31.07.2025 14:59
21-30 iyul 2025-ci il tarixlərində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent Bəhmən Əliyev və aparıcı elmi işçi, t.ü.f.d. İsmayıl Umudlu Ağstafa rayonunda etnoqrafik ekspedisiyada olublar. Səfər çərçivəsində etnoloqlar Həsənsu çayı hövzəsində yerləşən Köhnə Qışlaq, Tatlı, Yaradullu, Həsənsu, Köçəsgər, Eynallı, Göycəli, Aşağı Göycəli, Qırlı kəndləri, Vurgun qəsəbəsi, eləcə də Dağ Kəsəmən kəndlərinə səfər ediblər. Ekspedisiya üzvləri bölgənin tədqiqinin ölkə tarixi və etnologiyası baxımından əhəmiyyətini nəzərə alaraq, kəndlərin yaranması, tayfalar, köçlər, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, ailə-nikah münasibətləri, müasir etnomədəni-etnososial proseslərə diqqət yetiriblər. Həsənsu çayı hövzəsində yerləşən kəndlərin sakinləri ilə aparılan etnoqrafik söhbətlər, qədim tarixin maddi sübutu olan qəbirüstü abidələrin, epiqrafik materialların öyrənilməsi bölgə ilə bağlı xeyli tədqiqat materiallarının toplanılmasına imkan verib.
Etnoqrafik ekspedisiya zamanı kəndlərdə Mehdixanlı, Rəhmilli, Xanəhmədli, Baymallı, Qayfıllı, Bayazıtlı, Göycəli, Baxşıllı, Hətəmağalı, Seyidlər, Zamanlar, Dəlləklilər, Çıraqlar, Qabaqdağlılar, Təpəbaşılılar, Bozdoğanlı, Cağallı, Xallar, Tanrıverdilər, Gödəklər, Cırdaxan, Elbəyilər və s. tayfaların yaşaması, Anadolu, Göyçə ilə qarşılıqlı etnik köçlər, 1961 və 1985-ci illərdə Həsənsu hövzəsində (Qələmçə bulağı) bədnam qonşularla qarşıdurma ilə bağlı məlumatlar qeydə alınıb. Almanların əsasını qoyduğu, Çar Rusiyası dövründə Grünfeld, sovet dövründə Kalininkənd adlandırılan Vurgun qəsəbəsi və Çar Rusiyası dövründə Alekseyevka, sovet dövründə Kirovka adlandırılan Həsənsu kəndinin tarixi-etnoqrafik inkişafı araşdırılıb, alman qəbristanlığına baş çəkilib.
Ağstafa etnoqrafik ekspedisiyasının üzvləri “Keşikçidağ” Dövlət Tarix- Mədəniyyət Qoruğunun, “Aveydağ” Dövlət Tarix- Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə keçirilən tarixçi, etnoloq, arxeoloq, muzey-qoruq əməkdaşlarının bölgənin tarixi və etnologiyası ilə bağlı müzakirələrdə iştirak ediblər. Ekspedisiya üzvləri “Keşikçidağ” və “Aveydağ” qoruğuna səfər edib, Damcılı mağarası, Göyəzən qalası, “Keşikçidağ” məbəd kompleksi və s. tarixi yerlərdə olublar.
Səfər zamanı ekspedisiya üzvləri Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyinə, Hüseyn Arifin Ev Muzeyinə, Ağstafa rayon Rəsm Qalareyasına, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Qazax Ədəbiyyat Muzeyinə baş çəkiblər.
_____________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir