13.10.2025 15:34
Qazaxıstanın beynəlxalq indeksli impakt faktorlu “ENDLESS LIGHT in SCIENCE” jurnalında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahovun “Роль Азербайджанской ССР в советско-иранских культурных связях в годы Великой Отечественной войне Советского Союза” adlı məqaləsi çap olunub.
Məqalədə Sovet-İran mədəni əlaqələrinin möhkəmləndirilməsində Cənubi Azərbaycana göndərilən partiya qrupuna Azərbaycan K(b)P MK-nın üçüncü katibi Əziz Əliyevin rəhbər təyin olunması, onun Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü təyin edilməsi, təbliğat üzrə Süleyman Rəhimovun, inzibati-təsərrüfat işləri üzrə Mehbalı Əmiraslanovun, xüsusi əməliyyatlar üzrə Ağasəlim Atakişiyevin, sanitar-tibb işləri üzrə Mustafa Quliyevin, Azərbaycan dilində buraxılan “Vətən yolunda” adlı qəzetinin redaktoru Mirzə İbrahimovun fəaliyyəti haqqında ətraflı məlumat verilib. 1942-ci ilin yazında İranda vəziyyətin dəyişməsinə, qarşıya çıxan çətinliklərə, Azərbaycan SSR-dən göndərilmiş siyasi işçiləri uzaqlaşdırmaq məqsədilə sovet xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində 1942-ci ilin əvvəllərində Əziz Əliyev və onun qrupunun nümayəndələrinin əksəriyyəti geri çağırılmasına aydınlıq gətirilib.
Məqalədə 1944-cü ilin əvvəllərində Azərbaycan SSR rəhbərliyinin təklifi ilə Moskvanın Cənubi Azərbaycan məsə¬ləsinə yenidən qayıtmasına toxunan müəllif 1944-cü il mart ayının 6-da SSRİ Xalq Komissarları Soveti “Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında” qərarı şərh edərək 1941-1946-cı illərdə 406 nömrəsi çap olunmuş “Vətən yolunda” qəzetin nəşrə hazırlanmasında “Vətən yolunda” qəzetinin baş redaktoru olmuş Mirzə İbrahimov, Əlihəsən Şahgəldiyev, Rza Quliyev, şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Qılman Musayev (İlkin), Seyfəddin Abbasov (Dağlı), Cabbar Məcnunbəyov, jurnalist və incəsənət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Mehdixan Vəkilov, Əsgər Ağayev, Qulam Məmmədli, Həmid Yolçuyev, Cəfər Xəndan (baş redaktorun müavini), Rəhim və Məmmədağa Sultanov qardaşları, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə, İran-Azərbaycan mədəni əlaqələrində Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin fəaliyyəti arxiv sənədləri əsasında işıqlandırılıb.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir