AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Tarix İnstitutunun inkişaf mərhələləri: şəxsiyyətlər və tədqiqat isdiqamətləri”

21.06.2025 16:04

20 iyun 2025-ci il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi seminar keçirilib. Seminarda “Azərbaycan Respublikasının tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kocayeva “Tarix İnstitutunun inkişaf mərhələləri: şəxsiyyətlər və tədqiqat isdiqamətləri” adlı məruzə ilə çıxış edib.

Tamilla Kocayeva bildirib ki, Azərbaycan tarixinin öyrənilməsinin böyük ənənəsi olsa da, onun sistemli şəkildə tədqiqinə ötən əsrin 50-ci illərindən başlanıb. Lakin Azərbaycan Respublikası müstəqilliyini bərpa edənədək tarix elmi bütövlükdə keçmiş sovet tarixşünaslığının tərkib hissəsi kimi inkişaf edib. Belə ki, institutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Azərbaycan xalqının mənşəyi, etnogenezi, Şimali Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı və s. problemləri ilə bağlı bir sıra mövzular hakim marksizm təliminin tələblərinə uyğun şəkildə tədqiq edilib, keçmiş SSRİ-nin rəsmi ideologiyasının həyata keçirilməsinə xidmət edib. Tarix İnstitutunda Azərbay¬canın qədim, orta əsrlər, yeni və müasir dövr tarixi üzrə siyasi, hərbi, sosial-iqtisadi və mədəni problemlərə dair aparılan araşdırmalara baxmayaraq, milli tariximizin bir çox mübahisəli məsələlərinin, xüsusilə Azərbaycanın tarixinin öyrənilməsində nəzəri xarakterli problemlərin araşdırılmasında qadağalar mövcud olub. XX əsrin 50-60-cı illərdə Azərbaycanda tarixçi alimlər nəslinin yetişməsi bir çox elmi problemlərin həllinə şərait yaradıb, elmin bütün sahələrinin, o cümlədən, Azərbaycan tarixinin akademik səviyyədə tədqiqinə başlanılıb. Respublikamızın tanınmış tarixçiləri, arxeoloqları, etnoqrafları, şərqşünasları məhz Tarix İnstitutunda çalışıb. Onlar Azərbaycan tarixinə dair elmi-tədqiqat işləri aparmaqla yanaşı, ümumən, qafqazşünaslıq, şərqşünaslıq və dünya xalqlarının elmi və mədəni tərəqqisi məsələlərini əhatə edən bir sıra mühüm problemlərin araşdırılmasında Azərbaycan elminin aparıcı qüvvələri olublar.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: