09.12.2025 12:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 sentyabr 2025-ci il tarixində “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur: “Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanıb, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr verib”.
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibəti ilə tədqiqatlarını genişləndirib, tarixçilər Azərbaycan, Türkiyə, Gürcüstanın elmi arxivlərində araşdırmalar aparır, yeni əsərlər yazırlar. Bu sırada elmi tədbirlərin keçirilməsi də xüsusi yer tutur.
08 dekabr 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində Fətəli xan Xoyskinin yeri və rolu” mövzusunda respublika elmi konfrans keçirilib.
Tədbiri institutun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru, dosent İlqar Niftəliyev açaraq Azərbaycan dövlətçilik tarixində Fətəli xan Xoyskinin müstəsna xidmətlərindən, siyasi fəaliyyətinin milli dövlət quruculuğunda oynadığı roldan bəhs edib. İlqar Niftəliyev bildirib ki, Xoyski şəxsiyyəti, fəaliyyəti və ideyaları müasir dövrdə də aktual olaraq elmi tədqiqatların diqqət mərkəzindədir.
Konfransda müxtəlif mövzuları əhatə edən elmi məruzələri dinlənilib. Tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “Fətəli xan Xoyskinin nəsil şəcərəsi haqqında”, tarix elmləri doktoru, professor Qasım Hacıyev “Fətəli xan Xoyski Cənubi Qafqazın siyasi həyatında”, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Rəhmanzadə “Fətəli xan Xoyski Azərbaycan xalqının təzadlı tarixi şəxsiyyəti: Təlatümlərlə, ziddiyyətlərlə və tərəddüdlərlə dolu siyasi həyat”, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Fətəli xan Xoyskinin siyasi görüşləri və dövlətçilik fəlsəfəsi”, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə “Cümhuriyyətin iqtisadi siyasətinin təşəkkülündə Fətəli xan Xoyskinin rolu”, tarix üzrə fəlsəfə doktoru, dosent Nailə Hüseynova “Fətəli xan Xoyski və Azərbaycanın müstəqilliyi”, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi “Fətəli xan Xoyski və Cənubi Qafqazda müsəlman ilahiyyat irsinin mühafizəsi (XIX əsrin sonu – XX əsrin əvvəli)”, tarix üzrə fəlsəfə doktoru Fəxri Hacıyev “Fətəli xan Xoyskinin siyasi-diplomatik fəaliyyəti: Gürcüstanla ikitərəfli münasibətlər və problemli məsələlər kontekstində”. Məruzələrdə Fətəli xan Xoyskinin siyasi-diplomatik fəaliyyəti, dövlət quruculuğu sahəsində xidmətləri, Cümhuriyyət dövrünün ictimai-siyasi və iqtisadi proseslərində rolu geniş şəkildə təhlil olunub. Konfransda çıxış edən alimlər Fətəli xan Xoyskinin Azərbaycan dövlətçilik tarixində mühüm yer tutduğunu, onun irsinin bu gün də aktual elmi mövzu olaraq dəyərini qoruduğunu vurğulayıblar.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir