AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Görkəmli dövlət xadimi və sərkərdə Cəmaləddin Qara Yusif Barani”

18.11.2025 10:03

17 noyabr 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarayoyunlu hökmdarı, görkəmli dövlət xadimi, strateq və sərkərdə Cəmaləddin Qara Yusif Baraninin həyat və fəaliyyətinə həsr olunmuş “Görkəmli dövlət xadimi və sərkərdə Cəmaləddin Qara Yusif Barani” adlı elmi konfrans keçirilib.

         

Konfransı giriş sözü ilə “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli açaraq, Cəmaləddin Qara Yusif Baraninin Azərbaycan dövlətçilik tarixində xüsusi yerindən bəhs edib. T. Nəcəfli bildirib ki, Qara Yusif dövrünün mürəkkəb siyasi prosesləri fonunda bölgədə dövlət idarəçiliyi, diplomatik əlaqələr və hərbi-strateji düşüncə kimi sahələrdə mühüm irs qoyub. Onun fəaliyyəti yalnız Azərbaycan tarixinin deyil, bütövlükdə regionun siyasi panoramasının öyrənilməsində böyük əhəmiyyət daşıyır.

 

          

Məruzəçilər tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlu “Qazax  mahalının Qaraqoyunlu camaatı haqqında”,  “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin elmi işçisi Paşa Həsənli “Qaraqoyunluların hərbi süvari ənənələrinin Azərbaycanın dövlətçilik tarixində yeri”, doktorantlar Nərmin Novruz “Qaraqoyunlu hökmdarı Cahanşahla Uzun Həsən arasında qarşıdurmanın başlanması” və Günay Məmmədzadə “Qaraqoyunlu sarayında qadınların siyasi və mədəni rolu” adlı məruzələrində Qara Yusifinin hakimiyyət strategiyası, region dövlətləri ilə münasibətləri, o dövrdə baş verən geosiyasi dəyişikliklərə təsir imkanları haqqında araşdırma nəticələrini təqdim ediblər.

Konfransda vurğulanıb ki, Qara Yusifin fəaliyyəti Qaraqoyunlu dövlətinin siyasi nüfuzunun möhkəmlənməsi və Azərbaycan ərazisində dövlətçilik ənənələrinin davamlılığı baxımından müstəsna əhəmiyyət daşıyıb. Çıxışlarda Cəmaləddin Qara Yusif Baraninin hərbi taktiki qərarları, idarəçilik təcrübəsi, sosial-iqtisadi siyasəti, mədəni irsə yanaşması və diplomatik fəaliyyətinin müxtəlif istiqamətləri barədə faktlar səsləndirilib. Tarixçilər bildiriblər ki, onun fəaliyyəti yalnız hərbi liderliklə məhdudlaşmamışdır, O, dövrün siyasi elitası arasında nüfuz sahibi, uzaqgörən dövlət xadimi kimi tarixə adını yazdırmışdır.

Konfransın sonunda mövzu ətrafında geniş elmi müzakirələr aparılıb, suallar cavablandırılıb və Qara Yusif Baraninin irsinin gələcəkdə daha dərindən araşdırılması üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi təklif edilib.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: