqidi mövqeyini əks etdirirdi.
1922-ci il martın 12-də Tiflisdə Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan arasında Zaqafqazya Sosialist Federativ Sovet Respublikasının yaradılması barədə İttifaq müqaviləsi bağlandı. Müqavilənin imzalanmasından bir müddət sonra, 1922-ci ilin yayında Moskvaya göndərdiyi məktubunda Nərimanov federasiyanın əsas məqsədini aydın şəkildə formalaşdırdı: respublikaların yaradıcı (istehsal və iqtisadi) potensialının birləşdirilməsi, bu potensialın istiqamətləndirilməsi və səmərəli istifadəsi, sovet respublikalarının daxili və xarici təhlükələrdən qorunması. Bu yanaşma göstərirdi ki, o, federasiyanı ideoloji deyil, daha çox funksional və iqtisadi zərurət kimi qiymətləndirirdi. Məktubda açıq şəkildə vurğulanırdı ki, Zaqafqaziya respublikalarının rifahı onların iqtisadi inkişafından asılıdır və buna görə də birləşmə prosesində əsas diqqət məhz iqtisadi məsələlərə yönəldilməlidir. Nərimanov iqtisadi inteqrasiyanı federasiyanın əsas dayağı, siyasi inteqrasiyanı isə ikinci mərhələsi kimi görürdü. Məktubda Nərimanov federasiya modelinin üç mühüm şərtini irəli sürürdü: yerli şəraitin nəzərə alınması, beynəlxalq və daxili siyasi vəziyyətin qiymətləndirilməsi və respublikaların sovet quruculuğuna hazırlıq səviyyəsi. Bu prinsiplərdən çıxış edərək Nərimanov konkret nəticələr çıxarırdı: respublikaların formal deyil, real müstəqilliyi saxlanmalıdır, hər bir respublika sənaye və iqtisadi sahədə öz təşəbbüsünü inkişaf etdirməlidir və bir respublikanın xeyrinə digərinə zərər verən qərarlardan çəkinmək lazımdır. Bu müddəalar Nərimanovun federasiya daxilində bərabərhüquqluluq prinsipini müdafiə etdiyini göstərirdi. Nərimanov federasiya çərçivəsində ilk növbədə həll olunmalı sahələri dəqiq müəyyən etmişdi: pul sistemi, nəqliyyat (dəmir yolları və dəniz), rabitə, əmək və sosial məsələlər (qaçqınlar və s.) və daxili iqtisadi maneələrin aradan qaldırılması. Eyni zamanda o vurğulayırdı ki, xarici ticarət, hərbi idarəetmə, xarici siyasət kimi sahələr tələsik birləşdirilməməlidir, çünki bu istiqamətlərdə ziddiyyətlər və qeyri-müəyyənliklər mövcuddur. Məktubun ən mühüm hissələrindən biri Federasiyanın Ali İcraedici orqanı olan İttifaq Şurasının fəaliyətinin tənqidi idi. Nərimanov göstərirdi ki, İttifaq Şurasının mərkəzinin Tiflisdə yerləşəməsi idarəetməni çətinləşdiridi. O, xüsusilə vurğulayır ki, belə şəraitdə qərarların həyata keçirilməsi çətinləşir, yerli reallıqlar nəzərə alınmır və sosial reaksiyalar düzgün qiymətləndirilmirdi. Alternativ olaraq, Nərimanov İttifaq Şurasının tərkibinə respublikaların Xalq Komissarları Şurasının sədrlərinin daxil edilməsini təklif edirdi. Bu model mərkəzlə respublikalar arasında birbaşa əlaqənin gücləndirilməsinə və qərarların daha real şəraitə uyğun qəbul edilməsinə imkan verə bilərdi. Məktubda qaldırılan məsələlərin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, Nərimanov ZSFSR-in gələcək problemlərini əvvəlcədən görürdü, mərkəzləşmənin doğuracağı ziddiyyətləri proqnozlaşdırırdı və federativ modelin alternativ variantını irəli sürürdü. Sonrakı dövrdə sovet federativ sistemində yaranan problemlər (formal muxtariyyət, real mərkəzləşmə) Nərimanovun bu tənqidlərinin əsaslı olduğunu göstərdi.
Beləliklə, Nəriman Nərimanovun Zaqafqaziya Federasiyasının yaradılması məsələsinə münasibəti praqmatik və balanslaşdırılmış xarakter daşıyırdı. O, respublikaların birləşdirilməsinin zəruriliyini qəbul etsə də, bu prosesdə tələskənliyə qarşı çıxırdı, iqtisadi əsaslandırmanın və milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini vurğulayırdı. Eyni zamanda, Nərimanovun federasiya daxilində yaranan struktur problemləri – idarəetmədə mərkəzləşmə, qərarların icrasında intizamın zəifliyi və iqtisadi balanssızlıq kimi məsələləri öncədən müəyyənləşdirməsi, onun irəli sürdüyü təkliflər və tənqidi yanaşmalar yalnız dövrün siyasi reallıqlarını əks etdirmir, həm də sonrakı sovet federativ sistemində üzə çıxan ziddiyyətlərin siyasi proqnozu kimi qiymətləndirilə bilər.
İlqar NİFTƏLİYEV,
AMEA Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru
Xalq Qəzeti