21.06.2025 10:36
İyunun 20-də Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Əvvəlcə tədbir iştirakçıları MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək, görkəmli dövlət xadiminin əziz xatirəsini ehtiramla yad ediblər.
Simpoziumda dövlət və hökümət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, Türkiyənin müxtəlif elmi müəssisələrini və universitetlərini təmsil edən nümayəndə heyəti, elm xadimləri, ictimaiyyət nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq beynəlxalq simpoziumun AMEA-nın 80 illik fəaliyyəti ərzində bu elm ocağının Türkiyə Elmlər Akademiyası ilə keçirdiyi ilk birgə tədbir kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi qardaş Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi qardaşlıq nümunəsinin, türk dünyası ölkələrinin sarsılmaz birliyinin əyani sübutudur. Eyni zamanda, bu tədbir AR Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası kontekstində xüsusi əhəmiyyətə malikdir.
Akademik İsa Həbibbəyli tədbirin Türkiyə elmi qurumları ilə mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni ortaq elmi layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İki nüfuzlu elmi qurumun – Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyasının Bakıda təşkil etdiyi birgə simpoziumun digər türk dövlətlərinin elmi qurumları üçün də örnək xarakteri daşıdığını deyib.
Çıxışının sonunda AMEA prezidenti simpoziumun materiallarının elmi məqalələr toplusu şəklində Türkiyədə kitab halında nəşr olunacağını diqqətə çatdırıb.
Daha sonra türk dilində AMEA-nın “Elm” nəşriyyatında çap olunmuş “Bir millət, iki dövlət. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında nitqləri və çıxışları” adlı kitabın təqdimatı olub.
Tarix İnstitutunun direktoru professor Kərim Şükürov kitab barədə məlumat verərək bildirib ki, nəşrə “Ön söz”ü AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yazıb. O, kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında nitqlərinin, çıxışlarının, müdrik və əhəmiyyətli məsləhətlərinin türk dilində yer aldığını diqqətə çatdırıb.
Daha sonra simpozium öz işini bölmə iclasları ilə davam etdirib.
Bölmə iclaslarında “Türkiyə-Azərbaycan əlaqələrinin strateji əsasları” mövzusunda birinci sessiya TÜBA-nın professoru Şener Aktürkün moderatorluğu ilə baş tutub. Sessiyada AMEA-nın A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun direktoru, t.e.d. Kərim Şükürov “Heydər Əliyev: Azərbaycan və Türkiyə Respublikaları arasında müasir münasibətlərin banisi” adlı məruzəsində iki ölkə arasında strateji tərəfdaşlığın banisi kimi Ulu Öndərin siyasi kursunu elmi əsaslarla təhlil edib.
Qeyd edək ki, beynəlxalq tədbir iyunun 22-də başa çatacaq.