26.12.2025 10:05
İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də AR ETN İqtisadiyyat İnstitutunun elmi katibi iqtisad elmləri doktoru Leyli Allahverdiyeva, institutun Post-konflik ərazilərin bərpası Elmi mərkəzin rəhbəri iqtisad üzrə fəlsəfə doktoru Azər Səfərov, AR Mədəniyyət Nazirliyin Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Raminə Hüseynli və başqa məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Ümumi yığıncağının sədri akademik Gövhər Baxşəliyeva açıb.
Ümumi yığıncağın sədri cari ildə bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyətinin məhsuldar olduğunu, bir çox uğurların əldə edildiyini qeyd edib.
Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vurğulayıb ki, hesabat ilində institutda çap olunan fundamental elmi əsərlər, eləcə də tədqiqatlar ölkə rəhbərliyinin çağırışına, tapşırıq və tövsiyələrinə əsaslanıb. O, bundan sonrakı fəaliyyətlərində ölkə Prezidentinin AMEA-nın 80 illik yubileyindəki tarixi çıxışında Azərbaycan tarix elminin qarşısına qoyduğu vəzifələrə xüsusi diqqət yetirəcəyini bildirib. Onun sözlərinə görə, 2025-ci il həm də Tarix və Etnologiya İnstitutunun 90 illik yubiley ili olmuşdur.
Professor Kərim Şükürov “Bizi birləşdirən Novruz”, “Türk xalqlarının tarixi və etnologiyası”, “Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol”, “XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər”, “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzularında beynəlxalq, “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət quruculuğunun 30 illik təcrübəsi” adlı respublika səviyyəli elmi konfransların və müxtəlif tədbirlərin keçirildiyini, bir sıra kitabların nəşr olunduğunu bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Tarix və Etnologiya İnstitutunda elmi-tədqiqat işləri əsas 5 istiqamət, 17 problem, 40 mövzu, 179 iş üzrə aparılıb və 3 mühüm nəticə əldə olunub. O, “Atropatena Azərbaycan tarixçilərinin tədqiqatlarında (məqalələr toplusu)”, “Böyük terror Azərbaycan və Rusiya tarixşünaslığında”, “Üzeyir Hacıbəyli: musiqi dahisi Stalin epoxası fonunda” kimi mühüm nəticələrin əldə olunduğunu qeyd edib.
Tarix elmləri doktoru Kərim Şükurov onu da bildirib ki, institutda ötən ildə olduğu kimi, cari ildə də kitabların elektron nəşrləri həyata keçirilib və həmin kitablar müəssisənin rəsmi saytında yerləşdirilib.
İclasda tarix elmləri doktoru Güntəkin Nəcəflinin AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin baş elmi işçi vəzifəsinə təsdiq edilməsi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin, fəlsəfə üzrə fəlsəfə doktoru Əllədin Sultanovun AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin böyük elmi işçi vəzifələrinə təsdiq edilməsi məsələlərinə də baxılıb.
Sonda çıxış edən akademik Gövhər Baxşəliyeva Ümumi yığıncağın iştirakçılarını qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.