AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi”

09.12.2025 12:18

4–5 dekabr 2025-ci il tarixlərində Sankt-Peterburqda, Tavriçeski sarayında MDB-yə üzv dövlətlərinin Parlamentlərarası Assambleyası və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının təşkilatçılığı ilə “Sovet xalqlarının kollektiv yaddaşında Böyük Vətən müharibəsi: Qələbənin 80 illiyinə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva iştirak edib. O, “Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi” mövzusunda məruzə ilə çıxış edərək, azərbaycanlı döyüşçülərin cəbhədə göstərdikləri şücaət, Azərbaycanın strateji resurslarının Qələbənin əldə olunmasında oynadığı rol və ölkəmizin arxa cəbhədə fədakar fəaliyyəti barədə ətraflı məlumat verib.

Məruzədə xüsusilə Bakının neftinin müharibənin taleyində həlledici əhəmiyyətə malik olduğu vurğulanıb, “Lend-liz” marşrutunun Azərbaycan ərazisindən keçməsi və Xəzər dənizi üzərindən, eləcə də quru yolu ilə həyata keçirilən daşımaların müttəfiq qüvvələrin qələbə strategiyasında mühüm yer tutduğu qeyd edilib. Günel Musayeva bildirib ki, müharibə dövründə strateji əhəmiyyət daşıyan yeganə açıq hava xətti olan Moskva–Bakı–Tehran marşrutu həm kəşfiyyat məlumatlarının, həm də həyati əhəmiyyətli yüklərin təhlükəsiz daşınmasında xüsusi rol oynayıb.

Konfrans çərçivəsində iştirakçılar 5 dekabr tarixində “Leninqradın blokadası” muzeyini ziyarət edib, burada şəhərin mühasirə dövrü tarixinə dair nadir eksponasiyalarla tanış olublar. Ziyarət müharibənin tarixi yaddaşının qorunması, faciəvi hadisələrin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: