AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstititunun əməkdaşı  beynəlxalq konfransda iştirak edib

07.05.2025 12:34

 AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstititunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Qaraçayevsk şəhərində keçirilən 1941-1945-ci illər müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib. 

     M.Əmrahov konfransda “416-cı Azərbaycan milli atıcı diviziyası Sovet İttifaqının Böyük Vətən müharibəsində” mövzusunda məruzə edib, 416-cı Azərbaycan milli atıcı diviziyasının Şimali Qafqazda 44-cü ordunun, daha sonra 58-ci ordunun tərkibində Mozdok istiqamətində döyüşləri haqqında danışıb.   Taqanroq şəhərini azad edən hərbi hissənin “Taqanroq diviziyası” adına layiq görüldüyünü xatırladıb. Tarix elmlər doktoru bildirib ki,  diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçib, cəbhələrdə 30 ay fasiləsiz döyüşlər aparıb. 
        Bakıdan Praqaya qədər 5000 km yol qət edən diviziya 6 Avropa ölkəsindən – Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını sıradan çıxarıb, 23 minə yaxın əsgər və zabitini məhv edib, 5474 nəfəri əsir götürüb.
       Diviziyanın zabit və əsgərlərindən 5 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Diviziya Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni ilə təltif edilib, Taqonroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə abidəsi ucaldılıb, Taqonroqda, Kiyevdə, Nikolayev, Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib. 
      1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının rolundan bəhs edən M.Əmrahov babalarının döyüş yolunu davam etdirən Azərbaycan Ordusunun əsgərlərinin 44 günlük İkinci Qarabağ-Vətən müharibəsində əldə etdiyi tarixi qələbə haqqında danışıb, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında konfrans iştirakçılarını məlumatlandırıb.
____________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: