12.11.2025 14:31
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 12 noyabr Konstitusiya Günü münasibətilə “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət quruculuğunun 30 illik təcrübəsi” adlı elmi konfrans keçirilib.
Tədbiri institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik edib. Direktor müavini bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi təməlini qoyub və ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni inkişafında mühüm rol oynayıb. Tarix elmləri doktoru İlqar Niftəliyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu əsas qanunun müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında əvəzsiz rol oynadığını, Konstitusiyanın daim dövlət idarəçiliyi, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı üçün əsas istiqamətverici sənəd kimi əhəmiyyətini qoruduğunu diqqətə çatdırıb.
“Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Milli dövlət quruculuğunda Konstitusiyanın tarixi yolu”, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev “Azərbaycan Respublikasının Konstitusiyasının sosial-iqtisadi mahiyyəti”, tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadə “Heydər Əliyevin dövründə Konstitusiyanın qəbulunun tarixi əhəmiyyəti” və “Əliyevşünaslıq” şöbəsinin elmi işçisi Vüsalə Əlləzova “Azərbaycan Respublikasının Konstitusiyası: dövlətçilik tariximizdə mühüm hadisə” kimi mövzularda çıxışlar ediblər.
Məruzəçilər konstitusiyanın qəbulundan sonra dövlət quruculuğu sahəsindəki islahatlardan, idarəetmə sisteminin təkmilləşdirilməsi və hüquqi dövlət prinsiplərinin möhkəmlənməsindən danışıblar. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi sistemin modernləşdirilməsi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi və insan hüquqlarının təminatı sahəsində atılan addımlar yüksək qiymətləndirilib. Məruzəçilər bildirib ki, ötən 30 il ərzində Konstitusiya ölkəmizin sosial-siyasi həyatında sabitliyin, inkişafın və hüquqi ədalətin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycanın beynəlxalq aləmdə hüquqi, demokratik və dünyəvi dövlət kimi tanınması da məhz Konstitusiyanın əsas prinsiplərinin həyata keçirilməsinin nəticəsidir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, azadlıq və ədalət ideallarını ifadə edən, dövlət və cəmiyyət həyatının bütün sahələrində qanunçuluğun təminatçısı kimi əvəzsiz əhəmiyyət daşıyır.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir