AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AZƏRBAYCANIN ZƏFƏR ORDUSU: TARİXDƏN BU GÜNƏ

26.06.2025 14:01

İyun ayının 25-də Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Silahlı Qüvvələr günü” münasibəti ilə Dəyirmi Masa keçirildi, ilk olaraq, Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu yad edildi.

Tədbiri giriş sözü ilə açan institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev bildirdi ki, 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr antiterror hərəkatı zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu, Azərbaycan xalqı tarix yazdı, işğal olunmuş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşdu, ərazilərimiz üzərində tam suverenliyimiz bərpa edildi. Çıxışçı bildirdi ki, 1918-ci ildə olduğu kimi, müasir dövrdə də Azərbaycan Ordusu döyüşə-döyüşə təkmilləşdi və yüksək döyüş qabiliyyətli ordunun formalaşmasında Azərbaycan Prezidentinin siyasi iradəsi, eləcə də xalqımızın öz ordusuna etibarı, etimadı böyük rol oynadı.
“Azərbaycan Xalq Cümhuriyyəti”nin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə “Azərbaycan Xalq Cümhuriyyətinin hərbi zəfərləri” mövzusunda məruzə ilə çıxış etdi, cümhuriyyət dövründə ordunun yaradılmasının dövlətçilik tariximizdə həlledici rolunu  vurğuladı. Azərbaycan dövlətçiliyinin qurulmasında ordunun roluna xüsusi önəm verilməsini strateji düşüncəyə əsaslandığını söyləyən çıxışçı dedi ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın siyasi xəritəsində özünü təsdiqləməsində ordunun əldə etdiyi qələbələr mühüm rol oynadı. Cümhuriyyət qurularkən az qala ölkə ərazilərinin yarısının AXC hökumətinin nəzarətində olmadığını deyən N.Məmmədzadə Bakının azad edilməsi, Muğan və Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini xatırlatdı, sovet Rusiyasının işğalının başlanması ilə Azərbaycan Ordusunun qalan torpaqlarımızı azad etmək planlarının yarımçıq qaldığını bildirdi. Mühazirəçi Azərbaycan ordusunun qurulmasında Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov, Xosrov bəy Sultanov və başqa hərbçilərimizin rolunu, AXC hökumətinin ordu quruculuğu istiqamətində gördüyü işləri şərh etdi.
“Azərbaycan Xalq Cümhuriyyəti”nin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda ideoloji işin təşkili” mövzusunda məruzə ilə çıxış etdi, ordu-dövlət əlaqələrinin nəzəri məsələlərinə, orduda təlim-tərbiyə işinin qurulmasının vacibliyinə diqqət yönəltdi. 1918-1920-ci illərdə Azərbaycan ordusunun qurulmasında, təşəkkülündə general Səməd bəy Mehmandarovun ideoloji-nəzəri baxışlarının mühüm rol oynadığını qeyd etdi, onun fəaliyyəti, çıxışları, qərarları barədə konkret faktlara toxundu. Çıxışçı bildirdi ki, 1918-ci ilin sentyabrında Bakı işğaldan azad edildikdən sonra və Birinci Dünya Mühraibəsinin nəticələrindən asılı olaraq baş verən siyasi proseslər müstəvisində Azərbaycanda ordu quruculuğuna böyük önəm verilməyə başlamışdı. Cümhuriyyət ordusu sistemində Azərbaycan dilinin tətbiqi, ordu-din münasibətləri, hərbi təlim-tədris kimi məsələləri geniş şəkildə izah edən Mübariz Ağalarlı general Səməd bəy Mehmandarovun xalqa müraciətini şərh etdi, orada qoyulan məsələlərin bu gün də aktual olduğunu bildirdi.
Dəyirmi Masa tarixən Azərbaycanda ordu quruculuğunun xüsusiyyətləri ilə bağlı müzakirələrlə işini yekunlaşdırdı.

Paylaş: