12.07.2025 12:57
İyul ayının 10-da Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu-Hacıyevin müəllifi olduğu “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” kitabının təqdimatı keçirilib.
Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramına həsr olunan tədbirdə Milli Məclisinin üzvləri, Xarici İşlər, Təhsil, Müdafiə nazirliklərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmiləri, Beynəlxalq Türk Akademiyasının Prezidenti, akademik Şahin Mustafayev və TÜRKPA-nın baş katibinin müavini Sakı Sadıqov, Azərbaycanın bəzi xarici ölkələrdəki səfirləri və baş konsulları, eləcə də Türk ölkələrinin və Gürcüstanın Azərbaycandakı diplomatik təmsilçiliklərinin səfir və müşavirləri, görkəmli alimlər və ziyalılar iştirak ediblər.
Təqdimat mərasimində qonaqları salamlayan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Fondun son illərdə həyata keçirdiyi əsas layihələr, uğurlu beynəlxalq proqramlar və yeni təşəbbüslər barədə ətraflı məlumat verib. O, xüsusilə gənclərlə iş sahəsinə toxunaraq bildirib ki, artıq Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərində Fond tərəfindən yaradılan Türk İrsi Mərkəzləri fəaliyyət göstərir, yaxın zamanda isə oxşar mərkəzlərin Azərbaycan, Türkiyə, Türkmənistan və hətta Polşada da açılması planlaşdırılır. Həmçinin söyləmişdir ki, yaxın gələcəkdə Fond tərəfindən rəqəmsal mədəniyyət və irs bazası yaradılacaq.
A.Raimkulova təqdim olunan kitab barədə danışaraq qeyd edib ki, bu nəşr təkcə tarixi bir araşdırma deyil, həm də xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən səylərin rəmzidir. “Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət və strateji əməkdaşlıq əsasında münasibətlər nümayiş etdirir”, – deyən A.Raimkulova vurğulayıb ki, iki ölkənin diplomatik əlaqələrinin araşdırılması regionun ortaq mədəni və tarixi ənənələrini daha dərindən anlamağa imkan verir. Fondun prezidenti Azərbaycan diplomatlarını peşə bayramları münasibətilə təbrik edib.
Kitabın müəllifi Fəxri Valehoğlu-Hacıyev bildirib ki, Türk dövlətləri və xalqlarının tarixinin, o cümlədən diplomatiya tarixinin araşdırılması Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədləri sırasındadır, bu xüsusda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İslam və Türk Dünyasında ilk dünyəvi demokratik respublika olduğu nəzərə alınsa, bu respublikanın tarixinin öyrənilməsi, o cümlədən beynəlxalq əlaqələrinin və diplomatik missiyalarının fəaliyyətinin araşdırılması Türk Dünyası diplomatiya mirasının tədqiqi baxımından önəmlidir. AXC-nin süqutundan sonra yaradılmış Azərbaycan İctimai Şura Cümhuriyyətinin də formal da olsa müstəqil dövlət sayıldığını vurğulayan F.Valehoğlu-Hacıyev nə birinci, nə də ikinci Azərbaycan respublikalarının xarici ölkələrdəki, eləcə də xarici ölkələrin həmin respublikalarda diplomatik missiyalarının fəaliyyətinin kompleks şəkildə geniş tədqiqata cəlb edilməməsini, təqdim olunan monoqrafiyanın bu sahədə ilk addım olduğuna diqqəti çəkib.
Kitabın müəllifi monoqrafiyanın ərsəyə gəlməsində, başlıca olaraq, ilkin mənbələrə ‒ arxiv sənədləri, tədqiqatın əhatə olunduğu dövrdə Bakı, Tiflis, Batum, Kutais və Axaltsixe şəhərlərində Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan mətbu orqanlara üstünlük verildiyini, beləliklə tədqiqat işində qarşıya qoyulmuş məqsəd və vəzifələri yerinə yetirmək üçün geniş mənbə bazası yaradıldığını söyləmişdir. F.Valehoğlu bu istiqamətdə araşdırmalarını davam etdirdiyini diqqətə çatdırıb, gələcəkdə 1918-1922-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan diplomatik nümayəndəliklərinin siyasi və diplomatik fəaliyyətləri, eləcə də struktur tərkibi barədə tədqiqatların kitab seriyası şəklində ayrıca dərc etmənin əhəmiyyətini vurğulayıb.
Kitabın elmi redaktoru ‒ AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, millət vəkili dr. Rizvan Nəbiyev, Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov, professorlar ‒ Bədirxan Əhmədli, Solmaz Rüstəmova-Tohidi, Asif Hacılı, Azərbaycan Respublikası Müdafiə nazirliyinin rəsmisi Elcan İmamverdiyev təqdim olunan monoqrafiyanı yüksək dəyərləndirərək onun Azərbaycan və bütövlükdə Türk tarixşünaslığına böyük töhfə olduğunu vurğulayıb, Azərbaycan diplomatiya irsinə göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti Aktotı Raimkulovaya minnətdarlıqlarını bildiriblər. Eyni zamanda gələcəkdə bu yöndə fəaliyyətin davam etdirilməsinin zəruriliyi qeyd olunub.