AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycanın elm məbədi

28.10.2025 14:45

27 oktyabr 2025 - ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsi, Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrası, Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş “Azərbaycanın elm məbədi” mövzusunda elmi seminar keçirilib.

            

Tədbiri giriş nitqi ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev AMEA-nın 80 illik yubileyinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu günün elmə töhfələr bəxş etmiş Azərbaycan alimlərinin günü olduğunu bildirib, milli elmimizin keçdiyi şərəfli yoldan bəhs edib.

Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli “Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövləti” adlı məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının dövlətçilik, ictimai-siyasi fikir və qəhrəmanlıq tarixində müstəsna xidmətlərə malik olan şəxsiyyətlərindən biri Şah İsmayıl Səfəvidir. T.H.Nəcəfli çıxışında son aylarda “tik-tok” və “youtube.com” sosial şəbəkələrində Şah İsmayılla bağlı səsləndirilən fikirlərə öz münasibətini bildirib, ilkin qaynaqlara, tədqiqatlara əsaslanaraq həmin fikirlərin heç bir elmi əsasının olmadığını göstərib.

İnstitutun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev “Səfəvilər Venesiya arxiv sənədlərində” adlı məruzədə XVI-XVII əsrlərdə Səfəvilər dövləti üçün Venesiyanın Qərbi Avropaya əsas çıxış qapısı olduğu bildirib, Səfəvilər dövlətinin beynəlxalq ticarət əlaqələrində Venesiyanın yeri və Səfəvi Venesiya ticarət əlaqələri ilə bağlı məlumatlar verib.

İnstitutun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Azərbaycan tarixinin beynəlxalq müstəvidə təqdimatı və bu prosesdə tərcüməçilərin məsul rolu” mövzusunda çıxış edib, Azərbaycan tarixinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasının vacibliyini və tərcüməçilərin bu işdə elmi, ideoloji və mədəni məsuliyyətini vurğulayıb.

Sonda seminarda məruzəçilər Bakı Biznes Universitetinin tələbələrinin suallarını cavablandırıblar.

             

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: