04.07.2025 13:56
Kərim ŞÜKÜROV,
AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor
“Qərbi Azərbaycan irsi” kitabının I cildinin işıq üzü görməsi önəmli ideyasına, hazırlanmasına və nəşrinə görə dünya miqyaslı bir uğurdur. Fundamental nəşr sayılan belə bir mənbənin ərsəyə gətirilməsi Azərbaycanda bu yöndə atılmış ilk addım kimi elmi-mədəni hadisə sayılır. Bütün bunlar barədə bir neçə aspektdə qeydlərimizi “Xalq qəzeti”nin oxucuları ilə bölüşürük.
Qərbi azərbaycanlıların Vətən hüququna qəsd. İmperialist dairələrin himayəsi ilə gerçəkləşdirilmiş bu cinayət tarixi-etnik Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və azərbaycanlıların kütləvi soyqırımı və deportasiyası aksiyaları ilə müşayiət olunmuşdur. Qərbi Azərbaycan, bütövlükdə, Azərbaycan dövlətlərinin tərkibində uzun və zəngin tarixi inkişaf yolu keçmişdir.
İrəvan bölgəsinin siyasi və iqtisadi cəhətdən ən mühüm göstəricilərindən biri xanlıqlar zamanı burada müstəqil İrəvan xanlığının yaranması olmuşdur. Rusiya imperiyasının işğalı ilə vəziyyət dəyişmiş, Qərbi azərbaycanlıların Vətən hüququnun pozulmasının əsası qoyulmuşdur. 1828-ci il Türkmənçay müqaviləsindən sonra, ermənilərin kütləvi şəkildə İrəvan xanlığı ərazisinə köçürülməsinə başlanmış, Naxçıvan xanlığı da daxil olmaqla Azərbaycan torpaqları əsasında “Erməni vilayəti” yaradılmışdır.
Digər şərtlər ilə birlikdə, məhz azərbaycanlıların güclü müqaviməti nəticəsində çar hökuməti “Erməni vilayəti”ni 1840-cı ildə ləğv etməyə məcbur olmuş, Ümumqafqaz inzibati-ərazi bölgüsü tətbiq edilmişdir. 1849-cu ildə Qərbi Azərbaycan torpaqlarının əsas hissəsini təşkil edən İrəvan quberniyası yaradıldıqdan sonra da yerli azərbaycanlı əhalinin sıxışdırılması siyasəti davam etdirilmişdir. Araz çayının sağ sahili boyunca Azərbaycan torpaqlarında, xüsusilə İrəvan quberniyasında azərbaycanlıların mövqeyini sarsıtmaq məqsədilə təşkil edilən 1905–1906-cı illər “erməni-müsəlman davası” dövründə xalqımıza qarşı qətliam törədilmiş, onların doğma torpaqlarından qovulması başlanmışdır.
1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqda Osmanlı dövləti ilə bu qurum arasında iyun ayının 4-də imzalanmış Batum müqaviləsi ilə daşnak hökuməti azərbaycanlıların hüquqları və maddi-mədəni irsinin qorunması barədə üzərinə vəzifə götürməsinə baxmayaraq, ona əməl etməmişdir. Nəticədə, azərbaycanlılar soyqırımına məruz qalmış və onların deportasiyası davam etdirilmişdir. Sovet dövründə də davam etdirilən bu siyasət 1990-cı illərin əvvəllərində azərbaycanlıların tErmənistandan son nəfərinədək deportasiya edilməsi ilə başa çatmışdır.
Bununla, Ermənistan monoetnik dövlətə çevrilmişdir. Qərbi Azərbaycanın bütün torpaqları və onun üzərində xalqımıza məxsus qədim və zəngin maddi-mədəni irs tamamilə ermənilərin əlinə keçmişdir.
Qərbi Azərbaycan irsində qəbiristanlıqların yeri. Qərbi Azərbaycan, onun maddi-mədəni irsi vahid, Böyük Azərbaycanın və onun maddi-mədəni xəzinəsinin tərkib hissəsidir. Azərbaycan xalqı və bu torpaqların və burada yaranan irsin varisidir. Bununla birgə, bütün tarixi inkişaf boyunca, o cümlədən Qərbi Azərbaycan torpaqlarının 1918-ci ilin mayında Ermənistana verilməsindən sonra burada formalaşan maddi-mədəni irsin özünəməxsus xüsusiyyətləri də vardır. Bu da Qərbi Azərbaycanın maddi-mədəni irsini təbii-tarixi və əvəzolunmaz edir.
Hər bir ölkənin və onun xalqının maddi-mədəni irsinin ən önəmli və ən həssas hissəsini burada tarix boyu yaranan qəbiristanlıqlar təşkil edir. Qərbi Azərbaycanda qəbiristanlıqların onun əhalisinin həyat və ölüm haqqında baxışlarının formalaşmasında, yeni nəsillərin öz əcdadlarına hörmət hissinin təcəssüm edilməsində böyük əhəmiyyəti olmuşdur.
Kitabın məqsəd və vəzifələri. “Qərbi Azərbaycan irsi” nəşrinin özəlliyi ondadır ki, qəbirstanlıqlara tamamilə yeni baxış ortaya qoyur. Ermənistanın öz tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlıların izini silmək üçün məhz qəbiristanlıqların məqsədyönlü şəkildə seçdiyi əsaslandırılır.
Ermənistan elə hesab edirdi ki, maddi-mədəni irsin tarixi abidələr, şəhərlər və kəndlər kimi yaşayış məskənləri və s. fərqli olaraq, qəbirstanlıqlara qarşı vandalizm siyasəti üzə çıxmayacaq. Bu kitab ilk dəfə ən müasir nəzəri-metodoloji yanaşma tətbiq edərək, qəbiristanlıqlara qarşı həyata keçirilən kütləvi dağıntıların miqyasını ortaya çıxara bildi.
Nəzəri-metodoloji məsələlər və mənbə bazası. Kitabda təqdim olunan metodlardan biri məsafədən zondlama adlanır. Qeyd edilən metodu tətbiq etmək üçün mövcud peyk təsvirlərinin arxivləri əldə edilmiş, landşaftda baş vermiş istər təbii, istərsə də antropogen dəyişiklər müəyyən olunmuşdur.
Eyni zamanda, Normallaşdırılmış Fərqli Bitki Örtüyü İndeksi tətbiq edilmişdir. Bu indeks nəticəsində qəbiristanlıqların yerləşdiyi ərazilərdə bitki örtüyünün sağlamlığı və inkişafı qiymətləndirilmişdir. Ən mühüm nailiyyətlərdən biri də Rusiya imperiyası və sovet dövrünə aid nadir topoqrafik nəşrlərin tədqiqata cəlb edilməsi olmuşdur.
Kitabın janrı. Bu nəşrin monoqrafiya kimi deyil, hesabat və materiallar kimi tərtib edilməsi də onun orijinal xüsusiyyətlərindən biridir. Tam şəkildə bu belə adlanır: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair. Hesabat və materiallar”. Bunun nəticəsidir ki, kitabda əldə edilən nəticələr azərbaycanlıların Ermənistandakı qəbiristanlıqlarına yönəlmiş vandalizm siyasətinə qarşı real vəziyyəti müəyyən etməklə, təkzibedilməz hökm kimi çıxış edir.
Kitabın strukturu. Böyük formatına və iri həcminə, 900 səhifəyədək olmasına baxmayaraq, kitabın strukturu çox sadə və anlaşılıqlıdır. Bu da ondan istifadəni, təqdim edilən materialın mənimsənilməsini və yadda saxlanılmasını asanlaşdırır. Kitabda təqdim edilən materialların emosional təsiri də çox güclüdür.
“Ön söz”də Qərbi Azərbaycan irsinin tarixi əhəmiyyəti, bu irsdə qəbiristanlıqların rolu, Ermənistan tərəfindən azərbaycanlıların tarixi-etnik torpaqlarındakı qəbiristanlıqların dağıdılmasının beynəlxalq hüquq baxımından yaratdığı məsuliyyət kimi mühüm məsələlərdən bəhs edilir. “Qərbi Azərbaycan irsi” layihəsinin perspektivi üzərində dayanılır.
Birinci hissə Ermənistanda azərbaycanlılara aid qəbiristanlıqların dağıdılması və beynəlxalq məsuliyyətə dair hesabata həsr edilmişdir. 8 hissədən ibarət olan hesabatda məqsəd, tədqiqatın predmeti, metodoloji prinsipləri, mərhələləri və s. məsələlər nəzərdən keçirilmişdir.
Əsas hissədə azərbaycanlıların Ermənistandakı qəbiristanlıqlarının vəziyyətinin müəyyən tarixi dövrlər üzrə dəyişməsi dinamikası araşdırılmışdır. Bu zaman optimal bir struktur əsas götürülmüşdür. Əvvəlcə həmin rayonun xəritəsi verilmiş, sonra bu rayonun Ermənistan xəritəsi üzrə yerləşməsi, Ermənistan xəritəsinin isə dünya üzrə yerləməsi göstərilmişdir. Sonra, həmin rayona aid kənd və ya qəsəbə qəbiristanlıqları kompleks şəkildə səciyyələndirilmişdir.
Birinci, həmin rayona aid kənd və ya qəsəbə qəbiristanlıqlarına dair mətn verilmiş, bu zaman hər bir qəbiristanlığın yerləşdiyi məkan göstərilmişdir. Sonra həmin yaşayış məskəni haqqında ümumi məlumat, təhlil, coğrafi lokasiya və istinadlar qeyd edilmişdir.
İkinci, hər bir qəbiristanlığın işarələndiyi topoqrafik xəritələr təqdim olunmuşdur.
Üçüncü, qəbiristanlığın və nəhayət, dördüncü, ərazinin müasir vəziyyətinə dair şəkillər verilmişdir. Bununla da, hər bir qəbiristanlığın vəziyyəti haqqında maksimum təsəvvür yaradılmasına nail olunmuşdur.
Əsas nəticələr. Hesabat üzrə nəticələr kitabın mahiyyətini təşkil edir. Bu nəticələr Ermənistanda Azərbaycan qəbiristanlıqlarına dair vandalizm aktının miqyasının dəhşətli mənzərəsini faktlar ilə təqdim edir: Peyklər vasitəsilə monitorinq 157 qəbiristanlığın tamamilə məhv olunduğunu təsdiq etmişdir. 42 qəbiristanlıq isə ciddi dağıntılara məruz qalmışdır.
Tədqiq edilən qəbiristanlıqların 154-nün məhv edilmə tarixini müəyyənləşdirmək mümkün olmuşdur. Bu dağıntılar 1967-1989-cu illərdə həyata keçirilmişdir. Dağıdılan qəbiristanlıqların ərazilərindən kənd təsərrüfatı, müxtəlif tikililər və s. üçün istifadə olunmuşdur.
Kitabın elmi əhəmiyyəti. “Qərbi Azərbaycan irsi” nəşrinin elmi əhəmiyyəti barədə aşağıdakıları bildirmək olar:
– İlk dəfə müasir metodlar tətbiq edilməklə Qərbi Azərbaycan irsinin ən həssas tərkib hissəsi olan qəbiristanlıqlara dair Ermənistanda həyata keçirilən vandalizm siyasəti tədqiq edilmişdir;
– Ermənistanın 22 rayonu üzrə tədqiqata cəlb edilən iki yüzdən çox qəbiristanlığın hər birinin dağıdılması, ərazisinin əkin yerləri və digər məqsədlər üçün istifadə edilməsi müəyyən olunmuşdur;
– əldə edilən bütün nəticələr birmənalıdır və təkzib edilməsi mümkün deyil. Bu baxımdan müvafiq beynəlxalq təşkilatlar qarşısında hüquqi müstəvidə məsələ qaldırılması və onun həlli üçün əsaslı baza yaradılmışdır;
– tətbiq edilən nəzəri-metodoloji məsələlər və əldə edilən nəticələr ilə Qərbi Azərbaycan irsi sahəsində növbəti araşdırmalar üçün yeni perspektivlər açılmışdır və s.
Azərbaycan Prezidenti İlham Əliyevin kitaba epiqraf kimi seçilmiş aşağıdakı sözləri nəşrdə toplanmış materialların Qərbi Azərbaycana Qayıdış hərəkatının elmi-siyasi təminatını yaratmaqla xalqımızı bu ümummilli hədəfin gerçəkləşəcəyinə inandırır, dünyaya isə belə bir tarixi həqiqəti təqdim edir: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”.
Mənbə: Xalq Qəzeti