06.11.2025 10:09
05 noyabr 2025-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “8 noyabr Zəfəri: Qalib Azərbaycanın yeni dövrünün başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə 8 noyabr- Zəfər bayramının tariximizdə yeri və əhəmiyyəti, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni bir dönəmin başlanğıcı olması haqqında müzakirələr aparılıb.
İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev tədbiri giriş sözü ilə açaraq, 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi qələbə sayəsində Azərbaycanın torpaq bütövlüyünü, tam suverenliyini bərpa etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaətin dövlətçilik tariximizdə əbədi iz buraxdığını vurğulayıb.
Tədbirdə tarix elmləri doktoru, professor Nazim Məmmədov “İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin səbəbləri və əhəmiyyəti” mövzusunda çıxış edib, bildirib ki, Vətən müharibəsinin qalibiyyətlə nəticələnməsi hərbi uğur olmaqla yanaşı, milli birliyimizin, xalq-dövlət-ordu həmrəyliyinin təntənəsidir. Bu qələbə Azərbaycan tarixinin yeni mərhələsini – Qalib ölkə statusunu formalaşdırıb və bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri bu tarixi nailiyyətin davamı kimi dəyərləndirilməlidir.
Tədbirdə “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ədalət Mustafayev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova, aparıcı elmi işçi, t.ü.f.d. İlham Həsənov, elmi işçi Aslan Şirəliyev, kiçik elmi işçi Samirə Hadıyeva, kiçik elmi işçi Jalə Rəhimova çıxış ediblər. Məruzələrdə Zəfər gününün tarixi-siyasi, ideoloji və mənəvi aspektləri, müharibədən sonrakı dövrdə Cənubi Qafqazda yaranan yeni reallıqlar, eləcə də milli kimliyin və dövlətçilik ideologiyasının möhkəmlənməsi məsələləri ətraflı təhlil olunub. Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yenilməz iradəsinin, ordumuzun peşəkarlığının və xalqla dövlət arasındakı birliyin parlaq təzahürüdür. Bu qələbə Azərbaycanın taleyində siyasi, diplomatik və mənəvi sahələrdə tarixi dönüş nöqtəsidir, gələcək uğurlarımızın əsasıdır. Dəyirmi masada Qələbə fenomeni, Qələbənin psixoloji üstünlükləri, Birinci və İkinci Qarabağ müharibələrinin, 44 günlük Vətən müharibəsinin tarixinin yazılması, bu istiqamətdə elmi tədqiqatların aparılması, elmi konfrans və simpoziumların keçirilməsi məsələləri barədə müzakirələr aparılıb.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir