05.06.2025 16:58
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor K.K. Şükürov tarixçilərin, etnoloqların elmi ezamiyyət və ekspedisiyalara getməsinə mühüm önəm verir, bunu daha dərin və geniş tədqiqatların aparılmasının əsas elementlərindən biri sayır.
Professor K.Şükürovun təşəbbüsü ilə Atropatena–Albaniya (Qafqaz) şöbəsinin əməkdaşları 2025-ci il 2–4 iyun tarixlərində Şəki rayonuna elmi ezamiyyətə göndəriliblər.
Ezamiyyət ərzində tarixçilər Şəki rayonunun Kiş kəndində yerləşən, xristian aləminin ən qədim ibadətgahlarından biri sayılan Kiş Alban xristian məbədinə baş çəkiblər. Qeyd edək ki, Qafqaz Albaniyasının tarixi və memarlıq xüsusiyyətlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan bu abidədə aparılan arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlər, sərdabələr, şüşədən hazırlanmış bəzək əşyaları, pul vahidləri və sikkələrin üzərindəki təsvirlər və s. kimi maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bu arxeoloji tapıntıların tarixi baxımdan təhlili dövrün dəfn adətləri və mədəni xüsusiyyətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi elmi əhəmiyyətə malikdir.
Bundan başqa, tarixçilər Fazıl kəndində yerləşən “Əbədi Sükut Dünyası – Labirint” (Praktiki Arxeologiya muzeyi) ziyarət ediblər. İndiyədək burada aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkarlanmış müxtəlif tipli qəbirlər dövrün dəfn ənənələrinin və mədəni xüsusiyyətlərinin araşdırılması baxımından olduqca unikal sayılır.
Ezamiyyət müddətində Baş Küngüt və Orta Zəyzid kəndlərində yerləşən Alban məbədlərinə də səfər edilib, məbədlərin qalıqları yerində müşahidə olunaraq elmi müzakirələr aparılıb.
_______________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir