AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“15 sentyabr Zəfəri: tarixi həqiqət və təhriflər”

15.09.2025 16:17

15 sentyabr 2025-ci il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutununda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 107-ci illiyinə həsr olunmuş “15 sentyabr Zəfəri: tarixi həqiqət və təhriflər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri açıq elan edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bildirib ki, 15 sentyabr 1918-ci ilədək Bakı Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində deyildi, şəhərdə “Sentrokaspi diktaturası” hakimiyyətdə idi. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını azad etməsi cümhuriyyətin paytaxtının Gəncədən Bakıya köçürülməsinə və dövlət institutlarının tam fəaliyyətə başlaması üçün şərait yaradıb. İ.Niftəliyev deyib ki, Bakı uğrunda döyüşlər zamanı Azərbaycan milli hərbi hissələri Qafqaz İslam Ordusunun tərkibində vuruşurdu. Bu, milli ordunun hərbi-təşkilati cəhətdən formalaşması və döyüş təcrübəsi qazanması baxımından mühüm əhəmiyyət daşıyıb. Bakının azad olunması azərbaycanlıların öz milli dövlətlərinin varlığını dərk etməsi, milli həmrəylik ideyalarının güclənməsi ilə nəticələnib. Müasir dövrdə 15 sentyabr -Bakının azad edilməsinin qeyd edilməsi dövlətçilik ənənələrinin, milli ordunun və müstəqillik ideyalarının təbliği baxımından aktualdır. Bu tarix həm də Türkiyə–Azərbaycan qardaşlığının, hərbi əməkdaşlığının tarixi köklərini xatırladır.

“Azərbaycan Xalq Cümhuriyyəti” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov “Müasir dövrdə 15 sentyabr hadisəsinin ətrafında saxtalaşdırılması cəhdləri” adlı məruzə ilə çıxış edib, bildirib ki, 1918-ci il 15 sentyabr Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Uzun illərdir ki, həm Rusiyada, həm Ermənistanda Bakının azad edilməsi hadisəsinin saxtalaşdırılmasına cəhdlər xeyli artıb. Şöbə müdiri öz çıxışında bir çox faktlar gətirərək, həmin iddialarını tamamilə yalan olduğunu, konyunktur siyasi məqsədlərə xidmət etdiyini söyləyib.

Tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Bakıdakı ictimai-siyasi proseslərdə daşnakların iştirakı məsələsinə dair ( mart – sentyabr 1918)” adlı məruzə ilə çıxış edərək erməni Daşnaksütyun partiyasının terror fəaliyyəti, Bakı Sovetində iştirakı haqqında danışıb. Məruzəçi bildirib ki, 1918-ci ilin mart-sentyabr aylarında Bakıda çox gərgin hərbi-siyasi vəziyyət hökm sürüb və daşnaklar bu vəziyyətdən öz xeyirləri üçün yararlanıblar.

Tədbirdə “Bakının azad edilməsinə Azərbaycan siyasi mühacirlərinin münasibəti” adlı məruzə ilə çıxış edən t.ü.f.d., dos. Mübariz Ağalarlı Bakının azad edilməsinə Məhəmməd Əmin Rəsulzadə, Əli Bəy Hüseynzadə, Hüseyn Baykara, Mirzə Bala Məmmədzadənin siyasi baxışlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mübariz Ağalarlı vurğulayıb kı, cümhuriyyət xadimləri öz əsərlərində Bakının düşmən işğalından azad edilməsini Azərbaycan dövlətçilik tarixində böyük hadisə kimi qiymətləndiriblər.

____________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: